Onlayn ictimai-siyasi qəzet
İki yeniyetmənin ölümü ilə bağlı toqquşma zamanı gürcü polisi və 8 azərbaycanlı xəsarət alıb - ARIXLIDAN VİDEOLAR
Musavat.com bildirir ki, Gürcüstanın Daxili İşlər Nazirliyi azərbaycanlıların yaşadıqları Arıxlı kəndində baş verən qarşıdurma ilə bağlı xüsusi məlumat yayıb. Məlumata görə, Bolnisi-Marneuli magistral yolunda baş verən ağır yol qəzasından sonra yerli sakinlər və polis arasında toqquşma baş verib. Hadisə zamanı bir neçə polis əməkdaşı və səkkiz sakin müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Xatırladaq ki, keçən gecə magistral yolda avtomobil iki yeniyetməni vuraraq öldürüb. Arıxlı kənd camaatı deyir ki, faciəni törədən gürcü onu suşlayan əhalini gürcücə söyüb. Bundan qəzəblənın soydaşlarımız hadisəni törədən avtomobili çevirib, təcili yardım maşınını zədələyib. Bun da belə izah edirlər ki, avtomobillə əzilmiş gənclər kənarda qaldığı halda, təcili yardım qəza törədən gürcü sürücünü maşına qoyub və sonra da hadisə yerindən qaçırdıb.
Gürcüstan DİN iddia edir ki, sakinlər polisin və tibb işçilərinin öz vəzifələrini yerinə yetirməsinə mane olublar.
Daxili İşlər Nazirliyinin bəyanatına görə, vəziyyətin eskalasiya etməməsi üçün hadisə yerinə nazirliyin müxtəlif bölmələrinin əməkdaşları cəlb edilib. Hadisə zamanı xəsarət alan polis əməkdaşları və səkkiz vətəndaşdan bir neçəsi hazırda xəstəxanada müalicə olunur.
Hadisədən sonra Bolnisi sakinləri sürücünün məsuliyyətə cəlb edilməsini və yeniyetmələrin ölümünə səbəb olan şəraitin tam araşdırılmasını tələb edirlər. Bu faciə bölgədəki vəziyyəti daha da gərginləşdirib.
Musavat.com olaraq hadisə ilə bağlı iki video görüntünü də təqdim edirik.
Musavat.com
09 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ