Onlayn ictimai-siyasi qəzet
Nikol Paşinyanın böyük ajiotaj yaradan Brüssel səfəri arxada qaldı. Erməni baş nazirin Qərb rəsmiləri ilə görüşünün yekun nəticələrinə görə, İrəvana bir sıra islahatları həyata keçirmək üçün Avropa İttifaqı (Aİ) tərəfindən cəmi 270 milyon avro dəyərində yardım ayrılacaq. Üstəlik, bu yardım 4 il ərzində veriləcək. Belə götürəndə hər ilə cəmi 70 milyon avro düşür. Paşinyan hakimiyyəti bu pulla “2024-2027-ci illərdə Ermənistanın dayanıqlığı və artımı” proqramını həyata keçirməlidir. Proqramda isə çox genişşaxəli islahatlar nəzərdə tutulur: “Ermənistan Respublikasının sosial-iqtisadi dayanıqlığının möhkəmləndirilməsi, ticarətin şaxələndirilməsi, nəqliyyat infrastrukturuna investisiyaların, rəqəmsal texnologiyaların və energetikanın dəstəklənməsi, həmçinin biznesin inkişafı”.
Bundan əlavə, proqramda Qarabağdan qaçan ermənilərin yeni vətənlərinə inteqrasiyası üçün 30 milyon avro ayrılması da nəzərdə tutulan digər xüsusdur.
Bəs bu qədər geniş həcmli proqramın reallaşdırılması üçün İrəvana ayrılan vəsait az deyilmi?
Musavat.com-un sualını cavablandıran siyasi şəhrçi Heydər Oğuz böyük səs-küylə müşayiət edilən Paşinyanın Brüssel görüşünü məşhur atalar sözü ilə müqayisə etdi: “Atalarımız böyük ajiotajların cılız nəticələrini adətən belə təsvir edərdilər: “Dağ siçan doğdu”. Eyni məntiqlə Paşinyanın Brüssel görüşünü belə qiymətləndirmək olar: “Brüssel siçan balaladı”. Təsəvvür edin, ildə 70 milyon avroluq vəsait bizdə, həmçinin Ermənistanda adi bir icra başçısının qazandığı puldur. Təbii ki, korrupsiya yolu ilə. O vəsaitlə Ermənistanın ağ günə çıxmasını gözləmək sadəlövhlük olardı”.
Siyasi şərhçi, əslində, “Brüssel dağlarının siçan doğması”nı gözlənilməz hesab etmir. Onun fikrincə, səfərdən əvvəl bir sıra beynəlxalq beyin mərkəzlərinin hazırladığı analizlər də görüşün bu cür nəticələnəcəyindən xəbər verirdi:
“Məsələn, ABŞ-ın Amerika, Avropa, Mərkəzi Asiya və Cənubi Qafqaz üzrə strateji analizlər hazırlayan və Dövlət Departamentinin faktiki bu regionlar üçün yürüdəcəyi siyasətlərinin konturlarını müəyyənləşdirən “RAND” korporasiyası 14 mart 2024-cü ildə hazırladığı hesabatda açıq şəkildə Ermənistanın həssas vəziyyətdə olduğunu bildirir, onu Rusiya ilə əlaqələrini tamamilə kəsməyə məcbur edilməməsini məsləhət görürdü. “RAND” analitiklərinin fikrincə, iqtisadi cəhətdən tamamilə Moskvadan asılı olan, hərbi strukturları baxımından Rusiya ordusunun uzantısına çevrilən bu ölkəni zorla Kremlin caynağından qoparmaq asan deyil. İrəvan istəsə belə, Rusiyanın himayəsindən imtina edə bilməz və bu təşəbbüs ağır nəticələrə gətirib çıxara bilər. Xüsusilə zabit heyəti Rusiyanın hərbi strukturlarında yetişən, dolayısıyla, ona bağlı olan Ermənistana müasir Qərb silahlarının verilməsi İrəvanı gözlənilən hücumdan xilas etmədiyi kimi, həm də NATO silahlarının sirrinin Rusiyaya sızdırılması ilə nəticələnər. İrəvanın indiki vəziyyətdə ən yaxşı müdafiə strategiyası kirpi kimi yumulub tikanlarını göstərərək çəkindirici gücündən istifadə etməsidir”.
Həmsöhbətimizin bildirdiyinə görə, görünür, Brüssel görüşündə İrəvanın həqiqətən Rusiyanın təsir dairəsindən ayrılmasının mümkün olmadığı anlaşıldığından onun tədrici addımlar atmasına qərar verilib: “Bu səbəbdən də ona regional güc mərkəzlərinin maraqlarına toxunmadan bəzi ehtiyatlı addımlar atması məsləhət görülüb. Ayrılan vəsait də atılacaq addımlara müvafiq olub”.
ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O`Brayenin Brüssel görüşü barədə açıqlamalarının da bu ehtimalı gücləndirdiyini deyən siyasi şərhçi amerikalı diplomatdan bəzi sitatlar gətirdi:
“Ceyms O`Brayen açıqlamasında Moskva-İrəvan münasibətlərinə toxunaraq bildirib ki, “Rusiya Ermənistanda və Cənubi Qafqazda tarixi, uzunmüddətli rol oynayır”. Bu mənada Rusiya ilə Ermənistan arasında “davam edən dialoq”a təmkinli yanaşan diplomat erməni xalqının seçiminə hörmət göstərməyin vacibliyindən danışıb. Faktiki bu cümlələrlə o, İrəvanın hələ Qərbə inteqrasiyaya tam hazır olmadığına eyham vurub. Elədirsə, Qərb taleyi ortada olan Ermənistana niyə böyük həcmdə investisiyalar yatırmalıdır?”.
Ermənistana hələ ki, sadəcə vəd kimi verilən layihələrin böyük əksəriyyətinin Azərbaycanda artıq həyata keçirildiyini vurğulayan Heydər Oğuz konkret misallar çəkdi:
“Brüssel görüşündə İrəvana verilən vədlərdən biri onun enerji sahəsində diversifikasiya siyasətini dəstəkləməkdir. Həmin siyasətin əsas məğzi Ermənistanı Rusiyanın enerji asılılığından xilas etmək, tədricən nüvə energetikasını sonlandırmaqdır. Bu məqsədlə Ermənistanda yaşıl enerji infrastukturlarının yaradılması nəzərdə tutulur. Azərbaycanda bu siyasət uzun illərdir həyata keçirilir və 44 günlük müharibədən sonra daha geniş vüsət alıb. Hətta Ursula fon der Leyenin 2022-ci ildə Azərbaycana səfəri zamanı İlham Əliyevlə bağlanan Anlaşma Memorandumunda nəzərdə tutulan hədəflərdən biri də bərpaolunan və ya yaşıl enerji istehsalı, onun Avropaya nəqli ilə əlaqədar idi. Bilirsiniz ki, bu anlaşmadan sonra Azərbaycana bir sıra ölkələrdən, xüsusilə ərəb dövlətlərindən xeyli investisiyalar cəlb olundu. Təsəvvür edin, biz Avropanın yaşıl enerji ilə təchizatı barədə düşündüyümüz halda Ermənistana daxili tələbatını ödəmək üçün yaşıl enerji istehsalı təklif olunur.
Paşinyana verilən digər vəd beynəlxalq kommunikasiya şəbəkəsinə qoşulmasıdır. Burada nəzərdə tutulan kommunikasiya əlaqələrindən biri Zəngəzur dəhlizinin açılmasıdır. İlk dəfə Azərbaycan tərəfindən irəli sürülən bu təklifi sonradan Paşinyan erməniləşdirərək “Dünyanın kəsişməsi” layihəsi kimi təqdim etdi. Təbii ki, bunu ona görə etdi ki, şovinist ermənilər Paşinyan hökumətini Türk dünyası layihəsinə qoşulmaqda günahlandırmasınlar. Görünən budur ki, Brüsseldə Paşinyanın nəzərinə bu layihəyə qoşulmadan iqtisadi dayanıqlığını artıra və Avropaya iqtisadi inteqrasiyanı həyata keçirə bilməyəcəyini çatdırıblar”.
Ermənistana təklif olunan digər beynəlxalq kommunikasiya xəttinin “Qlobal keçid” (“Global Gateway”) layihəsi olduğunu vurğulayan Heydər Oğuz xatırlatdı ki, bu layihə də Orta Asiyadan başlayıb Azərbaycan üzərindən keçərək Avropaya enerji və digər məhsulların nəqlini nəzərdə tutur: “Vaxtilə bu layihə “Transxəzər” adlanırdı. 1990-cı illərdə irəli sürülən bu layihə Rusiyanın əngəli ilə qarşılaşaraq tam reallaşmadı. Artıq ABŞ və Avropa ölkələri həmin layihəni bir az da təkmilləşdirərək “Qlobal keçid” adı altında həyata keçirməyə çalışır. 300 milyard avro miqdarında böyük sərmayənin ayrıldığı layihə çərçivəsində Orta Asiya ölkələrinin liderləri ötən il ABŞ və Almaniyada rəsmi səfərlərdə olub və həmkarları ilə ciddi müzakirələr aparıblar. Azərbaycanın mərkəzi ölkə kimi iştirak etməsi planlaşdırılan bu layihəyə Ermənistanın da qoşulması faktiki olaraq İrəvanı Bakıdan asılı vəziyyətə salacaq”.
Brüssel görüşündə səsləndirilən əksər fikirlərin Ermənistanın Türkiyə və Azərbaycandan birbaşa asılılığını yaratdığına inanan Heydər Oğuz 5 aprel görüşünün nəticələrinin Azərbaycanın milli maraqlarına qarşı yönəlmədiyi və bunun əvvəlcədən də bilindiyi görüşündədir. Elədirsə, o zaman rəsmi Bakı bu görüşdən niyə ehtiyatlanır və kəskin bəyanatlar verirdi?
Həmsöhbətimizin fikrincə, rəsmi Bakının əndişəsi əslində taktiki xarakter daşıyır və Cənubi Qafqazı itirmək ərəfəsində olan Rusiyanın qəzəbini sakitləşdirmək niyyəti güdürdü:
“Bilirsiniz ki, Rusiya rəsmiləri son qalaları olan Ermənistanı itirmək perspektivi ilə razılaşmaq istəmir və Paşinyan əleyhinə verdikləri bəzi bəyanatlarda yersiz olaraq Bakının adını hallandırırlar. Bu, açıq şəkildə Azərbaycana “sən də məni təsdiqlə” mesajı kimi qiymətləndirilməlidir. Qəzəbləndirilmiş Rusiyanın indiki halında bir də yanğısının üstünə benzin tökmək təkcə Azərbaycanı deyil, bütün regionu lazımsız qarşıdurmalara sürükləyə bilər. Daha açıq desəm, Rusiyanın Ukraynada olduğu kimi, geosiyasi maraqlarını bəhanə gətirib Cənubi Qafqaz ölkələrinə saldırmaq ehtimalı istisna deyil. Bu vəziyyətdə Azərbaycan rəsmiləri bəzən taktiki açıqlamalar verir və təhlükəni sovuşdurmağa çalışır. Prinsipcə, eyni metoddan ABŞ və Aİ də istifadə edirlər. Üstəlik, bəzən bu cür kəskin bəyanatlar həm də erməni xalqını “birtərəfli kompomis” hesab etdikləri güzəştlərə hazırlamaq üçündür və təzyiq diplomatiyasının bir növüdür”.
Heydər Oğuz sonda onu da qeyd etdi ki, ABŞ Dövlət Departamentinin rəsmisi Ceyms O`Brayenin İlham Əliyevlə Entoni Blinken arasında Brüssel görüşündən əvvəl baş tutan telefon söhbəti barədə dilə gətirdiyi bəzi fikirlər də onun irəli sürdüyü ehtimalı gücləndirir:
“Ceyms O`Brayen açıq şəkildə etiraf etmişdi ki, telefon danışığı zamanı Blinkenin Brüssel görüşü barədə fikirlərini dinlədikdən sonra “hər bir ölkənin Avropa və ABŞ ilə münasibəti o ölkənin daxili işi” olduğu vurğulamış, hətta bəzi qeyd və təklifləri ilə görüşə bir növ razılıq vermişdir. Bütün bu faktlar göstərir ki, beynəlxalq güc mərkəzlərinin çəkişmə poliqonuna çevrilmə təhlükəsi yaşayan Cənubi Qafqaz liderləri böyük insidentlə qarşılaşmadan hədəfə doğru irəliləməyə çalışırlar və bu missiyanı həyata keçirmək yolunda Azərbaycanın üzərinə daha ciddi məsuliyyətlər düşür”.
E.Məmmədəliyev,
Musavat.com
27 Noyabr 2024
26 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ