Onlayn ictimai-siyasi qəzet
Vilnüs şəhərinin alman işğalından azad edilməsində göstərdiyi müstəsna xidmətlərinə görə 18 fevral 1945-ci ildə müəmmalı və faciəli şəkildə həlak olan general Çernyaxovski məhz bu şəhərdə dəfn olunub. Hərbi şərəflə keçirilən dəfn mərasimi Moskvadan uzaq olsa da, İosif Stalinin əmri ilə Qırmızı meydanda generalın şərəfinə 124 artilleriya qurğusundan yaylım atəşi açılıb. Dünyanın tanınmış siyasi və hərbi xadimləri Çernyaxovskinin vəfatı ilə bağlı Mərkəzi Komitəyə teleqramlar ünvanlayıblar:
“Son dərəcə peşəkar hərbçi olan İvan Çernyxovskinin faciəli şəkildə həlak olması bizi çox sarsıtdı, Böyük Britaniya hökuməti və ordusu İvan Çernyaxovskinin II Dünya müharibəsindəki xidmətlərini heç vaxt unutmayacaq.
Uinston Çörçill”
“Amerika rəsmiləri və silahlı qüvvələri adından general Çernyaxovskinin faciəli şəkildə həlak olmasından təəssüfləndiyimi bildirirəm. II Dünya müharibəsi tarixinə Çernyaxovskinin adı əbədi həkk olunacaq.
Franklin Ruzvelt”
Stalinin imzaladığı nekroloqda isə aşağıdakı cümlə əks olunub:
“Dövlətimiz İvan Çernyaxovskinin simasında ən böyük sərkərdələrindən birini itirdi...”
SSRİ silahlı qüvvələrində İvan Çernyaxovski ən gənc ordu generalı olub. O, general-mayor rütbəsini 1942-ci ildə alıb, 1944-cü ildə, 37 yaşı olanda isə Stalin ona birbaşa iki pillə yüksək olan ordu generalı rütbəsini təqdim edib.
1907-ci ildə Kiyev yaxınlığındakı Uman şəhərində anadan olan Çernyaxoxski valideynlərini uşaqlıq illərində itirib. 14 yaşından çobanlıq etməyə başlayan gələcəyin generalı yetkinlik yaşına çatdıqdan sonra Kiyevə üz tutub, bir müddət zavodda fəhlə işləyib. Sonrakı taleyini isə hərb sənətinə bağlayıb.
Çernyxovski əvvəlcə Kiyevdə Artilleriya Məktəbində, daha sonra Moskva Ali Hərbi Akademiyasında təhsil alıb. Zabit kimi ilk xidmətinə Ukrayna Hərbi Dairəsində başlayıb.
General sovet-alman müharibəsi illərində ən ağır cəbhələrdən keçib. O, Kursk döyüşlərində, Ukraynanın, Belarusiyanın, Baltikyanı respublikaların işğaldan azad olunmasında uğurlu hərbi əməliyyatlara imza atıb. Müharibənin ilk günlərindən onun hərbi talantı, yüksək peşəkarlığı Dövlət Müdafiə Komitəsinin diqqətindən yayınmayıb. Baş qərargahda əməliyyat planları hazırlananda onların ən mürəkkəbi çox vaxt Çernyaxovskiyə həvalə edilib.
Marşal Georgi Jukov müharibənin ən ağır dövrlərində Çernyaxovskini aşağıdakı kimi xarakterizə edib:
“Əməliyyat şəraitinin mürəkkəb olmasına baxmayaraq, hətta yaranmış vəziyyətə görə əməliyyat planından çıxmaq məcburiyyəti qalanda general Çernyaxovski situasiyanı düzgün qiymətləndirməyi, düzgün qərar verməyi bacaran sərkərdə olub. Bu, onun peşəkarlığından, hərbi nəzəri biliklərə və praktiki bacarığa malik olmasından irəli gəlirdi. Çernyaxovski səngərdə etibar ediləsi sərkərdə idi. Ən başlıcası şəxsi heyət ona güvənirdi, zabit və əsgər heyəti arasında böyük nüfuza sahib idi, tabeliyində olanlar ona böyük sevgi və ehtiramla yanaşırdılar ki, bu da müharibə şəraitində vacib amillərdən biridir. Təəssüf edirəm ki, Çernyaxovski sıralarımızı tez tərk etdi...”
Çernyaxovski hərbçilərlə yanaşı Kreml məmurları arasında da böyük nüfuza sahib olub. Xalqın sevgisini qazanan general peşəkarlığı və bacarığı ilə yanaşı, həm də xeyirxah, səmimi, sadə bir insan kimi tanınıb.
Müharibə illərində generalın başçılıq etdiyi hərbi əməliyyatlar Dövlət Müdafiə Komitəsi tərəfindən yüksək qiymətləndirilib. Müharibənin 4 ilində, 1941-1944-cü illərdə 60-cı ordunun və Belarusiya cəbhəsinin komandanı olduğu dövrdə Çernyaxovski 2 dədə Sovet İttifaqı Qəhrəmanı, bir dəfə “Lenin”, 4 dəfə “Qırmızı Bayraq”, 2 dəfə “Suvorov”, 1 dəfə “Kutuzov” ordeni ilə təltif olunub. Hər dəfə Kremldə hərbçilərin təltif olunması müzakirə olunarkən Çernyxovskinin adı çəkiləndə Stalin “Çernyaxovski müzakirə olunmur” deyə ən yüksək ali mükafatları generaldan əsirgəməyib.
Çernyaxovski 18 fevral 1945-ci ildə Polşanın Melzak şəhəri yaxınlığında arxa cəbhədə olan hərbi hissələrdə döyüş hazırlığı keçən şəxsi heyətlə görüşə gedəndə xidməti avtomobilinə atılan artilleriya mərmisindən həlak olub. Mərmi avtomobilə arxa cəbhədən, alman qoşunlarından təmizlənmiş ərazidən atılıb. Bu müəmmalı ölüm əsaslı və əsassız versiyaların ortaya çıxmasına səbəb olub.
Birinci versiyaya görə, Çernyaxovski polyaklar tərəfindən, qisas məqsədilə öldürülüb.
İkinci versiyada generalın Stalin tərəfindən öldürülməsi fikirləri səsləndirilib. Belə ki, guya Stalin Çernyaxovskinin böyük nüfuz sahibi olamsını həzm edə bilməyib. Ümumiyyətlə isə, Stalinin öz sərkərdələrinə qarşı amansız olmağı da bir faktdır.
Digər versiyaya görə, Çernyaxovski tabeliyində olan almanlara satılmış zabitlərin qurbanı olub.
Yuxarıda qeyd etdiyimiz kimi general Vilnüsdə dəfn edilib. Ancaq illər sonra, 1992-ci ildə Litva hökuməti Çernyaxovskinin nəşinin bu ölkədən çıxarılması məsələsini qaldırıb. Generalın Litvanın alman işğalçılarından azad etməsini nəzərə almayan Litva rəsmiləri onun qəbrini “kommunist qalığı” kimi qiymətləndirərək Rusiya qarşısında məsələni rəsmi şəkildə qaldırıblar. Beləliklə, 1992-ci ildə Rusiya hökuməti və generalın qohumları İvan Çernyaxovskinin nəşini Vilnüsdən Moskvaya gətiriblər, Novodeviçye qəbiristanlığında dəfn ediblər.
İlham Cəmiloğlu, Musavat.com
21 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ