İnsanlara hürriyət, millətlərə istiqlal!

İçərişəhərdə xalçaların sehrində - REPORTAJ

Mayın 3-4-də İçərişəhərdə möhtəşəm səviyyədə Beynəlxalq Xalça Festivalı keçirilib. İlk gün Qoşa Qala meydanında açılış mərasimi keçirilənfestivalın ikinci, sonuncu günü də izdihamlı və coşqulu olub.

Musavat.com bildirir ki, “Azərxalça” ASC və “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin təşkilatçılığı, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi və Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin – AZPROMO-nun dəstəyi ilə keçirilən festivalda Azərbaycanla yanaşı, Türkiyə, Qazaxıstan, Pakistan, Tatarıstan, Özbəkistan, Gürcüstan, İran, Rusiya və digər ölkələrdən xalçaçılar, istehlakçılar, sənət adamları iştirak ediblər. İçərişəhərdə ölkələrin adına qurulmuş povilyonlarda müxtəlif sənət əsərləri festival iştirakçılarına təqdim olunub.

Qoşa Qala qapısından Qız qalasınadək, həmçinin Şirvanşahlar Sarayına, İçərişəhər metrostansiyasınadək xalçalar döşənib, evlərin eyvanlarından da ilmə-ilmə ərsəyə gətirilən xalılar asılıb. Festivalda paytaxt sakinləri ilə yanaşı, çoxsaylı turistlərin iştirakı da diqqət çəkib. Min illərin o tayından xəbər verən İçərişəhərin qala divarları arasında hər kəs xalça dünyasının sehrinə düşmüşdü. Qarabağ, Qərbi Azərbaycan və digər tarixi ərazilərimizin sənət əsərlərinin təqdimatı böyük maraqla qarşılanıb. Festivalın keçirildiyi ərazilərdə iştirakçıların istirahəti, istədikləri vaxt əyləşib nəfəs dərmələri üçün rahat məkanlar da yaradılmışdı. Musiqi sədaları altında rəqs edən gənclər bayrama tamam başqa rəng qatırdılar. Həmçinin musiqiçilərə qoşulub “Sarı gəlin”i mükəmməl səviyyədə ifa edənlər də alqışlar qazandılar. Festivalda uşaqlar da unudulmumışdı.

Balaca iştirakçılar növbə ilə xalça ilə bəzədilmiş “Belorus” markalı traktorun sükanı arxasında əyləşir, həmçinin rəsm çəkmək, plastilinlə fiqurlar hazırlamaq və digər əl bacarıqlarını nümayiş etdirmək şansı qazanırdılar. Təşkilatçılar çox mükəmməl idilər. Hər kəsin çöhrəsində sevinc, məmnunluq gördük. Quzey Kıprıs Türk Cümhuriyyətinin Azərbaycan nümayəndəliyinin təmsilçisi Ufik Arda Turganer və onun həyat yoldaşı da festivalın yüksək səviyyədə təşkil olunduğunu və çox razı qaldıqlarını söylədilər.  

Qeyd edək ki, festival İçərişəhərin UNESCO Ümumdünya İrs Siyahısına daxil edilməsinin 25, Azərbaycanın ənənəvi xalçaçılıq sənətinin UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilməsinin isə 15 illiyi ilə üst-üstə düşür. Yeri gəlmişkən, Prezident İlham Əliyevin 2016-cı ildə imzaladığı Sərəncama əsasən, mayın 5-i ölkəmizdə Xalçaçı Günü kimi qeyd olunur. Həmin gün ərəfəsində bayram ovqatını yaradan Beynəlxalq Xalça Festivalına start verilməsi, müxtəlif ölkələrdən qonaqların dəvət olunması xalqımızın çalçaçılıq sənətində də böyük potensiala malik olmasını beynəlxalq səviyyədə təqdim etmək üçün əlavə imkanlar yaradır. İlk gündən bildirilmişdi kli, Festivalın keçirilməsində əsas məqsəd Azərbaycan xalçaçılıq sənətini dünya müstəvisində tanıtmaq, həmçinin dünya xalçaçılarının təcrübəsindən yararlanmaqdır. Zaman-zaman Azərbaycan xalçalarını o qədər mənimsəməyə cəhd göstərənlər olub ki...Bu mənada İçərişəhərdə keçirilən tədbirin əhəmiyyəti çox böyükdür. Sevimli yazıçımız Mircəlal Paşayevin “Bir gəncin manivesti”ndə Sona xalanın “İtə ataram, yada satmaram”, ifadəsi ilmə-ilmə ərsəyə gətirilən xalçanın Azərbaycan xalqı üçün nə qədər qiymətli və müqəddəs olduğunu sübut edirdi. Elə Qız qalasının qarşısında xalça toxunmasını iştirakçılara əyani şəkildə təqdim edən xanımın hər ilmənin üstündə necə əsdiyini gördükdə bir daha bu sənətin nə qədər əziyyətli olduğunu bir daha gördük.

Bu kimi tədbirlər ölkəmizin, xalqımızın beynəlxalq səviyyədə tanınması, sənət əsərlərimizin, mədəniyyətimizin əzəmətini nümayiş etdirmək üçün çox böyük əhəmiyyət kəsb edir.

Elşad Paşasoy,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 May 2025

04 May 2025

BÜTÜN XƏBƏRLƏR