İnsanlara hürriyət, millətlərə istiqlal!

İlham Əliyevdən Qərb paytaxtlarına sərt mesaj - Minsk Qrupunu “diriltmək” istəyənlər...

Prezident xəbərdarlıq edir ki, regiondakı gərginliyə görə bu formatın bərpasını arzulayanlar da məsuliyyət daşıyacaq, seçim Vaşinqtonundur - deputatla politoloqun mövqeyi

Son günlər Ermənistanın tarix olmuş Minsk Qrupunu “diriltmək” cəhdlərinə bəzi beynəlxalq güclərin də dəstəyi artıb. Bu sırada xüsusilə ABŞ-ın fəallığı nəzərə çarpır.

“Yeni Müsavat” yada salır ki, bir neçə gün əvvəl regionda səfərdə olan ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfrid AzadlıqRadiosunun Ermənistan xidmətinə müsahibəsində “Birləşmiş Ştatlar Minsk Qrupu həmsədrliyinə dəstək barədə danışmaqda davam edirlər” söyləmişdi. Sitat: “ABŞ Dağlıq Qarabağ məsələsində vacib rol oynayan Minsk Qrupu həmsədrlərindən biridir. Biz əvvəlki kimi bu prosesə sadiqik. Hesab edirəm ki, bu, region üçün vacib məqamdır və biz sülhə nail olmaqda Ermənistana kömək üçün mümkün olanı edəcəyik”.

Dövlət katibinin köməkçisi Vaşinqtonun Ukraynaya qarşı müharibə fonunda Minsk Qrupunda həmsədrlik formatını dayandırması fikri ilə razılaşmayıb. “Bu doğru deyil. ABŞ bəyan edir ki, Minsk Qrupunun həmsədrliyi prosesini dəstəkləyir. Biz əvvəlki kimi, bunu özəlliklə Dağlıq Qarabağ məsələsində vacib format hesab edirik. Sülhü irəli aparmaq üçün müxtəlif formatları qoruyub saxlamağımız çox vacibdir. Bunu gələcəkdə də edəcəyik”, - Donfrid vurğulayıb. Azərbaycan Prezidentinin bu məsələdə mövqeyi bəllidir, Rusiya da reallığı qəbul edir. Amma göründüyü kimi, Ermənistan bu məsələdə özünə tərəfdarlar toplayır, sanki Bakı və Moskva əleyhinə “həmsədrlər koalisiyası” yaratmaq üçün fəaliyyətə keçib ki, buna cavabı Azərbaycan Prezidenti verib.

Hətta bu dəfə daha sərt şəkildə bəyan edib ki, “ATƏT-in Minsk Qrupu ilə bağlı hər hansı spekulyasiya nəinki qeyri-məhsuldardır, eyni zamanda regionda mümkün sülhün bərqərar olması üçün dağıdıcı təsirə malikdir”. Ölkə başçısı Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin Bakı konfransında çıxışında vurğulayıb ki, Minsk Qrupu bu münaqişənin əbədi olmasını istəyənlərin əlində alət olub: “ATƏT 1992-ci ildə Minsk Qrupunu təsis etdi və o, bu münaqişənin həll yolunu tapmalı idi. Yəni işğala son qoyulmalı idi. Əksinə, Minsk Qrupu bu münaqişənin əbədi olmasını istəyənlərin əlində alətə çevrildi. Bu gün Azərbaycanın münaqişəni həll etməsindən, işğala son qoymasından, özünün ərazi bütövlüyünü hərbi-siyasi yollarla bərpa etməsindən sonra Minsk Qrupuna ehtiyac yoxdur. Biz Minsk Qrupuna artıq əlvida demişik. Təəssüflər olsun ki, Ermənistan və digərləri onu həyata qaytarmağa çalışır. Lakin bu, mümkünsüzdür. O, artıq ölüb. İşğaldan əziyyət çəkmiş ölkə kimi biz bunu açıq şəkildə bəyan edirik. Düşünürəm ki, ATƏT-in Minsk Qrupu ilə bağlı hər hansı spekulyasiya nəinki qeyri-məhsuldardır, eyni zamanda, regionda mümkün sülhün bərqərar olması üçün dağıdıcı təsirə malikdir.”

Göründüyü kimi, bu dəfə Prezidentin mövqeyi əvvəlkindən daha sərtdir. Dövlət başçısı konkret ad çəkməyə lüzum görməsə də, aydındır ki, Minsk Qrupunu diriltmək istəyənlərə “regionda mümkün sülhün bərqərar olması üçün dağıdıcı təsirə malikdir” mesajının konkret ünvanları var. Bu sırada təəssüf ki, Azərbaycanı strateji müttəfiq hesab etdiyini açıqlayan ABŞ da var. Prezident artıq o mesajı göndərir ki, gələcəkdə regiondakı hər hansı gərginliyə görə Ermənistana Minsk Qrupunu “diriltmək” istəyənlər də məsuliyyət daşıyacaq. Bəs mesajı göndərildiyi ünvanlar bundan sonra “ağıllanacaqlarmı?”

Aydın Mirzəzadə

Deputat Aydın Mirzəzadə “Yeni Müsavat”a qeyd etdi ki, bu, ABŞ-ın hər iki tərəflə bərabər münasibət saxlamaq istəyindən irəli gələ bilər. A.Mirzəzadənin sözlərinə görə, Ermənistan Minsk Qrupunu reanimasiya etməyə çalışır və bu addımları Azərbaycan ərazisində süni surətdə erməni avtonomiyası yaratmağa hesablanıb: “Lakin ərazilərimizdə hər hansı muxtariyyətə ehtiyac yoxdur və bu ölkədə olan vətəndaşların hamısı bərabərhüquqludur. Eyni zamanda Azərbaycanın bu məsələyə dəfələrlə rəsmi cavabı olub. Çünki Minsk Qrupu öz vəzifəsini yerinə yetirmədən missiyasını başa vurub və tarixdə missiyasını icra edə bilməyən qurum kimi qalmaqdadır”.

Deputat hesab edir ki, Minsk formatı münaqişənin həllində maraqlı deyildi, işğal edənlə işğala məruz qalanı tərəzinin bir gözünə qoymuşdu, BMT Təhlükəsizlik Şurasının qətnamələrini icra etmək üçün də heç bir addım atmadı, nəticədə onun edə bilmədiyini Azərbaycan reallaşdırdı: “Ona görə ATƏT-in Minsk Qrupuna ehtiyac görmürük. Bu gün Azərbaycan Ermənistanla münasibətlərin normallaşması üçün birbaşa əlaqələr qurmağa hazır olduğunu bildirir. Əgər problem həll edilibsə, köhnə mexanizmin bərpasına zərurət yoxdur. Ərazi bütövlüyümüz bərpa olunub, bir hissəsində sülhməramlılar yerləşib və bu ərazilər də tam suverenliyimizə keçəcək. Həmçinin Ermənistana 5 bəndlik sülh təklifi göndərilib, di gəl, revanşizm əhval-ruhiyyəsi səngimir, danışıqlar ləng gedir, amma İrəvan gec-tez bizim ərazi bütövlüyümüzü tanımağa məcbur olacaq. Əgər 90-cı illərin ritorikasına qayıdılacaqsa, Azərbaycanın buna cavab verməyə gücü var. Beynəlxalq dəstək də bizim yanımızdadır, o cümlədən regionda yenidən münaqişə süni şəkildə alovlanacaqsa, cənab Prezidentin də dediyi kimi, bunun  məsuliyyətini Ermənistanla yanaşı Minsk Qrupunu bərpa etmək istəyənlər də daşıyacaqlar”.

Çin hökuməti yenidən koronavirusla üz-üzə - Elxan Şahinoğlu yazır

Elxan Şahinoğlu

Politoloq Elxan Şahinoğlunun fikrincə, Azərbaycan Xarici İşlər Nazirliyinin “Minsk Qrupunun həmsədri” titulunu daşıyan heç bir diplomatın Bakıda qəbul edilməyəcəyi ilə bağlı əhatəli bəyanat yayması faydalı olardı: “Moskva Minsk Qrupundan imtina edib, Brüssel də vasitəçilik fəaliyyətində bu qrupun fəaliyyətini davam etdirməsi mövzusuna toxunmağı lazım bilmir, hətta Paris bu məsələdə israrlı deyil. Yeganə Vaşinqtondur ki, həmsədrlərin fəaliyyətini davam etdirməsini istəyir. Bu istək Ermənistanın baş naziri Nikol Paşinyanın Qarabağ məsələsinə qarışmasına, eyni zamanda erməni separatizmini cəsarətləndirir. Deməli, diplomatiyamızın hədəfi Vaşinqtonla izahat işinin genişləndirilməsi olmalıdır. Onlara izah edilməlidir ki, Vaşinqtonun həmsədrlik məsələsində israrı Azərbaycan-ABŞ münasibətlərinə mənfi təsir edəcək, Rusiyanın bölgədə mövqelərini gücləndirəcək, bölgədə sabitliyə və sülhə əngəl olacaq. Seçim Vaşinqtonundur!”

Emil SALAMOĞLU
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR