Onlayn ictimai-siyasi qəzet
Bu ölkədə hər kəsin öz həqiqəti var. Hamı özünü haqlı, rəqibini haqsız sayır. Rəqibi düşmən saymaq da populyardır.
“Mənimlə deyilsənsə, mənə düşmənsən” mərəzi bütün siyasi düşərgələrə xasdır – birində az, birində çox.
Sektant təfəkkürü gündən-günə böyüyür, genişlənir. Ayrı-ayrı siyasi qrupların üzvləri üçün yeganə həqiqət öz rəhbərlərinin buyurduğudur. Onlara görə, yerdə qalan hamı düz demir, hamı yanlış yoldadır.
Bir də görürsən, bir müxalif partiyanın lideri həbs edilir – artıq onun təqsirkar və ya günahsız olması ikinci dərəcəli məsələyə çevrilir. Əsas məsələ odur ki, həmin şəxs keçmişdə hansı partiyada olub-çıxıb, necə ayrılıb, hansı liderə qarşı nə danışıb.
Fəaliyyətini dayandırmış VİP-in sədri Əli Əliyev həbs olunanda da beləydi, bu günlərdə ADR hərəkatının lideri Qubad İbadoğlunin həbsi ilə bağlı da durum eynidir.
O zaman hətta müxalifət düşərgəsində Əli Əliyevi qısqananlar vardı. Bir neçə gün adı mediada çox çəkilmişdi deyə qarşı sektalardan olan bəziləri şübhələnirdilər ki, iqtidar Əli Əliyevin simasında yeni siyasi lider yetişdirir.
Eyni söhbətlər ReAl sədri İlqar Məmmədovun həbs cəzası çəkdiyi zaman da ortada dolaşırdı. Adam içəridə psixoloji baxımdan iztirab, hüquqlarının pozulduğu barədə haray çəkdiyi bir zamanda bir çoxları iddia edirdi ki, onun personasını qəsdən şişirdirlər ki, filankəsləri kölgədə buraxsınlar.
“Kölgədə buraxılanları” adları da çəkilirdi və onlar ölkədəki “yeganə gerçək müxalifət” adlandırılırdı.
Sonradan məlum oldu ki, ortada heç kəsi süni şəkildə şişirtmə çabası yoxdur, sadəcə, siyasi fəalların, protest elektoratın çoxdan yoluxduğu bir mərəz var, içəri düşən (və ya salınan) adamı dərhal qəhrəmana çevirməyə və şişirtməyə başlayır.
Ancaq adam azadlığa çıxanda sonra, onun tezliklə hər şeyi yerinə qoyacağına, müxalifət düşərgəsinin şəriksiz liderinə çevriləcəyinə dair gözləntilər doğrulmur. Bir neçə gündən sonra keçirilən brifinqdə deyilənlər, verilən müsahibədəki fikirlər göstərir ki, o, qaldığı yerdən davam edəcək, içəridə heç bir fövqəlgücə çevrilməyib, cəmiyyətin onun çiyninə zorla qoyduğu yükü daşımaq fikrində deyil.
Hazırda Qubad İbadoğlunun ətrafında da bənzər prosesin getdiyinin şahidiyik. Bəzi keçmiş partiyadaşları, deyəsən, onun həbsinə sevinirlər, “9 il öncə o, bizim partiyanı parçalamışdı” kimi fikirlə çıxış edənlər, buna görə də onun müdafiəyə layiq olmadığını bildirənlər var.
Bir neçə siyasi fəal isə yenidən şübhələnib ki, iqtidar İbadoğlunu həbs etməklə onun personasını şişirdir, ciddi siyasi fiqura çevrimək istəyir (bu iddia hələ yayğın deyil, yəqin bir azdan olacaq).
Ayrıca hamını, müxalif düşüncəli insanları Qubad İbadoğlunun ətrafında birləşməyə çağıranlar da var.
Bu hadisə haqqında rəy yazan bir neçə şəxsin yazısında Q.İbadoğlunun indiyədək bir neçə partiyanın (AMİP, Müsavat, ADR) üzvü olmasına və bu faktın onun əqidəsizliyinə dəlalət etdiyinə dair eyhamlar müşahidə olunur.
Əslində bu da sektant təfəkkürüdür. Elə çıxır ki, məsələn, 18-20 yaşında siyasət arenasına atılan və dövrün konyukturasının cazibədar havasına qapılaaq hansısa populyar partiyaya üzv olan bir gənc ömrünün axırına qədər həmin partiyada qalmalı, “sadiq” olmalıdır.
Sonradan o gəncin üzv olduğu partiyada liderlər, proqramlar, meyarlar, müxtəlif hadisə və şəxslərə dair dəyərləndirmələr, ən əsası partiyanın yolu dəyişə, üstəlik, həmin gənc özü də inkişaf edə, daha ağıllı, daha hazırlıqlı ola bilər, amma başqa partiyaya üzv olacaqsa, artıq reneqatdır və bioqrafiyasına qara sətirlər yazır? Bu, yanlış düşüncədir.
Dünyanın heç bir ölkəsində bir siyasətçinin bir neçə partiyaya üzv olmasını, hətta hər seçkidə başqa bir partiya yaradaraq seçkiyə qatılmasını baş töhməti etmirlər. Bizdə isə aşığın sözü qurtaranda “nanay-nanay” dediyi kimi, siyasətçiyə ünvanlanan tənqidin başında da “neçə-neçə partiya dəyişib” iradı gəlir.
20-25 il əvvəl həbs edilən jurnalisti və ya siyasətçini bütün müxalifət düşərgəsi müdafiə edirdi. Müdafiənin səmimi və ya qeyri-səmimi olmasının fərqi yox idi, hamı eyni sözü deyirdi, nəticədə polifonik etiraz xoru yaranırdı. İndi saxlanılanları yalnız öz partiyası və ya öz mətbu qurumu müdafiə edir.
Düşərgədə parçalanma bu həddə, molekullara qədər gedib. Bu, ona “radikal müxalifət”, o buna “avtobus müxalifəti” damqası yapışdıranda olacağı buydu. Sabah “avtobus müxalifəti” hesab edilənlərdən kimsə həbs olunsa, digərlərindən səs çıxmayacaq.
24 Noyabr 2024
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ