Onlayn ictimai-siyasi qəzet
Qarabağ ermənilərinin son halına baxıram, yadıma 30 il 30 gün öncəki halmız düşür.
1993-cü ilin 23 avqustunda Füzuli və Cəbrayıl rayonlarının on minlərlə dinc sakini – uşaqlar, qocalar, qadınlar bax, beləcə, Horadiz-Əhmədbəyli yolu boyunca yollara düzülmüşdü.
Millət böyük bir təlaş-təşviş içində gerçək və labüd soyqırımdan qaçırdı. Çaxnaşma, qara-qışqırıq, hay-küy, can hövlü, vurnuxma ərşdə-gürşdəydi.
Yük maşınlarının kuzaları pərişan adamlarla doluydi, çox az sürücü maşınının yük yerinə ev əşyası atmışdı.
Yüngül minik avtomobillərinin salonuna ən azı 6 adam dolmuşdu, baqaja uşaq yerləşdirənlər vardı.
Traktorların arxasına qoşulmuş lafetlərdə gedən adamlar məcburən ya uzanmış, ya da oturmuşdular – çünki sağa-sola ləngərləyən qoşqunun dayaz banından asfalta yıxıla bilərdilər.
Yol boyunca xeyli adam piyada irəliləyir, bir insaflı sürücünün maşını boşdursa, saxlayıb onları götürəcəyinə ümid edə-edə sol çiyinləri üstündən hərdən-hərdən geri boylanırdılar.
Qabaqlarına iri və xırdabiynuzlu mal-qaranı qatıb, tozanaq qopara-qopara gedənlərin işi lap müşkül idi, onların nəqliyyatdan istifadə etmək imkanı yoxdu, 20-30 kilometr yolu piyada, qoyun ayağı ilə getməliydilər.
Hərdən panika artırdı. Kimsə şayiə buraxırdı ki, ermənilər Kürdmahmudlu tərəfdən irəliləyib Əhmədbəylini tutublar, yol kəsilib, yeganə çıxış yolu Bəhmənli, Kərimbəyli, Araz Yağlıvənd tərəfdən Arazı keçib İrana getməkdir.
Ancaq bu şayiə dərhal təkzib olunurdu. Bakıdan, Əli-Bayramlıdan (indiki Şirvan), İmişlidən, Sabirabaddan, Salyandan, Masallıdan öz maşınları ilə haya gələn, əsgər və tələbə yoldaşlarının, uzaq qohumlarının dadına çatmaq istəyən adamlar deyirdilər ki, 10 dəqiqə əvvəl Əhmədbəylidən keçib gəlmişik, yol açıqdır.
Aşağı Seyidəhmədli kəndindən Horadiz-Əhmədbəyli magistralına aparan yolda sürətlə şütüyən QAZ-66 markalı hərbi maşının kuzasındakı əsgərlərin yol kənarında olan insanlara müjdə verirmiş kimi, “qaçın, qaçın, ermənilər gəlir” deyə total təşvişi birə-beş artıran səslənişlərinin səbəbini 30 il 30 gündür anlamış deyiləm. Niyə elə deyirdilər? Əliyalın camaatı silahlı ermənilərin qarşısında qoyub hara qaçırdılar?
Təxminən bir bölük əsgər də nizami addımlarla Babı kəndinin tuşunda, asfalt yolun sağıyla Beyləqana doğru irəliləyirdi. Komandirləri də başlarının üstündəydi, silahları da vardı, amma gedirdilər. Deyəsən, Beyləqanın Daşburun qəsəbəsində mövqe tutacaqdılar.
İnsanların görünməmiş təlaşla qaçışması, həyacanı, can hövlü Əhmədbəyli kəndini keçəndən sonra, sanki, bir az azalmışdı. Artıq mühasirədə qalmaq, əsir düşmək qorxusu yox idi. İndi də başqa bir dərd vardı: bir-birindən ayrı, pərən-pərən düşmüş ailə üzvləri bir-birini necə, hansı ünvanda tapacaqdılar. Ona görə də ailələr yolun sağındakı və solundakı ağacların altında özlərinə daldalanacaq düzəltmişdilər, qorxmuş uşaqlara su içiirr, körpələri əmizdirir, yemək üçün nəsə bir şey hazırlayırdılar. Ailədən biri magistrala çıxıb gələndən, gedəndən, tanış-tunuşdan əzizlərini xəbər alırdı. Yol boyunca gözü alacalanmış halda itkin arayan adamlar vardı.
Beyləqan, İmişli, Biləsvuvar rayonlarında qohum-əqrəbası, dostu-tanışı olanlar yolda ləngimirdilər, toparlanıb bildikləri ünvana gedirdilər. Bir kəsi olmayanlar məlul-müşkül iidlər. Onlar gözləyirdilər ki, ailə üzvləri, qohum-qardaşları toparlansınlar, sonra birlikdə hara getmək barədə qərar versinlər.
Bu iki rayonun əhalisi üçün həyatlarının ən pis günü 23 avqust olub. Onlar bu günü son nəfəslərinə qədər unutmayacaqlar.
İndi baxıram, 30 il 30 gündən sonra Qarabağda yaşayan ermənilərin bir qismi yollarla düzülüb təhlükəsiz yerlərə axışırlar – rus sülhməramlılarının himayəsində, lüks avtobuslarda, əmin-arxayın. Bəziləri diyircəkli çamadanla gedir, bəzilər uşaq arabasıyla irəliləyir. Bu, əcnəbilərə, xüsusilə də avropalılara dəhşətli mənzərə kimi görünə bilər, ancaq onların halı təkcə ona görə dəhşətli deyil ki, qanlarına susayan, onları kütləvi şəkildə qətlə yetirmək istəyən yoxdur. Guya qaçmasalar, təxliyə olunmasalar, evlərində qalsalar, kim onları kənd ortasına yığıb güllələyəcəkdi?
Ermənilər ona görə qorxurlar ki, ağılları öz hərbçilərinə gedir, onların mülki azərbaycanlılara qarşı törətdikləri cinayətləri bilirlər, sanırlar ki, düşmən saydıqları da elə edə bilər. Söz yox, bir az da qisasdan qorxurlar.
30 il öncə heç bir ölkə bir günün içində evindən didərgin düşmüş 150 minə yaxın insana yiyə durmamışdı, erməniyə “mülki əhali ilə işiniz olmasın” deməmişdi. İndi hamısı səs-səsə verib, zəng dalınca zəng gəlir.
İndi, əlbəttə, dövr də başqadır. Müasir telekommunikasiya, xəbərləşmə vasitələri ilə hər hansı bir insidenti anındaca çəkib dünyanın hər yerinə göndərmək, reaksiya almaq, ajiotaj yaratmaq mümkün olur. O vaxt toy çəkən operatorlardan başqa heç kəsdə videokamera yox idi. Onlar da o məşəqqəti çəkiblərmi, çəkməyiblərmi, Allah bilir. Hərçənd o vurhavurda tarixi kinoxronika yaratmaq nadir adamların ağlına gələ bilərdi.
Ermənilərin qaçqınının da bəxti bizimkindən yavərdir.
24 Noyabr 2024
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ