Onlayn ictimai-siyasi qəzet
Sosial medianın Azərbaycan seqmentində növbəti dəfə rus dilinin ibtidai siniflərdə tədrisi ilə bağlı müzakirələr başlayıb. Bəstəkar və müğənni Murad Arif Elm və Təhsil Nazirliyinə müraciət ünvanlayıb. O, nazirliyin fəaliyyətindəki nöqsanlara diqqət çəkərək rus dili bölməsində təhsil alan uşaqların yaşadığı çətinliklərdən danışıb.
Müğənni rus bölməsinin bağlanmağının tərəfdarı olduğunu dilə gətirib: “Əgər hörmətli Elm və Təhsil Nazirliyi şagirdlərə Azərbaycan dilini öyrətmək istəyirsə, rus bölməsində Azərbaycan dili fənn olaraq gücləndirilməlidir və bu fənn həftədə 4 dəfə keçirilməlidir. İbtidai siniflər üçün rus bölməsi bağlanmalıdır və 4-cü sinfə qədər hamı ölkənin dilinə yiyələnməli, 4-cu sinifdən sonra istəyən rusca, istəyən yaponca oxumağı seçməlidir. Amma rus bölməsində Azərbaycan tarixini Azərbaycan dilində tədris etmək yalnız bir nəticə verəcək - uşaqlar tariximizi bilməyəcəklər. Bu qədər bəsit. Balalarımız təcrübə dovşanı deyil”.
Sabir Rüstəmxanlı
Sabiq deputat Sabir Rüstəmxanlı hesab edir ki, ölkənin bütün vətəndaşları ibtidai təhsilini, hətta 8-ci sinfə kimi təhsili azərbaycan dilində almalıdırlar. S.Rüstəmxanlı “Yeni Müsavat”a şərhində bildirdi ki, xarici dili istənilən yaşda öyrənmək olar: “İbtidai sinifdə təhsilin yalnız ana dilində olması təklifi çox yaxşıdır, amma sayı bilinməyən xarici dilli məktəblərin fəaliyyəti davam edərsə, bunun müsbət nəticəsi olmayacaq. Hesab edirəm ki, rus, alman, yaxud başqa millətdən olanlar üçün məktəblərin açılması normaldır. Rusiyada, Türkiyədə və başqa ölkələrdə azərbaycan dilində məktəblər var. Amma özünü azərbaycanlı sayan bütün uşaqlar ibtidai təhsilini ana dilində almalıdırlar. Onlarla rus məktəbi varsa, azərbaycandilli məktəbdə rus dili öyrənməyən uşaqlar həmin məktəblərə yönələcəklər. Əsas problem Azərbaycanda rusdilli məktəblərin sayının çoxluğudur. Bu say azalmır, əksinə, getdikcə artır. Mən bunu başa düşə bilmirəm. Bir çox valideyn evdə ana dilində danışdığını əsas gətirir. Evdə ana dilində, məktəbdə xarici dildə danışan uşağın düşüncəsi, təfəkkürü azərbaycanlı təfəkkürü olmayacaq. Bəlkə də xarici dildə təhsil alan uşaqlar üçün əlavə tədris vəsaitləri tapmaq daha asandır, amma son zamanlar azərbaycandilli təhsil müəssisələrində təhsil səviyyəsi rus məktəblərininkindən daha yüksəkdir. Xarici dildə tədris aparan məktəblərin ana dilində tədris keçilən məktəblərdən guya yaxşı olduğunu demək ayıbdır.
Yalandan deyirlər ki, rus məktəblərində Azərbaycan dilini öyrədirlər, amma ana dilimizin tədris səviyyəsi çox aşağıdır".
Kamran Əsədov
Təhsil eksperti Kamran Əsədovun fikrincə, Azərbaycan dili və digər humanitar fənlərin dövlət dilində tədrisi milli kimliyin formalaşması, vətənpərvərlik ruhunun gücləndirilməsi və mədəni irsin qorunmasında əsas vasitələrdən biridir. “Yeni Müsavat”a açıqlamasında ekspert fikirlərini belə əsaslandırdı: “Azərbaycan Respublikasının Konstitusiyasına görə, Azərbaycan dili dövlət dili olaraq milli birliyin təməlidir. Bu, yalnız hüquqi yanaşma deyil, eyni zamanda tarixi və mədəni zərurətdir. Təhsil sistemində bu prinsiplərin yerinə yetirilməsi, həm şagirdlərin dövlət dilində mükəmməl biliklər əldə etməsini, həm də milli ruhun qorunmasını təmin edir. Statistik məlumatlar göstərir ki, hazırda ümumi təhsil müəssisələrində şagirdlərin 65%-dən çoxu Azərbaycan dilində təhsil alır. Bununla yanaşı, digər dillərdə təhsil alan şagirdlər üçün dövlət dilinin tədrisi xüsusi əhəmiyyət daşıyır. ”Təhsil haqqında" qanuna əsasən, Azərbaycan tarixi, Azərbaycan dili və Azərbaycan ədəbiyyatı fənlərinin dövlət dilində tədrisi məcburidir. Qanunun 5-ci maddəsi göstərir ki, təhsil sistemi milli-mənəvi dəyərlərin qorunması və inkişafı prinsipi üzərində qurulmalıdır. Bu, hər bir şagirdin milli dəyərləri mənimsəməsi və öz köklərinə bağlılıq hissi ilə böyüməsi üçün vacibdir. Xüsusilə, rus bölmələrində təhsil alan şagirdlərin əksəriyyətinin Azərbaycanlı ailələrdən olduğu nəzərə alınarsa, bu fənlərin Azərbaycan dilində tədrisi onların dövlət dilinə olan münasibətini daha da möhkəmləndirir. Pilot layihə olaraq rus bölmələrində Azərbaycan tarixi fənninin Azərbaycan dilində tədrisi ilə bağlı həyata keçirilən proqramın nəticələri, bu yanaşmanın effektivliyini ortaya qoyub. Tədqiqatlar göstərir ki, bu cür yanaşma tətbiq edilən məktəblərdə şagirdlərin 78%-i dövlət dili üzrə göstəricilərini əhəmiyyətli dərəcədə yaxşılaşdırıb. Eyni zamanda, şagirdlərin tarixə və milli dəyərlərə marağı artıb. Bu, yalnız dil bacarıqlarını deyil, həm də dövlətçilik düşüncəsini inkişaf etdirmək baxımından uğurlu bir addımdır. Müsbət tərəflərdən biri də odur ki, Azərbaycan dili vasitəsilə şagirdlər milli ədəbiyyatı daha dərindən mənimsəyir. Ədəbi əsərlərin orijinal dilində öyrənilməsi onların mənəvi dəyərlərini daha dəqiq anlamağa və mədəniyyətin mahiyyətini dərindən dərk etməyə imkan verir. Tərcümələrdə məna itkiləri müşahidə edildiyi halda, orijinal mətnlər üzərində iş aparmaq şagirdlərin analitik və estetik düşüncələrini də inkişaf etdirir. Misal üçün Məmməd Araz, Əhməd Cavad və ya Mirzə Ələkbər Sabir kimi şairlərin əsərləri yalnız dilin gözəlliklərini deyil, həm də milli düşüncənin zənginliyini aşılayır".
Dünya təcrübəsinə diqqət çəkən ekspert qeyd edib ki, xarici ölkələrdə milli dillərin qorunması və təhsildə ön plana çəkilməsi sahəsində bir çox nümunələr mövcuddur: “Məsələn, Estoniya və Latviya kimi ölkələrdə milli dilin qorunması məqsədilə təhsil sistemində dövlət dilinin tədrisinə xüsusi diqqət yetirilir. Estoniyada məktəblərin 90%-dən çoxunda təhsil eston dilində aparılır və digər dillərdə təhsil alan şagirdlər üçün eston dili dərsləri məcburi şəkildə tədris edilir. Bu yanaşma onların cəmiyyətə inteqrasiyasını asanlaşdırır və milli birliyi gücləndirir. Fransada isə fransız dilinin qorunması və gücləndirilməsi məqsədilə dövlət səviyyəsində xüsusi proqramlar həyata keçirilir. Bu proqramlar çərçivəsində xarici mənşəli şagirdlər üçün intensiv fransız dili kursları təşkil olunur və onların təhsil prosesi boyunca bu dili mükəmməl öyrənməsi təmin edilir. Azərbaycanın təhsil sistemində isə həm digər dillərdə təhsil alan şagirdlərin dövlət dilini mükəmməl öyrənməsi, həm də milli fənlərin dövlət dilində tədrisi ilə bağlı müəyyən çətinliklər mövcuddur. İnfrastruktur və metodoloji bazanın tam inkişaf etməməsi bu prosesin səmərəliliyinə təsir göstərir. Eyni zamanda, bəzi bölgələrdə kadr çatışmazlığı və müəllimlərin dil üzrə kifayət qədər peşəkar hazırlığa malik olmaması bu fənlərin effektiv tədrisini məhdudlaşdıra bilər. Lakin, bu problemlər düzgün strategiyalar vasitəsilə aradan qaldırıla bilər. Məsələn, müəllimlərin peşəkar inkişafı üçün xüsusi proqramların təşkil olunması, metodiki vəsaitlərin yenilənməsi və şagirdlərə fərqli metodlarla yanaşılması bu prosesin effektivliyini artırar. Milli kimliyin qorunması üçün dilin mərkəzi rolu heç vaxt kiçildilməməlidir. Təhsil müəssisələrində humanitar fənlərin Azərbaycan dilində tədrisi yalnız dövlət dilini inkişaf etdirmir, həm də milli ruhu gücləndirir, gələcək nəsillərə bu ruhu ötürür. Dövlətin bu sahədə atdığı addımların davamlı olması və tədris prosesinin müasir standartlara uyğunlaşdırılması milli birliyin və mədəni irsin qorunmasında strateji əhəmiyyət kəsb edir. Bu yanaşma Azərbaycan təhsil sisteminin həm daxili həmrəyliyini, həm də qlobal rəqabət qabiliyyətini artıracaq bir vasitədir”.
Nigar HƏSƏNLİ,
“Yeni Müsavat”
30 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ