Onlayn ictimai-siyasi qəzet
Prezident İlham Əliyev noyabrın 6-da Bişkekdə keçirilən Türk Dövlətləri Təşkilatı Dövlət Başçılarının 11-ci Zirvə görüşündə çıxış edərək mühüm açıqlamalar verdi.
Musavat.com prezidentin çıxışından önəmli məqamları diqqətə çatdırır.
Azərbaycan Prezidenti bildirdi ki, Türk Dünyası ölkələri arasında əməkdaşlıq inkişaf edir:
“Bu, mənim son iki ildə Qırğız Respublikasına üçüncü səfərimdir. Hər səfərimdə Sadır Nurqojoyeviçin rəhbərliyi ilə ölkədə inkişafın şahidi oluram. Əldə edilmiş bütün uğurlar münasibətilə qardaş Qırğızıstanı təbrik edirəm”.
Naxçıvan Sazişi haqqında danışan dövlət başçısı qeyd etdi ki, bu saziş Türk Dövlətləri Təşkilatının əsasını qoydu:
“Bu il Türk Dövlətləri Təşkilatının əsasını qoymuş Naxçıvan Sazişinin 15-ci ildönümüdür. Təşkilatımız bu dövr ərzində uğurlu inkişaf yolu keçib. İyul ayında Şuşa şəhərində keçirilmiş Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə imzalanmış Qarabağ Bəyannaməsi əməkdaşlığın daha da dərinləşməsinə töhfə verir. Azərbaycan Türk Dövlətləri Təşkilatının möhkəmlənməsi istiqamətində səylərini bundan sonra da davam etdirəcək”.
Musavat.com diqqətə çatdırır ki, Naxçıvan Sazişi Türk Dövlətləri Təşkilatının (TDT) əsasını qoyan və türk dövlətləri arasında əməkdaşlığı daha da gücləndirmək məqsədilə imzalanan mühüm bir sənəddir. Bu saziş 3 oktyabr 2009-cu ildə Azərbaycanın Naxçıvan şəhərində keçirilən Türk Dövlətləri Zirvə görüşündə imzalanıb və Türk Dövlətləri Təşkilatının (əvvəlki adıyla Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası - TDƏŞ) yaradılmasının hüquqi təməlini qoyub.
Naxçıvan sazişinin əsas məqsəd və hədəfi
Naxçıvan Sazişinin məqsədi türk dövlətləri arasında siyasi, iqtisadi, mədəni və digər sahələrdə əməkdaşlığı gücləndirmək, ortaq maraqlar əsasında birgə layihələr həyata keçirmək və beynəlxalq arenada daha güclü bir birlik yaratmaqdır. Bu sənəd Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstan liderlərinin imzaları ilə təsdiqlənib və təşkilatın əsas prinsipləri ilə bağlı bir çərçivə yaradıb.
Sazişə əsasən, Türk Dövlətləri Təşkilatı aşağıdakı prinsiplər üzərində qurulub:
1. Ortaq mədəni irsin qorunması və təbliği: Türk dünyasının mədəni, dil və tarixi irsinin qorunması və dünya miqyasında təbliği.
2. Regional sülh və təhlükəsizlik: Regionda sabitlik və təhlükəsizliyin təmin olunması üçün əməkdaşlıq.
3. İqtisadi Əməkdaşlıq: Ticarət, iqtisadiyyat, nəqliyyat, enerji və infrastruktur sahələrində birgə layihələrin həyata keçirilməsi.
4. Mədəni və humanitar əlaqələr: Təhsil, elm və mədəniyyət sahələrində birgə proqramların təşkili.
5. Beynəlxalq əlaqələrin gücləndirilməsi: Türk dövlətlərinin beynəlxalq təşkilatlar qarşısında birgə fəaliyyət göstərməsi...
Prezident İlham Əliyev çıxışında vurğuladı ki, Azərbaycan Türk Dövlətləri Təşkilatına maliyyə dəstəyi verəcək:
“Türk Dövlətləri Təşkilatının mövcud büdcəsi qarşıya qoyduğumuz hədəflərin həyata keçirilməsi üçün yetərli deyildir. Ümid edirəm ki, Azərbaycanın Türk Dövlətləri Təşkilatının Katibliyinə 2 milyon və Ağsaqqallar Şurasına 100 min ABŞ dolları məbləğində maliyyə dəstəyi təşkilatın potensialının daha da güclənməsinə töhfə verəcək”.
Prezident söylədi ki, təhlükəsizlik və müdafiə sənayesi sahələrində əməkdaşlığımız böyük əhəmiyyət daşıyır:
“Hazırda dünyada artan təhlükələri nəzərə alaraq müdafiə, təhlükəsizlik və müdafiə sənayesi sahələrində əməkdaşlığımız böyük əhəmiyyət daşıyır. Son dövrlər hüquq-mühafizə və təhlükəsizlik orqanlarımız arasında əməkdaşlıq daha da genişlənib. Ölkələrimizin silahlı qüvvələrinin iştirakı ilə hərbi təlimlər keçirilir. Hərbi təhsil müəssisələrimizdə qardaş ölkələrin müdavimlərinin təhsil alması qarşılıqlı etimadın və dostluğun göstəricisidir”.
Şərq-Qərb nəqliyyat dəhlizindən danışan ölkə başçısı bildirdi ki, bu dəhlizlə Azərbaycan ərazisi üzrə daşımalar daha da artıb:
“Son dövrlər Şərq-Qərb nəqliyyat dəhlizi ilə Azərbaycan ərazisi üzrə daşımalar daha da artıb. Mərkəzi Asiya ölkələri ilə Türkiyəni Azərbaycan üzərindən bağlayan bu dəhlizin ötürmə qabiliyyətinin yüksəldilməsi üçün Azərbaycan öz sərmayələrini artırır. 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 2024-cü ilin yanvar-sentyabr aylarında üzv və müşahidəçi dövlətlər ilə tranzit daşımalarının həcmində 15 faizə yaxın artım müşahidə edilir. Hazırda Orta Dəhlizin rəqəmsallaşdırılması və ticarətin asanlaşdırılması istiqamətində bir sıra layihələr icra olunur. Bu layihələr logistika səmərəliliyinin artırılmasına və xərclərin azaldılmasına təsir edəcək”.
Məlumat üçün bildirək ki, Şərq-Qərb nəqliyyat dəhlizi Asiya ilə Avropanı birləşdirən strateji bir nəqliyyat yoludur və qlobal ticarət üçün böyük əhəmiyyət daşıyır. Bu dəhliz Çindən başlayaraq Qazaxıstan, Xəzər dənizi, Azərbaycan, Gürcüstan və Türkiyə üzərindən Avropaya uzanır və “Orta Dəhliz” adı ilə də tanınır. Azərbaycan son illərdə bu dəhlizin inkişafına böyük sərmayələr yatırıb və öz ərazisi üzrə nəqliyyat infrastrukturunu gücləndirib. Rəqəmsallaşma və gömrük prosedurlarının asanlaşdırılması kimi layihələr də dəhlizin səmərəliliyini artırmağa yönəlib. Bu dəhliz həmçinin, Şimal-Cənub nəqliyyat dəhlizi ilə birlikdə regionda ticarət əlaqələrini daha da gücləndirir və Azərbaycanın nəqliyyat qovşağı kimi rolunu möhkəmləndirir.
Azərbaycan Prezidenti çıxışı zamanı işğaldan azad edilən ərazilərimizdə görülən işlərə də toxundu. Ölkə başçısı bildirdi ki, işğaldan azad olunan ərazilərdə genişmiqyaslı yenidənqurma və bərpa layihələri həyata keçirilir:
“Ötən ilin sentyabr ayında Azərbaycan öz suverenliyini tam bərpa etdi. Ermənistan 30 il davam edən işğal dövründə bu ərazilərdə 9 şəhərimizi və yüzlərlə kəndimizi tamamilə məhv edib. İşğaldan azad olunan ərazilərdə indi genişmiqyaslı yenidənqurma və bərpa layihələri həyata keçirilir, eyni zamanda, Böyük Qayıdış Proqramının icrası çərçivəsində keçmiş məcburi köçkünlər öz doğma yurdlarına geri dönürlər”.
Prezident qeyd etdi ki, Türk Dövlətləri Təşkilatına üzv olan dövlətlər sözdə yox, əməldə Azərbaycanın yanındadır:
“Fürsətdən istifadə edərək, Özbəkistan, Qazaxıstan, Qırğızıstan və Macarıstanın dövlət və hökumət başçılarına azad olunmuş ərazilərdə qardaşlıq hədiyyəsi olan məktəbə və yaradıcılıq mərkəzinə, eləcə də tikiləcək məktəblərə görə bir daha təşəkkürümü bildirmək istərdim”.
Məlum olduğu kimi, Azərbaycan gələn həftə BMT-nin iqlim dəyişikliyi ilə bağlı 29-cu Konfransı olan COP29-a ev sahibliyi edəcək. Bu qərar Azərbaycanın iqlim dəyişikliyi ilə mübarizədə oynadığı fəal rolun və beynəlxalq ictimaiyyət tərəfindən ölkənin əhəmiyyətli bir mərkəz olaraq qəbul edilməsinin göstəricisidir.
Azərbaycan COP29-a ev sahibliyi etməklə öz iqlim öhdəliklərini və ətraf mühitin qorunması istiqamətindəki səylərini bir daha nümayiş etdirir. Ölkə son illərdə bərpa olunan enerji mənbələrinə, xüsusilə külək və günəş enerjisinə yatırımlar edib və bu sahədə qlobal əməkdaşlıqları genişləndirib. COP29 isə Azərbaycanın bu sahədə liderlik göstərməsi və Türk Dövlətləri Təşkilatına üzv ölkələr başda olmaqla beynəlxalq tərəfdaşlarla ekoloji əməkdaşlığı dərinləşdirməsi üçün mühüm bir fürsət olacaq.
Ölkə başçısı çıxışında bu məsələ barəsində də danışdı. Prezident İlham Əliyev bildirdi ki, 200-ə yaxın ölkə Azərbaycanın COP29 iqlim konfransına ev sahibliyinə namizədliyini yekdilliklə dəstəkləyib:
“Azərbaycan yaxın günlərdə COP29 iqlim konfransına ev sahibliyi edəcəkdir. Keçən ilin dekabrında 200-ə yaxın ölkə Azərbaycanın namizədliyini yekdilliklə dəstəkləmişdir. Bu, beynəlxalq aləmin ölkəmizə böyük hörmətinin və dəstəyinin təzahürüdür. Əminəm ki, Türk Dövlətləri Təşkilatına üzv ölkələr COP29 konfransının işində fəal iştirak edəcəklər”.
Musavat.com
29 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ