İnsanlara hürriyət, millətlərə istiqlal!

İdman zalları və məşqçilərə kim nəzarət etsin? - fiziki və psixoloji işgəncə faktları çoxdur!

Ekspertlər aidiyyəti qurumları biganəlikdə günahlandırdı; “Bir neçə qurum bu işə nəzarət etməli, məşqçi müəllimlərin seçilməsinə diqqəti artırmalıdır”

Sumqayıt şəhəri 19 nömrəli tam orta məktəbin idman zalında Avropa oyunlarının mükafatçısı, idman ustası, məşqçi-müəllim Mehman Xəlilovun ora yenicə məşqə gələn 2016-cı il təvəllüdlü Fərid Bakarovu işgəncə ilə öldürməsi idman zalları və məşqçilərlə bağlı ciddi problemlərin olduğunu üzə çıxarıb.

Bu hadisə baş verdikdən sonra sosial şəbəkələrdə yüzlərlə şəxs bildirir ki, onun ailə üzvü və ya qohumu olan uşaqlar da zaman-zaman idman zallarında fiziki və psixoloji işgəncələrə məruz qalıblar, bir çoxlarının sağlamlığına, psixikasına ciddi zərbələr dəyib. Fəridin ölümü ilə bağlı açıqlanan rəsmi xəstəxana rəyində deyilir: “Təşrihə göndərilən zaman diaqnoz dəqiqləşməmiş kəllə-beyin travması, dəqiqləşməmiş koma, ürək-damar çatışmazlığı və tənəffüs çatışmazlığı olub”.

Bu, uşağın ağır xəsarətlər alması ilə yanaşı, həm də loru dillə desək, başına gətirilənlərdən dəhşətli qorxudan ürək çatışmazlığı yaşaması kimi də anlaşılır.

Ümumiyyətlə, ortaya çıxan faktlar onu deməyə əsas verir ki, dövlət idman zalları və məşqçilərlə bağlı ciddi tələblər qoymalı, nəzarət mexanizmləri tətbiq etməlidir.

Habelə, idmana gələn uşaqların obyektiv şəkildə sağlamlıq imkanları araşdırılmalıdır, fiziki göstəriciləri ağır idman məşqlərinə imkan verməyənlər kortəbii şəkildə idmana cəlb olunmamalıdır. Bu işi konkret hansı qurum həyata keçirməlidir? İdman zallarına və məşqçilərin peşəkarlığına kim nəzarət etməlidir və etsin?

Vəkil Turan Abdullazadə ilə müsahibə

Turan Abdullazadə

Vəkil Turan Abdullazadə “Yeni Müsavat”a dedi ki, məşqçi mənsub olduğu idman növü üzrə müvafiq federasiyadan lisenziya almasa, işləyə bilməz: “Məsələn, Sumqayıt şəhəri 19 nömrəli tam orta məktəbin idman zalında fəaliyyət göstərən məşqçi M.Xəlilov cüdo növü üzrə uşaqlara məşq keçirsə, onun Cüdo Federasiyası tərəfindən verilmiş lisenziyası olmalıdır. Əvvəlcə məşqçinin lisenziyasının olub-olmaması məsələsi araşdırılmalıdır. Habelə, hadisə Sumqayıt şəhəri 19 nömrəli tam orta məktəbin idman zalında baş verib. Məktəblər isə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin nəzarətindədir. Bu səbəbdən həmin nazirlik də məşqçi müəllimlərin seçilməsinə nəzarəti gücləndirməli və azyaşlı uşaqlarla işləyən idman müəllimləri barədə xüsusi tələblər olmalıdır. Məsələn, şəxs yaxşı məşqçi ola bilər, ancaq onun uşaqlarla işləmək bacarığı olmaya bilər. Ona görə də azyaşlılarla işləyən müəllimin pedaqoji bilikləri olmalı, əsəb pozğunluqları və psixoloji problemləri olmamalıdır. Eyni zamanda Gənclər və İdman Nazirliyi bu sahədə mütəmadi maarifləndirmə işləri aparmalı, məşqçilərin, trenerlərin, idman federasiyalarının fəaliyyətinə ümumi nəzarəti həyata keçirməli, nöqsanların aradan qaldırılması ilə bağlı müvafiq tapşırıqlar verməlidir. Günümüzün reallığıdır ki, bəzi idmançılar gedib VÖEN açdırmaqla və ya hüquqi şəxs yaratmaqla lisenziyasız məşqçilik edirlər. Buna görə də Dövlət Vergi Xidməti idman klubları və idman zalları  açmaq istəyən şəxslərin qeydiyyata alınmasına xüsusilə həssas yanaşmalı, lisenziyası olmayan idmançıların və məşqçilərin qanunsuz fəaliyyətinə şərait yaradacaq halların baş verməsini preventiv tədbirlərlə önləməlidir”.

AYDIN ƏLİYEV RADİOLOQ | Azərbaycan Tibb Ensiklopediyası

Aydın Əliyev

Həkim-radioloq Aydın Əliyev bizimlə söhbətdə qeyd etdi ki, bütün fiziki idman məşqçiləri baş vermiş qandonduran, amansız qətldən nəticə çıxarmalıdır: “Eləcə də fiziki idman təlim-məşqləri keçən müəllimlərin fəaliyyətinə başlamazdan öncə tibbi-psixoloji testlərdən keçməsi və onların bu yöndə maarifləndirilməsi mütləqdir.  Videoya baxarkən uşağın halsız olduğu, səhhətinin normal olmadığı açıq-aşkar görünür. Bu durumda ona fiziki şiddət göstərərək məşqə davam etməyə məcbur etmək məşqçinin psixi sağlam olmadığının açıq-aşkar göstəricisidir və bu tip insanların məşq keçməsi yolverilməzdir! Valideynlər, övladlarımızın istər məktəb, istərsə də məktəbdən kənar həyatını ciddi müşahidə etməli və narahatedici durumlarda mütləq müdaxilə etməliyik. Son aylarda uşaq evlərində və məktəblərdə olan hadisələr bunu bir daha təsdiq edir”.

Uzun illər güləş üzrə müəllim kimi çalışan Ramin Allahverdi isə başqa problemə toxunub. O qeyd edib ki, idmana cavabdeh qurumlar idman məktəblərində çalışan müəllimlərdən qısa müddətdə nəticə tələb edib onları təzyiq altında saxlamamalıdırlar: “Belə olan halda məşqçilər iş yerlərini itirməmək üçün azyaşlı uşaqlara böyük yaşlı uşaqların məşq proqramına uyğun məşq verirlər ki, uşaq tez yetişsin. Nəticədə isə travma riskləri artır və hətta bəzən bu ölümlə nəticələnir. Düzdür, bəzən naşı məşqçilərin məsuliyyətsizliyi üzündən də bu baş verə bilər. Amma 20 illik məşqçilik təcrübəmdən onu deyə bilərəm ki, əksər idman məktəblərinin rəhbərləri medal verməyən məşqçiləri saatlarını azaltmaqla və ya işdən azad etməklə hədələyirlər. Belə olan halda isə məşqçilər uşaqları metodiki qaydalara zidd olaraq həddindən artıq yükləyirlər və onların sağlam həyatını risk altına salırlar. Məşqçilər sanki uşaq yetişdirmək üçün qonkaya çıxıblar. Kiminsə bədbəxtliyi üzərində xoşbəxtlik axtarmaq olmaz. Belə rəqabət olmaz. Məşqçilərə sərbəstlik verin, imkan verin cəmiyyətə sağlam əqidəli, sağlam-fiziki kamil uşaqlar yetişdirsinlər. Vaxtı gələndə medal verən də medalını verəcək”.

Təhsil eksperti Kamran Əsədov isə qeyd edir ki, azyaşlı uşaqlara dərs keçən repetitor və kurslar, idman mərkəzləri məcburi lisenziyalaşmaya cəlb olunmalıdır: “Mütəmadi monitorinqlər keçirilməlidir. Hərə 3-4 partanı yanaşı qoyur, bir zal götürür yığır azyaşlıları ora, heç bir yoxlama aparılmır, dərs keçir, idman keçir.

Baxın son 3 il ərzində azyaşlıların iştirakı ilə baş verən zorakılıq hallarına.

Dərs, təlim keçənlərin fiziki, tibbi, psixoloji yoxlaması aparılmır. Eyni zamanda ictimai-iaşə xidmətlərinin göstərilməsi qaydaları var. Bu qaydalar dəyişilməlidir. Bütün xidmət göstərilən yerlərin hamısı kamera  ilə təmin olunmalıdır. Valideynlərin rahat şəkildə izləmək imkanı olacaq qurğular quraşdırılmalıdır. Bu, əslində çox ucuzdur. Eləcə də hər bir ictimai iaşə xidməti göstərilən yerlərin hər birində ilkin tibbi yardım göstərilməsi üçün infrastruktur olmalıdır və bu mütləqdir. Bundan başqa, hər ay ictimaiyyət nümayəndələrinin, bu sahə üzrə mütəxəssislərin iştirakı ilə müstəqil şəkildə yoxlamalar aparmalıdır. Elm və Təhsil Nazirliyi böyük qazanc əldə etdiyi bu yerləri kimlər icarəyə götürüb, işlətdiyini bilməlidir. Ancaq nazirlik bununla maraqlanmır. Yəni həmin şəxsin orada xidmət apara, təlim verə, dərs deyə biləcək, biliyi, bacarığı, psixoloji vəziyyəti varmı? Çox təəssüf ki, maraqlanmırlar".

Ucuz valyuta inkişafa həmişə qarant verirmi? – ELMAN SADIQOV YAZIR… - FED.az

Elman Sadıqov 

İqtisadçı ekspert Elman Sadıqov da mövzu ilə bağlı fikirlərini bildirib. O qeyd edib ki, 7 yaşlı o məsum uşağın insanlığa yaraşmayan davranışlar nəticəsində ölümü üzücü olduğu qədər çox dərslərin çıxarılacağı bir düşündürücü hadisədir: “Bu hadisə hansı təhlükələrin, risklərin olduğunu üzə çıxartdı? Ən azı üç əsas həyəcan siqnalı var. Birinci həyəcan siqnalı, həmin "məşqçi" normal psixologiyaya malik insan olmayıb. Videodan görünür. Normal psixologiyaya malik insan uşağa əl qaldırmaz. Əlavə olaraq, bu adam sadist, mozaxist kimi davranır, çünki heç bir yanlış hərəkət etməyən uşaqlara qarşı güc tətbiq edir, anormal davranışlar sərgiləyir. Döyüş idman növləri üzrə bütün məşqçilər belədir? Qətiyyən. Bizim uşaqların kiçik yaşlarında karate üzrə məşqçiləri uşaqlarla çox qayğıkeş, ehtiyatla, sayğıyla davranaraq böyük hörmət qazanmışdılar. Bəs bütün məşqçilər belədir? Görünür ki, deyilmiş. Deməli, hələ də təhlükələr ola bilər. Hansı təhlükələr? O cür davranılan uşaqlar gələcəkdə həmin “məşqçi-idmançı” kimi təhlükəli olacaq. Uşaqlıqda döyülən, əzilən, bu cür “yetişdirilən” idmançılar gələcəkdə öyrəndiklərindən özünümüdafiə, zəif birini müdafiə üçün deyil, əzmək, öz gücünü göstərmək, reketlik, kriminal dəstələrlə əməkdaşlıq sahələrində tətbiq edəcəklər. Çünki insan zorakılıq tətbiqini uşağı “kişi” kimi böyütmək hesab edir (həmin ölən uşağın anası öz müsahibəsində bunu qeyd edib ki, həmin “məşqçi” onun da üstünə çığırıb və uşağı qız kimi böyütməsini irad tutub). Qeyd etdiyim səbəbdən, məşqçilərin psixoloji vəziyyətləri, davranışları ciddi bir şəkildə yoxlanılmalıdır ki, gələcək üçün sağlam uşaqlar yetişsin, psixoloji cəhətdən xəstə, natamamlıq kompleksi olan, uşağı, gücsüzü döymək, üzərində güc tətbiq edib bunu kişi kimi yetişdirmək hesab edən psixopatlar yetişməsin.

İkinci həyəcan siqnalı valideynlərlə bağlıdır. Həmin uşağın valideynlərində də təqsir olub. Ağrı-acıları çoxdur. Amma günahları da çoxdur. Atası niyə gedib məşqləri izləməyib? Ən azı bir valideyn üçün kiçik 7 yaşlı övladının məşqi, göstəriciləri, məşqçinin məşq keçmə metodu, davranışları maraqlı olmalıdır. Getsəydi, həmin “məşqçi” valideynin gözü önündə kobud davranmasa da, nə qədər artistlik edərək süni davranışlarla normal davranmağa çalışsa da, normal göz və müşahidə ilə anormallığı hiss etmək olardı.

Üçüncü həyəcan siqnalı, valideyn-övlad münasibətlərindəki boşluqdur, dialoq və səmimiyyətin olmamasıdır. Övladlarla səmimi olmaq, onları anlamaq, dinləməyi, hiss etməyi bacarmaq vacibdir. Uşaq valideyninə qarşılaşdığı xoşagəlməz vəziyyəti, istədiyi ilə istəmədiklərini ifadə etməyi bacarmalıdır, çəkinməməlidir. Bunun olmaması çox təhlükəli tendensiyadır. Bir deyil, oradakı bir neçə uşaq evdə qorxularından valideynlərinə heç nə deməməsi isə daha dəhşətlidir. Bu cür böyüyən uşaqlar öz problemlərini, seçimlərini valideynlərinə bildirmir, özlərini ifadə edə bilməyən, özünə qapanan və uçuruma gedən bir insana çevrilirlər.

Hər birimizin ən başlıca vəzifəsi özümüzdən daha savadlı, daha insanpərvər, daha mübariz, öz hisslərini, fikirlərini daha yaxşı ifadə edə bilən övladlar yetişdirməkdir. Bir növbəti nəsil öncəkindən daha avanqard, mükəmməl olmalıdır ki, dövlət, cəmiyyət inkişaf etsin. Əks halda, bizi təkamül deyil, deqradasiya, gerilik gözləyər".

Afaq MİRAYİQ,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR