İnsanlara hürriyət, millətlərə istiqlal!

İkitərəfli danışıqlar Fransanın Qafqazdan əlini üzməsi deməkdir - ŞƏRH

26 dekabr 2023-cü il tarixində Fransanın Azərbaycandakı səfiri Ann Buayon Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb. Azərbaycan XİN-dən verilən məlumata görə Fransa Səfirliyinin iki əməkdaşının diplomatik statuslarına uyğun olmayan və “Diplomatik əlaqələr haqqında” 1961-ci il Vyana Konvensiyası ilə ziddiyyət təşkil edən fəaliyyətlərinə görə ciddi etiraz bildirilib və onların Azərbaycan hökuməti tərəfindən “persona-non-grata” (arzuolunmaz şəxs) elan olunduğu Fransa səfirinin diqqətinə çatdırılıb. Həmin şəxslərin 48 saat ərzində Azərbaycan ərazisini tərk etməsi tələb olunub və XİN-in müvafiq etiraz notası Fransa səfirinə təqdim edilib.

Bununla da Azərbaycan xüsusi xidmət orqanlarının uğurlu əməliyyatı nəticəsində ölkə ərazisində Fransa səfirliyinin agentura şəbəkəsinin aşkarlanması faktı təsdiqini tapdı. Hadisələrin ardıcıllığına fikir versək, E.Makron xarici kəşfiyyatın rəhbəri Bernard Emyeridən narazılığını ifadə etdikdən sonra onu vəzifəsindən azad etdi. Ekspertlərin fikrincə, agentura şəbəkəsinin ifşa olunması artıq E.Makron hökumətinin iflası deməkdir.

Siyasi şərhçi Bəhruz Quliyev Musavat.com-a bildirdi ki, Fransanın Qafqaza daxil olmaq cəhdləri hər zaman fiaskoya uğrayıb. Ekspert qeyd edib ki, Fransa bu cəhdləri Ermənistan üzərindən edib:

“Fransa Qafqaz regionunda söz sahibi olmaq istəyib, lakin heç zaman buna nail ola bilməyib. ATƏT-in Minsk Qrupunun həmsədri kimi uğursuz fəaliyyət göstərib. İllərlə status-kvonun saxlanması ilə bu münaqişənin uzanmasına səbəb olub. Bununla da özünə xal qazanmaq istəyib. Qafqazı münaqişə ocağına çevirmək istəyib. Eyni zamanda Ermənistanda revanşist qüvvələri qızışdırılmasına cəhd edib. Bunu xüsusilə Fransa prezidenti Makronun siyasətində aydın görmüşük. Eyni zamanda Fransa Ermənistan və Azərbaycan arasında sülhün əldə edilməsinə mane olur. İkitərəfli danışıqların getməsi Fransanın Qafqazdan əlinin üzülməsi deməkdir. Buna baxmayaraq, Fransa cəhdlərinə davam etmək istəyir. Dəfələrlə Fransanın BMT TŞ-də Azərbaycana qarşı qətnamə qəbul edilməsi cəhdləri də dediyimiz uğursuz Qafqaz siyasətinin tərkib hissəsidir”.

Nigar HƏSƏNLİ,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR