Onlayn ictimai-siyasi qəzet
Musavat.com xəbər verir ki, Gürcüstanın baş naziri İrakli Kobaxidze ölkədə fəaliyyət göstərən diplomatik nümayəndələrlə bağlı son dərəcə sərt bəyanatla çıxış edib. Onun hədəfində Almaniyanın Gürcüstandakı səfiri Peter Fişer olub.
Baş nazir bildirib ki, Almaniya səfiri hazırda müxalifətçi siyasətçi, “Güclü Gürcüstan” partiyasının liderlərindən biri Mamuka Xazaradzenin ailəsinə məxsus rezidensiyada yaşayır. Kobaxidzenin fikrincə, bu faktın özü Avropa diplomatiyasının obyektivlik dəyərlərinin deqradasiyaya uğradığını sübut edir.
“Əgər Avropa səfiri rezidensiyanı müxalifət liderindən icarəyə götürürsə, bu, Avropa bürokratiyasının əvvəlki dəyərlərindən əsər-əlamət qalmadığını göstərir”, – deyə o bildirib.
Baş nazir ittihamlarını bununla yekunlaşdırmayıb. Onun sözlərinə görə, səfir Fişer təkcə müxalifətçiyə məxsus evdə yaşamır, eyni zamanda onunla birlikdə Bolnisidəki tədbirlər də daxil olmaqla, müxtəlif səfərlərdə iştirak edir. Bu isə Kobaxidzenin fikrincə, xarici diplomatın Gürcüstandakı seçki prosesinə birbaşa müdaxiləsi deməkdir.
“Bu, bu günkü Avropa bürokratiyasında dərin kök salmış geniş mənada korrupsiya nümunəsidir”, – deyə Gürcüstanın hökumət başçısı bildirib.
Bu açıqlama Tiflisin Avropa İttifaqı ilə münasibətlərinin gərginləşdiyi bir dönəmə təsadüf edir. Aİ-nin Gürcüstandakı səfirləri son aylarda “xarici təsirlərin qarşısını almaq haqqında” qəbul edilmiş qanun layihəsini tənqid edir, hökumət isə buna sərt cavab verir.
Kobaxidzenin bu son bəyanatı isə Qərbin Gürcüstandakı diplomatik təsir gücünə qarşı açıq hücum kimi qiymətləndirilir.
Musavat.com
03 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ