İnsanlara hürriyət, millətlərə istiqlal!

İki qardaş ölkə arasında yeni səhifə - bu həftə prezidentlər...

İğdır-Naxçıvan təbii qaz kəmərinin istifadəyə verilməsi regionda hansı perspektivləri açır? - iki rəy

İğdır-Naxçıvan təbii qaz kəmərinin istifadəyə veriləcəyi tarix məlum olub. Bu barədə Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar danışıb. Onun sözlərinə görə, İğdır-Naxçıvan boru kəmərində son tamamlanma işləri aparılır. Nazir əlavə edib ki, bu həftə istifadəyə veriləcək qaz boru kəmərinin açılış mərasimində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ehtimal edilir.

Tədbirə Azərbaycan və Türkiyənin dövlət rəsmiləri də qatılacaq. “Yeni Müsavat” qeyd edir ki, İğdır-Naxçıvan qaz kəməri Naxçıvanın qaz təchizatının şaxələndirilməsinə imkan verməklə, onun bir mənbədən asılılığını aradan qaldırmış olacaq. 2020-ci il dekabrın 15-də Ankarada Azərbaycan və Türkiyə arasında İğdır-Naxçıvan qaz boru kəmərinin tikintisinə dair anlaşma memorandumu imzalanıb. Prezident İlham Əliyevin 2022-ci il 10 fevral tarixli Sərəncamına əsasən isə İğdır-Naxçıvan qaz boru kəmərinin tikintisi üçün dövlət büdcəsindən vəsait ayrılıb. Layihə “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nın prioritet layihələri sırasında yer alıb.

Boru kəmərinin İğdırdan Sədərək rayonuna qədər uzunluğu 97.5 kilometr təşkil edir. Kəmərin Azərbaycan hissəsinin uzunluğu 17.5 kilometr, Türkiyə hissəsinin uzunluğu isə 80 kilometrdir. Boru kəməri gündə 2 milyon kubmetr, ildə isə 730 milyon kubmetr qaz ötürmək qabiliyyətinə malikdir ki, bununla da Naxçıvanın qaza tələbatı tamamilə ödəniləcək. Gələcəkdə boru kəmərinin ötürücülük qabiliyyətini iki dəfədən çox artırmaq mümkündür. Kəmərin işə düşməsinin iki qardaş ölkə və bölgə üçün iqtisadi-ticari və siyasi önəmi nədir? Naxçıvanın energetik təhlüləsizliyi üçün əhəmiyyəti nədən ibarət ola bilər?

“Dünyaya nümunə olan Türkiyə-Azərbaycan qardaşlığı hər ötən gün daha da güclənir. Bu güclənmə isə özünü yeni-yeni əməkdaşlıqlarda göstərir. Təbii ki, bu sırada enerji sahəsində əməkdaşlıq da var”.

Vüqar İskəndərov: Minsk qrupunun bərpası cəhdləri Qərbin siyasi  riyakarlığının təzahürüdür

Vüqar İskəndərov 

Deputat Vüqar İskəndərov “Yeni Müsavat”a açıqlamasında belə söylədi. Onun sözlərinə görə, İğdır-Naxçıvan təbii qaz kəmərinin istifadəyə verilməsi ilə bu sahədə daha bir önəmli addım atılmış olacaq: “Bəlli olduğu kimi, bu həftə istifadəyə veriləcək qaz boru kəməri Naxçıvanın qaz təchizatının şaxələndirilməsinə imkan verməklə onun bir mənbədən asılılığını aradan qaldırmış olacaq. Ümumiyyətlə, İğdır-Naxçıvan qaz kəməri layihəsi Türkiyə ilə Azərbaycan arasında enerji sahəsində ortaqlığı daha da dərinləşdirməklə yanaşı, Avropanın enerji təhlükəsizliyinə də töhfə verəcək. Gündə 2 milyon kubmetr, ildə isə 730 milyon kubmetr qaz ötürmək qabiliyyətinə malik boru kəmərinin istifadəyə verilməsi ilə Naxçıvanın bütün təbii qaz tələbatı ödənəcək”.

Deputat əlavə etdi ki, İğdır-Naxçıvan qaz kəmərinin çəkilməsi bütün region dövlətlərinin inkişafına töhfə verəcək: “Bu qaz layihəsinin reallaşması həm Naxçıvanın sosial durumunun, həm də investisiyaların cəlbediciliyinin artırılması baxımından çox əhəmiyyətlidir. Bu qaz boru xəttinin çəkilməsi gələcəkdə Zəngəzur xəttinin çəkilməsinə də öz təsirini göstərəcək. Bu isə həm Naxçıvanın, həm də Azərbaycanın və Türkiyənin, ümumilikdə regionun inkişafına töhfə verəcək”.

fikret.jpeg (167 KB)

Fikrət Yusifov

Siyasi və iqtisadi məsələlər üzrə şərhçi Fikrət Yusifovun sözlərinə görə, bu layihə Türkiyə ilə Azərbaycan arasında bütün səviyyələrdən olan əlaqələrin yüksələn xətlə inkişaf etməsinin daha bir nümunəsidir: “İğdır-Naxçıvan təbii qaz kəmərinin istifadəyə verilməsi Naxçıvanın qaz təminatının etibarlı şəkildə təmin ediləcəyi deməkdir. Bu gün Naxçıvan İran üzərindən qaz almaqla (Azərbaycan bunun əvəzində Astara üzərindən İrana həmin həcmdə qaz ötürür) özünün mavi yanacağa olan tələbatını ödəsə də, yeni xətlə bu təlabatın daha etibarlı təminatı baş verəcək. Bu layihə Türkiyə ilə Azərbaycan arasında bütün səviyyələrdən olan əlaqələrin yüksələn xətlə inkişaf etməsinin daha bir nümunəsidir”. F.Yusifov hesab edir ki, Naxçıvan kimi Türk dünyası üçün böyük strateji əhəmiyyət kəsb edən bir bölgəyə Türkiyə və Azərbaycan rəhbərliyinin bu səviyyədə diqqət göstərməsi təbiidir: “Naxçıvan gələcəkdə Türk dünyasını birləşdirən bir qapı rolunu oynayacaq. Zəngəzur dəhlizi açıldıqdan sonra Naxçıvanda azad iqtisadi zonanın yaradılması ilə onun dünyanın ən inkişaf etmiş bölgələrindən birinə çevrilmək şansları yetərincədir. Bütün bu gerçəklər fonunda bu gün Naxçıvanın qaz təchizatının daha etibarlı bir şəkildə təşkil olunması olduqca önəmlidir”.

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR