İnsanlara hürriyət, millətlərə istiqlal!

İki azərbaycanlı kriminal avtoritet ABŞ-da qadın jurnalisti öldürmək istədi - sifariş bu GENERALDAN gəlib! BÜTÜN DETALLAR

ABŞ-ın Nyu-York ştatının Manhetten federal məhkəməsi azərbaycanlı kriminal avtoritetlər – Rüfət Amirov və Polad Omarovu İran mənşəli müxalif jurnalist və qadın hüquqları fəalı Məsih Əlinicadın qətlini planlaşdırmaqda təqsirli bilib.

Musavat.com xəbər verir ki, bu barədə geniş araşdırmanı Haqqin.az saytı təqdim edib.

Məhkəmə prosesi martın 20-də keçirilib və ittihamlar üzrə son hökmün oktyabrda elan ediləcəyi bildirilib. Rüfət Amirov və Polad Omarova 20 ilə qədər, planı yerinə yetirməli olan azərbaycanlı killer Xalid Mehdiyevə isə 15 ilədək azadlıqdan məhrumetmə cəzası verilə bilər.

Sifariş Tehran rejimindən gəlib

İttiham aktına görə, bu cinayət planı İran İnqilab Keşikçiləri Korpusunun (SEPAH) keçmiş əks-kəşfiyyat rəhbəri, general Ruhullah Bazqəndi tərəfindən verilib. Sifariş 500 min dollar məbləğində qiymətləndirilib və həyata keçirilməsi üçün Amirov və Omarov üzərindən Mehdiyevə ötürülüb.

Polad Omarov və Rüfət Amirovun Şərqi Avropada fəaliyyət göstərən mütəşəkkil cinayətkar qruplaşmanın üzvləri olduğu iddia olunur. Onların bu planı 2020-ci ildən etibarən İran rejiminə qarşı sərt tənqidləri ilə tanınan Əlinicada qarşı aparılan sistemli təqiblərin tərkib hissəsi olub.

Plan necə qurulub?

2022-ci ilin iyulundan etibarən Rüfət Amirov İran rəsmilərindən aldığı informasiyaları Polad Omarova ötürüb. Omarov isə bu məlumatları Nyu-Yorkda yaşayan, əvvəllər pizzadaşıyıcı kimi çalışan, əslən azərbaycanlı olan Xalid Mehdiyevə ötürərək ona tapşırıq verib: Məsih Əlinicadı öldürmək. Qətl müqabilində Mehdiyevə 130 min dollar vəd olunub, 30 min dolları isə avans kimi ödənilib.

Mehdiyev bu vəsaitin bir hissəsini AK-47 avtomatı, iki daraq və 66 patron almaq üçün xərcləyib. 2022-ci il 27 iyulda Omarov Amirova “bu gün məsələ bitəcək” deyə mesaj yazıb və Mehdiyevin Əlinicadın evinə yaxınlaşacağını bildirib. Lakin plan alınmayıb – Mehdiyev polis tərəfindən yol hərəkəti qaydalarını pozduğu üçün saxlanılıb.

Onun icarəyə götürdüyü avtomobildə avtomat, tapança, maska, 1100 dollar və patronlar aşkarlanıb.

Mehdiyev: “Avtomatla onu vurmağa getdim”

Xalid Mehdiyev məhkəmədə qətl planını tam etiraf edib. Bildirib ki, jurnalisti izləyib, hətta bir dəfə onunla evinin qarşısında qarşılaşıb:

“Maşına gedib avtomat götürdüm ki, onu öldürüm. Amma qayıdanda o artıq yox idi”.

O, həmçinin məhkəmədə bildirib ki, Azərbaycanda 10 il ərzində adam öldürmə, adam oğurluğu və reketlə məşğul olub.

İttihamda göstərilir ki, Mehdiyev əvvəllər Əlinicadla ünsiyyət qurmağa çalışıb – ona “siz əla jurnalistsiniz” kimi mesajlar yazıb, hətta ABŞ-da sığınacaq almaqda kömək istəyib. Məqsəd – jurnalistin həyatına daxil olmaq və onu asanlıqla aradan götürmək imkanı əldə etmək olub.

Plan niyə baş tutmadı?

Polad Omarov Mehdiyevin bu yolla qətl planı qurmasını riskli sayıb və onunla yazışmalarında bu ifadələri işlədib:

“O, tanınmış insandır. Əgər Nyu-Yorkun mərkəzində güllələnsə, böyük səs-küy qalxacaq. Polis bizi hər yerdə axtaracaq”.

Alternativ olaraq jurnalistin evinin yandırılması təklif edilib. Lakin Mehdiyev bu planla razılaşmayıb:

“Xeyr, biz onu məhz belə öldürməliyik,” – deyə məhkəmədə bildirib. Omarov isə “kontrol atəşi” ilə işi bitirməyi tapşırıb.

Həbsdən sonra da təhdidlər davam edib

Maraqlı məqamlardan biri odur ki, həbsdən sonra Mehdiyev gizli yolla mobil telefon əldə edib və Omarovla əlaqə saxlayıb. Omarov isə bu zəngdə onu sərt şəkildə danlayaraq, “evə getmişdin, niyə işi bitirmədin?” deyə qəzəblənib və hətta Mehdiyevin ailəsini öldürməklə hədələyib.

Məsih Əlinicaddan reaksiya: “Bu yalnız başlanğıcdır”

Məsih Əlinicad məhkəmə qərarını “ədalət naminə qismən uğur” kimi dəyərləndirib. O, “X” sosial şəbəkəsində yazıb:

“İlk dəfədir ki, İran İslam Respublikası ABŞ ərazisində həyata keçirdiyi terror kampaniyasına görə məsuliyyət daşıyır. Bu, yalnız başlanğıcdır – biz rejimin zorakılıq şəbəkəsinin tam ifşasını istəyirik.”

Əlinicad əlavə edib ki, “Əsl günahkarlar – Ali Xamenei və SEPAH rəhbərliyi hələ də hakimiyyətdədir və ədalət qarşısına çıxmalıdırlar”.

Digər təfərrüatlar

• Rüfət Amirov 2023-cü ildə Özbəkistanda, Polad Omarov isə Çexiyada saxlanılıb.
• Amirov saxlanıldıqdan sonra Qazaxıstanda sifarişli qətl törətdiyini etiraf edərək ümid edib ki, onu ABŞ-a deyil, Qazaxıstana təhvil verəcəklər. Lakin Özbəkistan onu ABŞ-a təhvil verib.
• İttiham aktında Ziyalat Məmmədov (Gürcüstan vətəndaşı), Hacı Tahir, Hüseyn Səddiqi, Seyid Məhəmməd Foruzan və Ruhullah Bazqəndi (hamısı İran vətəndaşları) beynəlxalq axtarışa verilib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Mart 2025

BÜTÜN XƏBƏRLƏR