İnsanlara hürriyət, millətlərə istiqlal!

İlk çıxışın ismarıcları

(Azərbaycan Prezidentinin Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni illə bağlı müraciətinin (operativ) kulturoloji təhlili)

Prezident İlham Əliyevin 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni illə bağlı müraciəti, Azərbaycanın çağdaş siyasi və mədəni gerçəkliklərini əks etdirən konseptual sənəd dəyərindədir.

Bu müraciət milli həmrəyliyin, dövlətçiliyin və konstruktiv tarixi yaddaşın möhkəmləndirilməsi yönündə çoxistiqamətli ismarıclar ehtiva edir.

1.
Prezidentin müraciətində Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü milli birliyə çağırış kimi təqdim olunur. Bu, dünya azərbaycanlılarının mədəniyyətlərarası dialoqda iştirakını artırmaq və milli identikliyə bağlılığını gücləndirmək məqsədi daşıyır. Həmrəylik konsepti burada bir yandan qloballaşma sürəcində mədəni müxtəlifliyi qorumaq, digər yandan isə mədəni inteqrasiya modeli kimi nəzərdən keçirilir.

WhatsApp Image 2025-01-01 at 10.05.32.jpeg (51 KB)

Müraciət milli-mənəvi dəyərlərin qorunmasının Azərbaycan xalqının mədəni irsini çağdaş dönəmdə də yaşatmağın əsası olduğunu vurğulayır. Burada həmçinin Azərbaycanın tarixi Zəfərindən sonra formalaşan yeni milli kimlik elementlərinin roluna işarə edilir.

2.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin müraciəti işğalçı üzərində hərbi, işğalçının havadarları üzərində mənəvi Zəfərindən sonra Azərbaycanın yeni geosiyasi gerçəkliklərdə mövqeyini möhkəmləndirdiyini göstərir. Bu kontekstdə dövlət başçısı, haqlı olaraq, həm ölkə içində, həm də diasporda həmrəylik ruhunu qorumağın zəruriliyini vurğulayır.

Müraciətdə Qarabağın, Gündoğar Zəngəzurun bərpası, yenidən qurulması sürəci həm Azərbaycanın inkişaf modeli, həm də (necə deyərlər) Zəfər irsinin gələcək nəsillərə ötürülməsi kimi təqdim olunur. Bu yanaşma, ölkəiçi siyasətdə, eləcə də uluslararası aləmdə Azərbaycanın multikultural dəyərlərə söykənən strategiyasını əks etdirir.

3.
Prezidentin ismarıclarında (haqlı olaraq) gələcəyə yönəlik optimist ton nəzərə çarpır. Yeni ilin Azərbaycanın inkişafında yeni bir mərhələ olacağı bildirilir. Bu, çağdaş texnologiyalar və qlobal çağırışlarla sinxronlaşan mədəni-siyasi bir hədəf kimi təqdim edilir.

Həmçinin, müraciət Azərbaycan xalqının daxili potensialına inamı ifadə edir. Burada siyasi liderlik, milli iradə və mədəni irsin yeni dönəmə uyğunlaşdırılması əsas elementlər kimi çıxış edir.

4.
Əlbəttə, Prezident İlham Əliyevin bu müraciətinin öncəki çıxışlarından fərqli aspektləri nəzərdən qaçmamalıdır.

Prezidentin yeni müraciətinin özünəməxsusluğu, tarixi Zəfərdən sonra Azərbaycanın bölgəsəl liderliyinin gücləndiyi və yeni qlobal gerçəkliklərə uyğun bir ölkə modeli təqdim etdiyini vurğulamasıdır. Öncəki illər üzrə müraciətlərdə daha çox Zəfər üçün birgə səylər və milli iradə kimi mövzulara diqqət yetirilirdisə, bu dəfə diqqət artıq qazanılmış Zəfərin idarə olunmasına, davamlı inkişafa və xalqın rifahının təmin edilməsinə yönəlib.

Müraciətin mətni strateji özünəinam və qlobal miqyasda artan nüfuz üzərində qurulub. Bu, Prezidentin həm milli həmrəylik, həm də qlobal işbirliyi arasında balans yaratmağa yönəlik daha geniş və dərin baxışını əks etdirir. Əgər öncəki müraciətlər daha çox milli məsələlərə fokuslanırdısa, indi qlobal çağırışların həllində Azərbaycanın fəal iştirakından bəhs edilir.

Bu ilki müraciət Azərbaycanın həmrəylik konseptini yalnız milli birlik deyil, Dünya Azərbaycanlılarının qlobal mədəni dialoqa töhfəsi baxımından da şərh edir. Prezident Dünya Azərbaycanlılarının təkcə öz köklərinə bağlı qalmaqla deyil, həm də Azərbaycan dəyərlərini uluslararası arenada tanıtmaqla ümumbəşəri mədəniyyətə inteqrasiya etdiyini vurğulayır. Bu, həmrəylik anlayışını daha geniş, geokulturoloji çərçivəyə yerləşdirir.

Fərqli yanaşma, Azərbaycanın uluslararası müstəvidə yeni ideoloji konseptlər təqdim edə biləcək ocağa çevrilməsi yönündə strateji baxışını göstərir. Həmrəylik artıq yalnız milli çərçivədə deyil, Azərbaycanın sivilizasiyalararası körpü rolu üzərindən qlobal səviyyədə yenidən interpretasiya olunur. Heç təsadüfi deyil ki, 2024-cü il Azərbaycan Respublikasında “Yaşıl Dünya naminə Həmrəylik İli”ydi və COP29 onun brilyant qaşı oldu.

Prezidentin çıxışında texnoloji inkişaf və mədəniyyətin birgə inkişaf etdirilməsi ideyası özəl yer tutur. Bu ilki müraciət yeni texnoloji eranın çağırışlarına cavab olaraq, Azərbaycanın mədəni irsini yeniliklərlə birləşdirən strateji yol xəritəsini nəzərdə tutur. Bu, həm Qarabağda, Gündoğar Zəngəzurda həyata keçirilən “ağıllı kənd/şəhər”lər, həm də Azərbaycanın qlobal rəqabətdə dayanıqlı mədəni mövqeyinin təmin olunması ilə bağlıdır.

5.
Prezident İlham Əliyevin müraciəti yalnız milli auditoriyaya deyil, bütün azərbaycanlılara və dünya ictimaiyyətinə ünvanlanmış universal bir ismarıcdır. Bu, həmrəylik, sülh və gələcək üçün işbirliyi ruhunu vurğulamaqla, Azərbaycanın qlobal mədəniyyətlərarası dialoqun qurulmasında oynadığı önəmli rolu önə çıxarır. Bu yanaşma, müraciəti təkcə milli təbrik deyil, həm də qlobal həmrəylik çağırışı səviyyəsinə, səciyyəsinə qaldırır.

DÖVLƏTİMİZ ZAVAL GÖRMƏSİN!

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Yanvar 2025

BÜTÜN XƏBƏRLƏR