Onlayn ictimai-siyasi qəzet
“Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev Azərbaycandan sonra Ermənistana da səfər edə bilər”.
Siyasi şərhçi Heydər Oğuz Musavat.com-a açıqlamasında belə deyib.
O xatırladıb ki, Qazaxıstan prezidentinin Bakıya səfərindən bir ay əvvəl erməni mediası bu barədə məlumat yaymışdı:
“Ötən ayın ilk yarısında dərc olunan məlumatlarda Tokayevin Ermənistana səfər planlaşdırdığı və səfər çərçivəsində tərəflərin bir sıra infrastruktur və regionlararası əməkdaşlıq məsələlərini müzakirə edəcəyi bildirilirdi. Bu mənada Tokayevin Bakıdan sonra İrəvana getməsi mümkündür və sürpriz sayılmamalıdır”.
Bununla belə, həmsöhbətimiz bəzi çevrələrin bu səfəri yalnız erməni əsirlərin qarşılıqsız Ermənistana təhvil verilməsi məqsədi daşıması ilə əlaqələndirməsilə də razılaşmır.
Ekspert hesab edir ki, Tokayevin apardığı danışıqların nəticəsindən asılı olaraq Azərbaycan erməni əsirləri də İrəvana təhvil verə bilər:
“Amma bu, Tokayev xahiş etdi deyə həyata keçirilməz. Ən azı ona görə ki, Tokayev prezidentdən öncə ciddi diplomatdır və ciddi diplomat kimi rəsmi Bakının həssasiyyətini anlayır. Bilir ki, Azərbaycan tam sülh əldə etməyənədək erməni əsirlərini İrəvana verməz. Prinsipcə, Azərbaycan Prezidenti İlham Əliyev də Tokayevlə görüşündə bu məqama eyham vurmuşdu. Transxəzər nəqliyyat dəhlizinin artıq reallığa çevrilməsini və bunun regional əməkdaşlığın səviyyəsindən irəli gəldiyini vurğulayan İlham Əliyev açıq şəkildə qeyd etmişdi ki, “qonşularla yaxşı münasibət qurmadan tranzit ölkə olmaq mümkün deyil”.
Bununla yanaşı, İlham Əliyev həmin bəyanatında Tokayevlə görüşdə Ermənistanla bağlı müzakirə apardıqlarını da gizlətməmişdi. Demişdi ki, biz “bu gün Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması məsələsini də ətraflı müzakirə etdik. Mən həmkarıma danışıqlar prosesinin hazırkı mərhələsi, sülh sazişinin imzalanması perspektivləri haqqında məlumat verdim. Azərbaycan bu məsələdə maraqlıdır və əslində məhz Azərbaycan sülh sazişinə dair danışıqlar prosesinin əvvəlindən təşəbbüskar olub””.
Heydər Oğuzun fikrincə, Prezidentin tranzit ölkə olmağın şərtləri ilə bağlı fikirləri gəlişigözəl sözlər deyildi, əslində Ermənistana göndərilmiş bir mesaj idi:
“Bununla sanki o, Qazaxıstanla Azərbaycan münasibətlərini nümunə göstərərək, İrəvana başa salmaq istəmişdi ki, sən də Transxəzər layihəsinin gətirdiyi faydalardan yararlanmaq istəyirsənsə, ilk növbədə qonşularla münasibətlərini tənzimləməli, sülh danışıqlarında hər kəsdən daha çox maraqlı olmalısan”.
Heydər Oğuz Tokayevin Azərbaycana səfərinin əsl niyyətinin məhz bu cümlədə gizləndiyinə inanır. Onun fikrincə, Tokayev də, Azərbaycan Prezidenti də Transxəzər layihəsinin effektivliyini artırmaq üçün Ermənistanın bu layihədə iştirakını arzulayırlar:
“Bunun bir neçə səbəbi var. İlk səbəb Zəngəzur dəhlizinin açılması ilə Transxəzər layihəsinin məsafəcə qısalması və daha rentabelli hala gəlməsi ehtimalıyla bağlıdır. Sirr deyil ki, Zəngəzur dəhlizi açılarsa, Çindən Avropaya qədər uzanacaq bu kommunikasiya əlaqəsi 300 kilometr daha qısalacaq. Nəzərə alsaq ki, hazırda Gürcüstan üzərindən keçməsi planlaşdırılan Orta dəhlizin ümumi uzunluğu 7000 kilometrdir, 300 kilometrlik qısa marşrut hardasa 5 faiz qənaət, rentabel anlamına gəlir. Rentabellilik isə bu cür layihələrdə həyati əhəmiyyət daşıyır”.
Siyasi şərhçi hesab edir ki, Ermənistanın bu layihəyə cəlb olunmasının ikinci mühüm avantajı marşrutun diversifikasiyası, şaxələnməsidir. Diversifikasiya imkanlarının istənilən layihənin riskini azaltdığını və onu daha geniş rəqabət potensialına qovuşdurduğunu nəzərə çatdıran Heydər Oğuzun fikrincə, bu həm də layihənin təhlükəsizliyinə təminat verir:
“Bilirsiniz ki, hazırda neft və qaz kəmərlərimiz kimi, Orta dəhliz də Gürcüstan üzərindən keçib Türkiyəyə və Avropaya uzanır. Bu da istər-istəməz Gürcüstanı bu layihədə əsas söz sahibinə çevirə bilər. Sabah Azərbaycanla Gürcüstan arasında problem yaranarsa, həmin layihələrin də təhlükə altına düşmək ehtimalı var. Üstəlik, alternativ keçidlərin olması tranzit ölkələr arasında rəqabəti artırır və nəticədə daşımaçılıq xərclərini ucuzlaşdırır. Təbii ki, istər Azərbaycan, istərsə də Gürcüstan bu alternativdə maraqlıdır və İlham Əliyev də Tokayevlə birgə bəyanatında bu faktı gizləmirdi”.
Ekspert bildirib ki, Azərbaycanın digər tələbi Naxçıvana keçirilən mallardan tranzit rüsumunun alınmaması və heç bir yoxlanışın aparılmamasıdır:
“Məlum olduğu kimi, Prezident İlham Əliyev Azərbaycanın bu tələbini açıq şəkildə dilə gətirib və deyib ki, Zəngəzur dəhlizində 2 tranzit rejimi tətbiq olunmalıdır. Bunlardan biri sırf Naxçıvan üçün nəzərdə tutulur. Azərbaycanın materik hissəsindən Naxçıvana daşınan mallardan heç bir rüsum alınmamalıdır. Digər tranzit rejimi isə beynəlxalq daşımaçılıqla bağlıdır. Orta Asiyadan və ya elə Azərbaycandan Türkiyəyə, eləcə də Avropaya nəql olunan mallar isə təbii ki, adi qaydada gömrük rüsumu ödəməlidir. Hərçənd ki, Ermənistan bu tələblə hələ ki, razılaşmaq istəmir, amma bu oyunpozanlıq onu tranzit ölkəyə çevrilmək şansından məhrum edə bilər”.
Siyasi şərhçinin fikrincə, Ermənistanın da bu layihəyə qoşulmasını zəruri edən digər amil beynəlxalq tərəfdaşlarımızın tələbidir:
“Sirr deyil ki, xüsusilə avropalı tərəfdaşlarımız Cənubi Qafqazın Rusiyanın təsir dairəsindən tamamilə çıxması üçün Ermənistanı da iqtisadi cəhətdən özlərinə bağlamağa çalışırlar. Çünki istənilən inteqrasiyanın iqtisadi əsası yoxdursa, onun siyasi perspektivi də şübhə doğurur. Bu gün iqtisadiyyatının 80 faizi Rusiyaya bağlı olan, öz enerjisini “Qazprom”dan alan, dəmiryolu xətləri belə rus şirkətləri tərəfindən idarə olunan Ermənistan nə qədər siyasi islahat aparırsa aparsın, boğazı Moskvanın əlindədir və istənilən an Kreml onu boğub hər şeyin üstündən xətt çəkə bilər. Bu baxımdan demokratik Ermənistanın siyasi müstəqilliyi, təhlükəsizliyi, suverenliyi əslində Orta dəhlizdə əsas söz sahibi olan Azərbaycandan və Türkiyədən asılıdır”.
Bununla belə, indiki şəraitdə Ermənistanın Orta dəhlizə qoşulma şansının olmadığına inanan Heydər Oğuzun fikrincə, rəsmi İrəvanın qarşısında bu avantajı əldə etmək üçün yerinə yetirməli olduğu, amma hələ də yetirə bilmədiyi bəzi öhdəliklər var:
“Həmin öhdəliklərdən bəziləri Azərbaycan və Türkiyənin irəli sürdüyü tələblərdir. Tələblərimizdən biri onun Konstitusiyasından həm bizə, həm də qardaş ölkəyə qarşı irəli sürülən ərazi iddialarını çıxarmaqdır. İrəvan başa düşməlidir ki, beynəlxalq hüquqda yeri olmayan bu absurd iddialar Ermənistanın Qərbə inteqrasiyasının qarşısını almaq üçün Rusiya tərəfindən qəsdən salınıb. Məqsəd, təbii ki, onun Qərblə Şərq arasında körpü rolu oynamaq potensialını sıfıra endirməkdir. Paşinyan hakimiyyəti əgər doğrudan da Rusiyadan qopmaqda maraqlıdırsa, ilk növbədə Moskvanın bu fitnəsini ortadan qaldırmalıdır. Digər tələbimiz Ermənistanın əlində olan kəndlərin geri qaytarılması və aramızdakı bütün mübahisələrə son qoyulmasıdır. Prezident İlham Əliyev məhz bu səbəbdən Tokayevlə görüşündə Qazaxıstanla Azərbaycan arasındakı münasibətləri misal gətirib, adını çəkmədən Paşinyana tranzit ölkə olmağın yolunu göstərən mesaj ünvanlamışdı”.
Heydər Oğuz hesab edir ki, Qərbin Ermənistandan tələbi isə rus əsgərlərini öz ölkəsindən çıxarmasıdır:
“Bu da başa düşüləndir. İstənilən ölkə iqtisadi təhlükəsizliyini təminat altına almaq üçün öz kommunikasiya əlaqələri üzərində düşmən qüvvələrin hərbi nəzarətini arzulamaz. Avropa da, yeri gələndə Çin də bunu arzulamır. Üstəlik, həmin kommunikasiya xətləri təkcə mülki mallar daşımayacaq. Yeri gələndə hərbi məqsədlər üçün də istifadə oluna bilər”.
Siyasi şərhçinin bildirdiyinə görə, Paşinyan da Ermənistan parlamentində siyasi partiya liderləri ilə görüşündə rus əsgərlərinin ölkədən çıxarılmasının Qərb tərəfindən tələb olunduğunu rəsmən etiraf edib və hazırda sözügedən istiqamətdə bir sıra addımlar atmağa çalışır:
“Məsələn, rus sərhədçilərinin Ermənistandan çıxarılması barədə qərar bu istiqamətdə atılmış ciddi addımlardan biridir. Yəqin ki, yaxın gələcəkdə biz Ermənistanda Konstitusiya dəyişikliyi barədə də məlumatlar eşidəcəyik”.
E.MƏMMƏDƏLİYEV,
Musavat.com
27 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ