Onlayn ictimai-siyasi qəzet
Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra qarşıya qoyulan prioritet vəzifələrdən biri nüfuzlu beynəlxalq təşkilatlarla əlaqə qurmaq, əməkdaşlığı gücləndirmək və həmin qurumların üzvü olmaq idi. Müstəqilliyimizin ilk illərində ölkəyə rəhbərlik edənlərin dövlət idarəçiliyindəki naşılığı Azərbaycanın müstəqil dövlət kimi beynəlxalq aləmə inteqrasiyasına problemlər yaradırdı. Söz yox ki, Azərbaycanın NATO kimi nüfuzlu bir qurumla münasibətləri 1992-ci ilin martında başlamışdı. Lakin ölkədəki xaos və anarxiya münasibətlərin inkişafına mane olurdu. Şimali Atlantika İttifaqı ilə Azərbaycanın yüksək səviyyədə əməkdaşlığının əsası Ulu Öndər Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışından bir sonra - 1994-cü ildə qoyulub. Ümummilli Lider 1994-cü il mayın 4-də Brüsselə səfəri zamanı NATO-nun keçmiş sovet respublikaları ilə əməkdaşlığını nəzərdə tutan “Sülh naminə tərəfdaşlıq” (SNT) sazişini imzaladı. Həmin dövrdən başlayaraq, NATO-Azərbaycan əlaqələrinin inkişaf etdirilməsi üçün şərait yaranıb.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə bildirib.
Hüquq müdafiəçisi deyib ki, 1996-cı il aprelin 23-də yenidən Brüsselə səfər edən Azərbaycan Prezidenti Heydər Əliyev “Sülh naminə tərəfdaşlıq” sənədinə qoşulmaq barəsində təqdimat sənədini NATO-nun Baş katibi Xavyer Solanaya təqdim edib. Ölkəmiz 1997-ci ilin iyulunda NATO-nun Avro-Atlantika Əməkdaşlıq Şurası adlı qurumuna da qoşulub. Həmin il Azərbaycan NATO-nun Brüsseldəki mənzil-qərargahında öz diplomatik nümayəndəliyini açıb. İki il sonra isə Azərbaycan NATO-nun rəhbərliyi ilə Kosovoda aparılan sülhməramlı əməliyyatlara yardımçı olmaq məqsədilə hərbi bölmə göndərib. Həmin vaxtdan başlayaraq, Azərbaycanın bu nüfuzlu qurumla münasibətləri getdikcə yaxşılaşdırılıb. Çünki NATO rəhbərliyi və bu qurumun üzvü olan dövlətlər də Azərbaycanın sülh tərəfdarı olduğunu, Avropa və Avro-Atlantik məkanda qeyri-sabitliyin, münaqişələrin və təhdidlərin aradan qaldırımlısında, təhlükəsizliyin bölünməzliyi prinsipinə zidd coğrafi və siyasi ayrı-seçkilik olmadan Avropa və yerləşdiyi regionda vahid təhlükəsizlik sisteminin qurulması yükünü bölüşmək əzmində olduğunu açıq şəkildə hiss edirdilər. Prezident İlham Əliyevin Azərbaycana rəhbərliyindən sonra dünyanın nüfuzlu qurumları, o cümlədən NATO ilə əməkdaşıq yeni mərhələyə qədəm qoydu. Azərbaycanın NATO ilə ən vacib əməkdaşlıq sahəsi “Sülh Naminə Tərəfdaşlıq” proqramı çərçivəsindədir. Hər il sözügedən proqram çərçivəsində Azərbaycan Silahlı Qüvvələrinin zabitləri 500-ə qədər təlim və seminarda, Tərəfdaşlıq Əməliyyat Planında iştirak edərək terrorçuluğa qarşı mübarizəyə töhfə verirlər. Bir neçə gün əvvəl Prezident İlham Əliyevin NATO-nun Baş katibi Yens Stoltenberqin Azərbaycana səfəri ilə əlaqədar mətbuata verdiyi bəyanatında da bu məsələlər diqqətə çatdırıldı. Dövlətimizin başçısı xatırlatdı ki, Azərbaycan Kosovoda və Əfqanıstanda sülhməramlı əməliyyatlarda iştirak edib. Bu, ölkəmiz üçün böyük təcrübə olub. 2021-ci il avqustun sonlarında Əfqanıstanı tərk edən sonuncu müttəfiq qüvvələr bizim hərbi qulluqçularımız olmuşlar. Bu isə bir daha bizim əməkdaşlığımıza güclü sadiqliyimizi nümayiş etdirir.
Dövlətimizin başçısının çıxışından bəzi məqamları diqqətə çatdıran hüquq müdafiəçisi əlavə edib: “Prezident İlham Əliyev dedi ki, uzun illər davam edən müzakirələrimiz zamanı biz həmişə Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalı haqqında danışırdıq. Artıq üç ildən çoxdur ki, bu məsələ müzakirə mövzuları sırasında yer almır. Çünki Azərbaycan 2020-ci ildə İkinci Qarabağ müharibəsi və ötən ilin sentyabrında həyata keçirilmiş antiterror tədbirləri nəticəsində özünün ərazi bütövlüyünü və suverenliyini bərpa etdi. Azərbaycan BMT Nizamnaməsinə əsasən özünümüdafiə hüququndan istifadə etdi. Münaqişə hərbi-siyasi yolla həll edilib. Hazırda Ermənistanla sülh danışıqlarının fəal mərhələsindəyik. Azərbaycan belə bir təşəbbüs irəli sürüb və Ermənistanın cavabını gözləyirik. Sülh danışıqlarına başlamaq Azərbaycanın təşəbbüsüdür. Bu günədək sülh sazişinin layihəsinə dair ermənistanlı həmkarlarla 7 dəfə şərhlərin mübadiləsi baş tutub”.
Ç.Qənizadə Azərbaycan Prezidentinin bəzi beynəlxalq təşkilatların, xüsusilə ATƏT-in Minsk qrupunun işğal dövründə danışıqların heç bir nəticə vermədiyi barədə fikirlərini də diqqətə çatdırıb: “Dövlətimizin başçısı deyib ki, sülhün bərqərar olunması Cənubi Qafqazda çox ciddi dəyişikliklərə gətirib çıxaracaq. NATO ilə əməkdaşlığın yüksələn xətt üzrə inkişaf etdiyini bildirən Prezident İlham Əliyev hazırda bu quruma üzv olan ölkələrin qaz təchizatı baxımından Azərbaycanın tərəfdaşları olduğunu bildirdi. Vurğuladı ki, bu gün Azərbaycan 8 ölkəyə qaz nəql edir ki, onların 6-sı NATO-ya üzv, digər ikisi isə NATO-nun tərəfdaş ölkəsidir. NATO-nun Baş katibi Yens Stoltenberq Azərbaycanın bir neçə NATO müttəfiqi ilə sıx əlaqələrini inkişaf etdirməsini alqışladığını və Azərbaycanın qazın çatdırılmasında, eləcə də gələcək enerjinin, yəni, elektrik enerjisinin Avropada NATO-nun əsas müttəfiqlərinə ötürülməsində daha mühüm rol oynadığını görməkdən məmnun qaldığını bildirdi”.
Azərbaycanın yekdilliklə COP29-a ev sahibliyi edəcək ölkə seçildiyini xatırladan hüquq müdafiəçisi deyib: “Bu amil Azərbaycanın yaşıl keçidlə bağlı səylərinin tanınmasının göstəricisidir. Azərbaycanla bu nüfuzlu qurum arasında əməkdaşlığın getdikcə möhkəmləndirilməsi ölkəmizin beynəlxalq aləmdə artan nüfuzunun göstəricisidir. Xatırladım ki, 2003-cü ildən etibarən NATO Bakıdakı yay məktəbinin maliyyələşdirilməsində iştirak edir. İldən-ilə proqramların əhatə dairəsi genişlənir və nəticədə 2005-ci ildə Azərbaycanda NATO-nun Beynəlxalq məktəbi yaradılıb”.
27 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ