Onlayn ictimai-siyasi qəzet
Əfqanıstan deyəndə Azərbaycanda çoxlarının ağlına uzun illərdir davam edən müharibələr, xaos və qeyri-sabitlik gəlir. Amma bütün bu çətinliklərin içində həyat davam edir.
Orada yaşayan azərbaycanlılar da həm gündəlik qayğılarla mübarizə aparır, həm də milli kimliklərini qoruyaraq yaşadırlar.
Ən maraqlısı isə odur ki, soydaşlarımız sadəcə yaşamağa deyil, həm də yaratmağa, faydalı işlər görməyə çalışırlar. Kimi kiçik biznes qurur, kimi təhsil verir, kimi də mədəniyyətimizi tanıtmaqla məşğul olur.
Modern.az bu dəfə Əfqanıstandakı azərbaycanlı gənclərdən biri ilə söhbətləşib. Kəmalə Əfşar nişanlısı ilə birlikdə açdığı təhsil mərkəzində Azərbaycan dili və tarixini öyrədir, uşaqlara öz kimliyini unutdurmamağa çalışır.
Kəmalə Əfşar 2003-cü ildə Əfqanıstanın Kabil şəhərində doğulub. O, əslən Əfqanıstan türklərindəndir. Kəmalənin bildirdiyinə görə, onlar Kabildə kiçik tayfa kimi yaşayır. Çoxu hələ də Azərbaycan türkcəsində danışır. Yeni nəslə də bu dili öyrətmək üçün nişanlısı Əli Sina Əfşarla birlikdə təhsil mərkəzində Azərbaycan türkcəsində dərslər deyirlər.
“Türk olmaq elə bir şərəfdir ki, biz onunla həmişə fəxr edirik. Əfqanıstan tarixinə də nəzər salsaq görərik ki, burada yaşayan türklər regionda ilk elm və təhsil alan insanlar olub və biz də həmin nəsilin davamçılarıyıq”.
Kəmalə deyir ki, Azərbaycan türkcəsini Əfqanıstanda böyük çətinliklə qoruyub saxlayıblar:
“Türklərin əksəriyyəti dili unudublar. Hərçənd bu mərkəzi idarə etmək mənim üçün çox çətindir və şagirdlərimiz də azdır. Əgər biz ana vətənimiz - Azərbaycandan tərəfindən dəstək alsaq, daha çox türkə bu dili pulsuz öyrədəcəyik”.
Təhsil mərkəzi açmaq qərarına necə gəldikləri haqqında da danışan Kəmalə bu fikrin nişanlısı Əli Sina Əfşarın türklərin tarixinə aşiq olması və kimliyimizi Əfqanıstanda yenidən diriltmək qərarı ilə əsaslandırır:
“Bu, doğrudan da ilk vaxtlar çox çətin idi. Ən böyük problemimiz maliyyə məsələsi oldu. Çünki biz Əfqanıstandakı türklərə daha yaxşı xidmət göstərə bilərdik, amma büdcə və avadanlıq çatışmazlığına görə, təəssüf ki, alınmadı”.
“Biz türkcəmizi tədris edərkən Azərbaycan səfirliyi tərəfindən bizə hədiyyə olunan kitablardan istifadə edirik və şagirdlərə dili öyrədirik.
Əlbəttə qeyd etmək lazımdır ki, biz türk dili və tarixi sahəsində fəaliyyət göstərdiyimiz üçün bir qədər təzyiq altındayıq, xüsusən də dövlət təzyiqləri.
Biz məcburuq ki, qadınlar üçün ayrı, kişilər üçün ayrı xidmətlər göstərək. Çünki üzərimizdə hakim olan dövlət belə tələb edir. Bizim fəaliyyətimiz rəsmidir. Dövlət tərəfindən icazəmiz var. Bu səbəbdən rejimin əlaltıları bizə heç bir müqavimət göstərmirlər, çünki fəaliyyətimiz tək deyil, ailəvi xarakteri daşıyır”.
K. Əfşar xüsusilə vurğulayır ki, ən böyük problem türklərə daha yaxşı xidmət göstərmək üçün böyük yerin olmamasıdır. Dövlət isə onların fəaliyyətindən narahatdır və təzyiq göstərərək məktəb binalarında dərs deməyə imkan vermirlər:
“Amma fəaliyyətimizdən çəkinmirik. Bizim bütün yaş kateqoriyalarında tələbələrimiz var. Hətta gələcəkdə dəstək alsaq, şübhəsiz ki, daha çox layihələr həyata keçirməyi planlaşdırırıq. Əsasən də xalça toxuculuğu sənəti, mətbəx (aşpazlıq) və türk geyimlərini uşaqlara öyrətmək istəyirik”.
Kəmalə nişanlısı ilə işləməyin çətinliklərindən də danışıb. O qeyd edir ki, çox işləməkdən rəsmi evlilik haqqında da fikirləşə bilmirlər:
“Doğrusunu desəm, nişanlımla həmkar olmaq çox çətinliklər yaradır. Çünki qarşılaşdığımız məsələlər hər ikimizi eyni anda məşğul edir, günün böyük hissəsini təhsilə xərcləmişik. Biz gecə-gündüz çalışırıq - gecələr öz dilimizi möhkəmləndirməklə, gündüzlər isə dərs deməklə məşğuluq. Adətən boş vaxtlarımızda daha çox türkü təhsilə cəlb etmək üçün planlar qurur, hazırlıqlar aparırıq. Təəssüf ki, bu sıx fəaliyyətlərə görə hələ rəsmi evliliyi də düşünə bilməmişik. Ailələrimiz bizimlə fəxr edirlər”
Əfqanıstanda dərs deyən 22 yaşlı Kəmalə bildirib ki, burada milli azlıqlar üçün yaşamaq çox çətindir: "Biz istəyirik ki, Əfqanıstanda yox olmaq üzrə olan bu etnik azlığı qoruyub saxlayaq. Mən bütün Azərbaycan qadınlarına müraciət edib, mütləq deyərdim: Məhdudiyyətlərimiz yalnız qorxularımızdır. Qorxmayın, özünüzə inanın, cəsarətli olun və hədəfləriniz yolunda hərəkətə keçin”.
25 Sentyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ