Onlayn ictimai-siyasi qəzet
Dünyada iki hozu dövlət var – biri A-Be-Şe-dir, o biri Rusiya.
Düzdür, orda-burda başqa hozuluq etmək istəyən dövlətlər də var, amma hozuluq onlarda hələm-hələm alınmır. Bu ikisində isə həmişə alınır.
Çünki hozuluq onların fitrətində var. Xəritədəki əkslərinə baxın, hozuluqları cürəpələrndən də bəllidir. Birində 72 millət birləşdirilib, o birində 50 dövlət.
Çin və Hindistan da yavaş-yavaş hozulaşır, amma onları bilmək olmaz, indilikdə eyzən əllərini önə qaldırıb ovuclarını birləşdirirlər, heç kəsə yumruq, caynaq, qıcanmış dişlər göstərmirlər.
A-Be-Şe dünya hozusudur, planetin harasına baxırsan hərbi bazası var. Təbiidir, hozunun bazası olar.
Rusiya isə son vaxtlar eləcə regionda hozuluq edir, ta əvvəlki kimi səsi Kubadan, Nikaraquadan, Kambocadan gəlmir, arada MAR-da boy göstərir.
Ukraynada apardığı müharibə Rusiyanın öz hozuluq arealını genişləndirmək, daha dəqiqi, keçmişdə hozuluq etdiyi məkanın sərhədlərini bərpa etmək üçündür.
Yoxsa “rus ayısı”nın Kişinyovla, Tiflislə, İrəvanla nə işi var. Bildiyiniz kimi, bu paytaxtlar Moskvadan üz döndəriblər, amma Er-eF-in ikibaşlı qartalının bir başı gözünü qıyıb onlara baxır, hazırdır ki, caynaqlarını onların belinə sancsın, dimdiyi ilə başlarını deşsin – dağ qartalı çöl göstəbəyini necə edir, eləcə.
Tiflis qorxusundan son vədələr “tak toçno” moduna girib, çünki 2008-də “rus ayısı”nın şapalağının acısını dadıb.
Kişinyov Avropaya arxalanıb kişilənir. Kremlin indilikdə ona qarşı düşüncəsi belədir: “Hələlik Kurskda başım qarışıqdır, qoy başım bir az açılsın, Avropa ilə qucaqlaşmağın yolverilməzliyini moldovanlara göstərəcəm”.
İrəvan isə Moskvadan gələn zənglərə əvvəlki vaxtlardakı kimi “da, mı sluşayem” cavabı vermir, “yes, we are listening” deyir və bu, postsovet məkanını öz hozuluq territoriyası sayan Kremlin xoşuna gəlmir.
Belə rəvayət edirlər ki, hələ ötən əsrin 50-ci illərinin əvvəlində Stalin Latviyaya zəng edib, ona latışca cavab veriblər, o da deyib ki, əgər mənə bir də rusca yox, latışca cavab versəniz, bütün Maqadan latışca danışacaq.
Bu, lətifədir, amma real əsası olmamış olmaz. Rusiyaya hozuluq statusunu qazandıran ən birinci adam Stalin olub. İndikilər onun mirasını yaşatmaq istəyirlər, ara yerdə qanqaraçılıq olur.
Namxuda, Tramp da yaxşı gedir, ərazisinə görə dünyanın ikinci, iqtisadi gücünə görə 7 böyük dövlətdən biri, 2 trilyon dollardan çox büdcəsi olan Kanadaya ştat olmağı təklif edib. Ölkənin baş naziri Castin Trüdo bu hozuluğun qarşısında əvvəlcə gülüb, sonra görüb ki, Trampın üzündə gülümsəmə mimikasının yaranmasına cavabdeh olan əzələlərdən heç biri tərpənmir, adam əndişələnib.
Ancaq dünya hozuluğuna iddialıq elə şeydir ki, gərək davamlı və genişmiqyaslı olsun. Tramp da dayanmayıb, oradan Panamaya dirəşib, buradan Danimarkadan Qrenlandiyanı istəyib, indi o ölkələrin liderləri də öz aralarında danışırlar ki, cənablar, deyəsən, zibilə düşmüşük, bu kürən kişi ortalığı qarışdıracaq.
Amma Meksika qorxmur. Nə vecinədir, bir dəfə “irəli” əmri versə, Texas tərəfdən 5 milyon narkotacir girəcək Amerikaya, ondan sonra Tramp olmur, lap Reyqan olsun, nə edəcək?
Baxın, indi ortada mübahisəli məsələ var, mülki təyyarəmiz gözüqıpıq, başıqapazlı olmuş rusiyalı HHM-çilərin zavalına gəlib, vurulub, düşüb, insanlar həlak olub, amma Rusiya üzrxahlıq eləmir. Özü olsa, yeri-göyü cırmaqlayardı. O vaxt Suriyada qırıcı təyyarəsini vurmuşdular, az qala Türkiyə ilə müharibə etmək istəyirdi. Aradakı hər cür əlaqə, gediş-gəliş, ticarət kəsilmişdi, rus-türk cütlüklər boşanma həddinə gəlmişdilər, Moskvadakı “Antalya” restoranı gecəylə iki hərfini dəyişib “Natalya” olmuşdu (yoxsa bağlayacaqdılar), axırda Türkiyə tərəfi üzrxahlıq etdi, zərərin əvəzini ödədi, özü də ziyanın yarısından qayıtdı.
Rusiya özü isə hələ ciddi heç nə demir, “təyyarə quş sürüsü ilə toqquşub” deyir. Bəzi ekspertlər isə o vaxt təyyarəsi partladılan Priqojinin haqq-hesabında olduğu kimi “təyyarəni içində partlayış ola bilərdi” deyə ortalığa yeni versiya atmaq istəyirdilər, amma faktlar bu sözü onların ağzının içində partlatdı, susdular.
Heç Tramp da Panamanı, Danimarkanı, Kanadanı incitdiyi üçün üzrxahlıq etmək fikrində deyil.
Üzr istəsələr, hozu olmazlar axı. Hozuluğun fəlsəfəsində üzrxahlıq yoxdur. Əsl hozu odur ki, önünə keçəni vurub-dağıtsın, qırıb-töksün, amma özünü elə aparsın ki, hələ günah onun əl-ayağına dolaşan əzilənlərdədir.
P.S. Bəlkə də “hozu” yerinə “monstr” yazsam, daha intellektual çıxardı, amma, öz aramızdır, “hozu” daha yaxşı səslənir.
28 Dekabr 2024
27 Dekabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ