Onlayn ictimai-siyasi qəzet
Bu günlərdə “Euronews” telekanalının suallarına cavab verən Azərbaycan Prezidenti İlham Əiyev Qarabağın dağlıq hissəsindəki evlərini tərk edərək Ermənistana sığınmış erməni qaçqınların məsələsi barədə suala belə cavab verib: “Ermənistanda azərbaycanlıların sayı ermənilərin Azərbaycandakı sayından daha çoxdur və təxminən 300 min insan təşkil edir. Əgər rəsmi İrəvan Azərbaycanda erməni azlığı məsələsini əks etdirmək istəyirlərsə, onda biz də otuz il əvvəl Ermənistandan qovulmuş azərbaycanlı azlığı məsələsini daxil etmək istərdik”.
Bu arqument 2020-ci ilin payızına və 2023-cü ilin sentyabrına qədər səsləndiriləndə bir başqa cür səciyyə daşıyırdı, indi başqa xaraktedədir. Nə qədər ki, ermənilər Azərbaycan torpaqlarında, Xankəndi və ətraf rayonlarda əmin-arxayın, özlərini güclü və qalib, müharibəni bitmiş sayaraq yaşayırdılar, vaxtilə Ermənistanda yaşamış azərbaycanlılarla bağlı hər hansı bir iddianı qulaqardına, eşitməzliyə vurur, bunu ümumiyyətlə, müzakirə predmeti etmək istəmirdilər.
Onlar hətta Qarabğdan məcburi köçkün olan yüz minlərlə insanın geri qayıtması məsələsini məqsədəuyğun saymır, iki xalqın iç-içə yaşaması perspektivinin olmadığını bildirir, Ermənistan prezidenti səviyyəsində “milli uyuşmazlıq”dan danışırdılar. 2023-cü ilin sentyabrından sonra necə oldusa, ermənilərdə başqa millətlə dinc-yanaşı yaşamaq qabiliyyəti və həvəsi əmələ gəldi.
Prezident İlham Əliyevin həmin suala cavabının mabədi belədir: “Ölkəmiz iki milli azlığın məsələsini, onların hüquqları və təhlükəsizliyini, o cümlədən qayıtmaq hüququnu qeyd edir. Yəni, təkcə ermənilərin Azərbaycana qayıtması deyil, o cümlədən azərbaycanlıların Ermənistana qayıtması məsələsini qoyuruq. Azərbaycanlıların 30 il əvvəl qovulması və ermənilərin iki ay əvvəl ölkəmizi tərk etmək qərarı arasında fərqin əhəmiyyəti yoxdur”.
Gerçəkdən də, bir insanın öz doğma yurdundan 35 il əvvəl didərgin düşməsi ilə oradan 35 gün əvvəl çıxmasının elə bir fərqi yoxdur. İkisi də eyni cür sıxıntı, mərhumiyyət deməkdir. Fəqət ermənilər düşünürdülər ki, bu məsələ uzandıqca, azərbaycanlıların geri qayıtmaq həvəsi öləcək: yaşlı nəsil vəfat edəcək, orta nəsil yaşlanacaq və yenidən köç, yerləşmək, köhnə yurdlarda yeni yuva qurmaq həvəsini itirəcək, gənc nəsil doğulduqları məkanlarda yerbəyer olacaq, özlərinə iş tapacaq, ev tikəcəklər. Beləcə, “ata yurduna dönüş” məsələsi aktual olmayacaq.
Ermənilərin ən böyük yanlışı onda oldu ki, birbaşa zülmə məruz qoyduqları insanların sayını və hiddətini düzgün hesablaya bilmədilər. Sonrakı artımlarla 1 milyondan çox insan deportasiyaya, zorakılığa, qəsdə məruz qalmışdı və onlar bu zülmü unutmur, qisas anının yetişəcəyi günü gözləyirdilər. Sonradan yetişən və heç vaxt nə Göyçə, Vedi, İrəvan, eləcə də Şuşa, Füzuli, Ağdam üzü görməyən on minlərlə 20-30 yaşlı gənclər belə “işğal altında olan doğma torpaqlar” faktı ilə barışmırdılar.
Qarabağ ermənilərinin son 3 ildə buraxdıqları daha bir böyük səhv isə bu ilin sentyabr ayının 19-20-də keçirilən lokal antiterror əməliyyatından dərhal sonra ellikcə Qarabağı tərk etmələri oldu. Onlardan bunu tələb edən yox idi və olmayacaqdı. İndi bir çox yerlərdə bu addımın məcburiyyət üzündən atıldığını deyirlər, qeyd edirlər ki, ermənilər qətliamlardan, kütləvi zorlamalardan qaçıblar. Elə şey olmayacaqdı. Ermənilərin ağılları özlərinə gedir. Bəli, onlar işğal etdikləri rayonlarda əllərinə bu qədər mülki insan keçsəydi məhz elə edərdilər, qoca və gənc kişiləri qazdıqları xəndəklərin qırağına düzüb güllələyər, qadınları zorlayar, uşaqları girov götürərdilər. Onlar belə şeylər ediblər. Ona görə də işğaldan azad olunmuş rayonlardan vaxtaşırı kütləvi məzarlıqlar tapılır. Məhz bu üzdən ermənilər zülmə məruz qoyduqları azərbaycanlıların daha humanist davranacağını gözləmirdilər.
Ancaq Azərbaycanın dövlət başçısı bu xüsusda belə deyib: “Qarabağ erməniləri ilə bağlı ictimaiyyətə verdiyimiz bəyanat və sonradan atdığımız addımlar göstərdi ki, biz istəyirdik onlar qalsınlar. Azərbaycan elektron qeydiyyat portalını yaradıb. Qayıtmaq istəyən hər kəsin belə bir hüququ var. Onların mülkiyyəti lazımi dərəcədə qorunur. Bütün tarixi və dini yerlər lazımınca qorunur”.
Elə olmağına elədir. Azərbaycan tərəfi ermənilərə və onların havadarlarına demaqoqluq etmələri üçün heç bir bəhanə verməyib, tarixi və dini məkanlar, eləcə də ermənilərə məxsus mülklər qorunub saxlanılıb. Onlar prinsipcə, öz evlərinə qayıdıb yaşaya bilərlər. Lakin bu, köhnə günlərdəki kimi yaşayış olmayacaq. Onlar Azərbaycan dövlətinin qanunlarına tabe olmalı olacaqlar və hər dəqiqə hansı ölkənin vətəndaşları olduqlarını biləcəklər.
Ən yaxşısı o olar ki, bir-birilə qan düşməninə çevrilmiş bu iki xalq uzun illər, ədavət unudulana qədər iç-içə yaşamasınlar. Bu tezlikdə ermənilərlə azərbaycanlıların qaynayıb-qarışması mümkün deyil. Ortada təkcə qan düşmənçiliyi yox, həm də namus düşmənçiliyi var və bunun bağışlanması çox çətindir.
İki xalqın nümayəndələrinin yenidən eyni şəhərlərdə və qəsəbələrdə yerləşdirilməsi məcazi mənada desək ayaq altına mina basdırmaq kimi bir şeydir. Ən pisi odur ki, belə olarsa, ayaq altına mina basdırmaq məsələsi təkcə məcazi mənada olmayacaq. Revanş etmək, onları məğlubiyyətə uğratmış Azərbaycan türklərinə zərər vermək üçün alışıb-yanan ermənilər çoxdur.
Araz Altaylı, Musavat.com
22 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ