Onlayn ictimai-siyasi qəzet
İLK YAYIM SAATI: 12 avqust, 23:55
Xalq artisti Bilal Əliyevin mərhum Xalq artistləri Siyavuş Aslan, İlhamə Quliyeva, Xalq artistləri Səkinə İsmayılova, Afaq Bəşirqızı, Məleykə Əsədova, Əməkdar artist Gülüstan Əliyeva və başqalarının yer aldığı arxiv fotoları paylaşması diqqət çəkib.
Musavat.com olaraq Bilal Əliyevlə onun paylaşdığı fotoların mahiyyəti və digər suallar ətrafında söhbət etdik.
- Bilal bəy, paylaşdığınız fotolar hansı özəlliyinə görə digərlərindən seçilir? İncəsənət nəhəngləri ilə münasibətləriniz necə olub?
- İncəsənət aləmində elə bir insan yoxdur ki, mənim onunla əlaqəm pis olsun. Bütün incəsənət adamları ilə əlaqəm çox gözəl olub. Azərbaycanın qaymaq sənətkarlarının böyük bir hissəsi dünyasını dəyişib. Qəlbimdə onların böyük yeri var. Mən hər gün o sənət dostlarımın ruhlarının qarşısında böyük ehtiram və sayğı ilə baş əyirəm, imkan daxilində onlar üçün Quran, Yasin, İxlas surəsi oxuyuram. Onlar Azərbaycan mədəniyyətinə çox böyük töhfələr vermiş insanlardır. Onlar təkcə mənim yox, bütün Azərbaycan xalqının qəlbində yaşayan insanlardır.
Hamısı ilə xoş xatirələrim var. Hərəsinin öz yeri var. Siyavuş Aslanla, Yaşar Nuri, İlhamə Quliyeva, Məmmədbağır Bağırzadə ilə çox yaxın olmuşam.
Məmmədbağır Bağırzadə, Zöhrə Abdullayeva mənim toyumda iştirak ediblər. Zöhrə Abdullayeva ilə Türkiyədə saysız-hesabsız səfərlərdə olmuşuq. Səkinə İsmayılova ilə xarici səfərlərdə olmuşuq. Azərbaycanı təbliğ etmişik.
Rəşid Behbudovun kollektivində Səbinə İlyasova ilə bərabər çalışmışıq, duetlərimiz olub.
- İlhamə Quliyeva ilə bağlı hansı xatirələriniz var?
- İlhamə xanımla Azərbaycanın demək olar ki, bütün bölgələrində silsilə konsertlərimiz olub. O bilirdi ki, mən gözəl sənətkaram, muğamlarımızı dəqiq bilirəm. Estradanı çox gözəl bilirəm, vakalı çox qəşəng bilirəm, rok, rep.
Yəni hamısını bilən adamam. Ona görə də İlhamə xanım həmişə mənə ehtiramla yanaşırdı. Onlar həm öz yerlərini bilirdilər, həm də mənim yerimi bilirdilər. İlhamə xanım Azərbaycanın bölgələrinə həmişə mənimlə gedərdi, mənimlə eyni masada əyləşib yemək yeyərdi. Sənət yolunda daim mütaliələr edirdik.
- Yaradıcılığınız nə yerdədir?
- Yeni mahnılarım var. Bəstəkar kimi də fəaliyyət göstərirəm. Mahnılar yazıb, ifa etmişəm. Yaxın sənət dostlarımdan 1-2 nəfər də məndən xahiş ediblər, onlara mahnı vermişəm. Böyük qələbəmizə aid gözəl bir əsər hazırlamışam.
- Qarabağı görə bilmisiz?
- Azad edilən torpaqlarımızda olmamışam. Arzum odur ki, bütün keçmiş köçkünlər öz yurdlarına qayıtsınlar. Biz də ora gedib silsilə konsertlər verək. Cənab Prezidentə demişdim ki, “inşallah qaçqın, köçkünlərin hamısı yurdlarına qayıtsınlar, arzumdur ki, mən sizinlə gözəl Qarabağımızda görüşəm, orada silsilə konsertlər verəm”. Mən o günü gözləyirəm ki, hamı köçüb getsin öz yurduna, sonra mən ora gedim. Zülmlə qovulan insanlarımız öz torpaqlarına dönmədən mən hansı üzlə ora gedim? Orada konsert verim, yaxud şəkil çəkdirim. Mən ora hər gün gedə bilərəm. Həm dövlət tədbirlərində gedib iştirak edə bilərəm, həm də bilirsiniz ki, bütün Azərbaycan xalqı məni çox istəyir. Oradan insanlardan mənə təklif gəlsə, qonaq dəvət etsələr gedə bilərəm. Amma mənim arzularım var – hamı köçüb getsin, sonra gedəcəm.
Qarabağın gözü Şuşadır. Sovet hökumətinin vaxtında o bölgələrin hamısında – Şuşada, Laçında, Füzulidə, Ağdamda, Zəngilanda, Qubadlıda, Xocalıda olmuşam. Xocalıda toylarda olmuşam. O torpaqların hamısı mənim üçün əzizdir. Mən Kəbə evinə bayraq aparıb niyyət etmişəm, onu saxlamışam ki, inşallah o torpaqlara gedəndə gözəl Şuşamızda İsa bulağının üstündən asım.
- “TikTok” fəaliyyətiniz necə gedir?
- Mən “TikTok”a girəndə böyük bir ziyalı qrupumuz hələ bu şəbəkədə yox idi. Mən onu göstərmək istədim ki, burada o qədər şərəfsiz insanlar var ki, ağzını açıb qoyub havada, nə istəyirlər, onu da danışırlar. Bütün Azərbaycan ziyalıları bilməlidir ki, belə bir şəbəkə var. Biz “TikTok”u sahibsiz qoya bilmərik, orada da fəaliyyət göstərməliyik ki, lazım olan adamların cavablarını vaxtında verə bilək. Ona görə də mən “TikTok”a girdim və öz təbliğatımı apardım, sözümü insanlara dedim, mesajlarımı göndərdim. Sizin şərəfiniz, vicdanınız yoxdur, Azərbaycan dövləti inkişaf etdiyi bir vaxtda vətən xainlərisiniz. Gedib orda-burda oturub Azərbaycanın əleyhinə danışan şərəfsiz insanlarsınız. Vicdanını qəpik-quruşa satan adamlarsınız. Ailənizi, həyat yoldaşınızı, körpə qız uşaqlarınızı söyüb biabır edirlər. Sizin boyunuzu yerə soxum, Azərbaycanın əleyhinə danışan insanlar. Onların cavablarını tamamilə verdim. Ondan sonra “TikTok”dan çıxdım, canlı yayım açmadım. Bütün ziyalılarımıza, millət vəkillərinə müraciət edirəm – hamınız bu şəbəkəni əhatə edin! Sözünüzü deyin. Onlar elə vicdansız hərəkət edirlər ki, biz məcburuq onların qarşısına çıxıb göstərək ki, dünyanın neçə bucağı var. Onların bu Vətəndə yaşamağa haqqı yoxdur. Yenə də hazır dayanmışam, əgər öz millətinin əleyhinə şişirdilmiş, şərəfsiz hərəkətlər olsa, yenə canlı açacağam. Xalqımızın böyük bir hissəsi mənim sözümü eşidir. Onlar mənim göstərdiyim yola inanırlar, bilirlər ki, göstərdiyim yol haqq-ədalət yoludur.
- “TikTok dilənçiləri”nə münasibətiniz...
- “TikTok dilənçiliyi” yaxşı bir şey deyil. Biri söyüş söyür, onu da qarşılıqlı söyürlər. Əgər birinin həyat yoldaşını, ailəsini təhqir edirsə, onun da ailəsini söyürlər. Tüpürüm o pula ki, hər şeyimi ona satacam. Elə işləmək lazımdır ki, ailənə, el-obana xələl gəlməsin. Adam özünə hörmət qoyar.
Biabırçılıq baş alıb gedir. Bu dəqiqə hər yan kameradır, hər şey qeyd olunur. Nə qədər insan biabır olub. Yaxşı bilirsiniz ki, bizi peykdən də müşayiət edirlər. Atdığımız hər addıma nəzarət etməliyik.
Aytən Novruz
Musavat.com
21 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ