Onlayn ictimai-siyasi qəzet
Baş toksikoloq: “Azərbaycanda 60-dan çox insanı gürzə ilanı sancıb, zəhərlənənlər mütləq...”
Naxçıvanda iyun ayından bu günədək 26 əqrəb sancması, 11 arı sancmasından ağırlaşma, iki dəqiqləşdirilməmiş həşərat sancması ilə bağlı olay qeydə alınıb. Bu barədə Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin Mətbuat Xidmətindən bildirilib. Şübhə yox ki, ölkə boyu bu rəqəm daha böyükdür.
Məlumdur ki, yayda insanlar həm fərdi qaydada, həm də ailəliklə təbiət qoynuna daha çox meyl edirlər. Təbiət isə həm də ilan, əqrəb, gənə deməkdir. İsti yay mövsümündə bu zəhərli heyvanlar daha fəal olur. Az öncə hətta Bakı küçələrinin birində ilan görünmüşdü. Həmçinin həyət evlərində belə problem istisna deyil.
Bəs təbiətdə ilan, əqrəb, gənə sancmasından özünü qorumaq üçün nələrə diqqət etməli? Həyət evlərində ilanı evə girməkdən çəkindirən dərmanlar varmı? Necə ki, tarakanlara qarsı mövcuddur.
Azər Maqsudov
Azərbaycan Səhiyyə Nazirliyinin baş toksikoloqu Azər Maqsudov mövzu ilə bağlı “Yeni Müsavat”a dedi ki, mövsümlə bağlı gürzə ilanı zəhərlənmələri aktivləşib: “Aprel ayından bu günə qədər Azərbaycanda 60-dan çox insanı gürzə ilanı sancmasından müraciət edib. Onlar arasında ölüm halı olmayıb. Əqrəb sancmaları da olur, amma çox sayda deyil. Ayda 3-4 hadisə. Həyətində ilandan şübhələnənlər Epidemioloji Dezinfeksiya şöbəsinə müraciət etsinlər. Onların əldə etdiyi dərmanların 100 kv metrə qədər məsafədən sonra təsiri itir. Amma dezinfeksiya şöbəsi həmin sahəni o dərmanla işləyir. Bundan sonra ilan varsa da, oradan qaçır”.
Həkim ilan zəhərinə qarşı zərdabdan söz açdı: “Əsasən mövsüm başlayanda həm Toksikoloji Mərkəzə, Səhiyyə Nazirliyinə, həm də TƏBİB-ə lazım olan miqdarı açıqlayırıq. Onlar da operativ şəkildə bunu təşkil edirlər. Təcili Tibbi Yardım briqadaları, Mərkəzi Rayon Xəstəxanaları (MRX), rayon səhiyyə idarələri bu işlə aktiv məşğul olurlar. Bircə qalır kəndlərdə olan məntəqələr, onlar da MRX ilə və rayon səhiyyə şöbələri ilə əvvəldən əlaqə saxlamalıdırlar ki, vaxtında o zərdabları əldə edə bilsinlər. Çünki TƏBİB-dən bizə bildirilib ki, zərdab yetərincə var”.
Baş toksikoloq “ilan sancandan sonra hansı müddətədək zərdab vurulmalıdır” sualına belə cavab verib: “Bu, xəstənin yaşından, müqavimətindən asılıdır. Həm azyaşlılarda, həm yaşlılarda ağırlaşma ola bilər. Nə qədər tez çatdırılsa, zəhərin bədənə təsirini o qədər tez azaltmaq olar. İlan aşağı ətrafları sancıbsa, qorxulu olmaya bilər. Amma əsas təhlükə ya qan damarının üstünə düşməsi, ya da baş nahiyəsindən sancması ola bilər. Onda zəhər daha tez sorulur, tez bir vaxtda da fəsadlaşma baş verir. İlan sancan zaman ilkin tibbi yardımla bağlı əsas tövsiyəmiz odur ki, həmin şəxs hərəkətsiz vəziyyətdə qalsın. İlan sancan yerə buz qoymaq, yeri yodla təmizləmək lazımdır. Bundan sonra xəstə mütləq həkimə aparılmalı, zərdabdan istifadə edilməlidir”.
Fövqəladə Hallar Nazirliyinin də ilan, əqrəb sancmaları ilə bağlı tövsiyələri var. Bu tövsiyələrdə bildirilir: “Meşəyə gedərkən əyninizə uzun şalvar, qalın dəri və rezin materialdan olan uzunboğaz çəkmə geyinin. İlan bu materialları dişləyə bilmir. Rast gəldiyiniz yuva, hündür otluq və aşmış ağaclardan uzaq durun. Yolunuzu açmaq üçün əlinizi sıx otluğa salmayın, bu məqsədlə əl ağacından istifadə edin. Qaya parçası və ya ağac kötüyünün üzərinə oturmazdan əvvəl onu diqqətlə nəzərdən keçirin. Meşədə gecələmək planınız varsa, əvvəlcədən topladığınız çırpıdan ocaq qalayın. İlanlar alov və səs-küydən çəkinir. İlanla rastlaşdıqda dayanın, arxanızı ona çevirmədən yavaşca geriyə çəkilərək uzaqlaşın, diqqət cəlb etməmək üçün qəfil, kəskin hərəkətlər etməyin. Unutmayın ki, ilan və əqrəbə toxunmadıqda onlar insanı sancmır. Ölmüş belə hesab etdiyiniz ilana yaxınlaşmayın. Çünki sürünənlər özünü ölmüş kimi göstərə bilər. Zəhərli ilanı zərərsizdən seçməyi bacarın. Adətən təhlükəli ilanlar parlaq və əlvan rəngli olur, özlərinə xas fışıltı və şaqqıltılı səslər çıxarır”.
Bəs əqrəb sancmasından necə qoruna bilərik?
Əqrəbin evə girməməsi üçün qapı və pəncərələr həşərat əleyhinə tor örtüklə təmin edilməlidir. Açıq havada istirahət edirsinizsə, paltar və ayaqqabılarınızı, çadırdakı yataq dəstini nəzarətdə saxlayın, vaxtaşırı onları yaxşıca çırpın. Əqrəb qumun üst qatında gizləndiyi üçün qumsallıqda ayaqyalın gəzməyin. İlan və əqrəb sancması zamanı ilkin həkimə qədər tibbi yardım: zərərçəkmişi sakitləşdirib rahat vəziyyət verin, sancılmış nahiyəni hərəkət etdirməyin, yaranı su ilə yuyun, soyuq kompres qoyun, yara baş və ya boyundadırsa, yara ətrafına əl və ya barmaqla təzyiq göstərin, yara əl və ya ayaqdadırsa, qan dövranını pozmadan yaraya sarğı qoyun, jqut qoymaq olmaz, yaranın özünə müdaxilə etmək və zəhəri sormaq olmaz, zərərçəkmişin nəbz və tənəffüsünə nəzarət edin, tibbi yardım çağırın.
Afaq MİRAYİQ,
“Yeni Müsavat”
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ