İnsanlara hürriyət, millətlərə istiqlal!

HP-nın sədri də narazılıq etdi - Subsidiyaların effekt verməməsinin səbəbi

“Subsidiyaların verilməsində pərakəndəlik var, effektivlik hesabatı yoxdur”

“Büdcənin icrası mərhələsində hüquqi şəxslərə subsidiyanın verilməsi və istifadəsində pozuntular, subsidiya alanların tələb olunan göstəricilərə nail ola bilməməsi və istifadə edilməyən subsidiyaların büdcəyə qaytarılmasını təmin etmək üçün aparılan işlərin kifayət qədər olmaması kimi hallar subsidiyaların verilməsi ilə bağlı qayda və prosedurların olmasını zəruri edir”.

Musavat.com xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında Hesablama Palatasının sədri Vüqar Gülməmmədov deyib. O əlavə edib ki, qeyd edilənlər, subsidiyaların planlaşdırılması və istifadəsinə dövlət nəzarətinin gücləndirilməsinə ehtiyac olduğunu göstərir: “Həmçinin, dövlət sifarişinin formalaşması və icrası üzrə qanunvericilikdə bəzi məsələlərin tənzimlənməməsi və konkret mexanizmlərin olmaması resurs-nəticə əlaqəsinin zəif olması ilə nəticələnir".

Qeyd edək ki, uzun müddətdir kənd təsərrüfatına ayrılan subsidiyaların effektsiz olduğu, gözlənilən nəticəni vermədiyi bildirilir. Fermerlər də artıq bunda maraqlı olmadıqlarını dilə gətirirlər. Kəndlilər torpaq becərmək əvəzinə, Bakıda tikintidə işləməyə daha çox üstünlük verdiklərini dilə gətirirlər. Bəzi ekspertlər isə bildirirlər ki, hökumət kənd təsərrüfatına qoyulan investisiyanı 4-5 dəfə artırmalı, subsidiyaların verilməsində isə şəffaflıq yaratmalıdır.

İqtisadçı ekspert Natiq Cəfərli mövzu ilə bağlı Musavat.com-a bildirib ki, Azərbaycanda büdcə ayırmaları bir çox sahələrdə olduğu kimi subsidiyalarla da bağlı bəzi problemlərlə müşahidə olunur:

bbdadc1264fa2af6a453a9925c7677a5.jpg (86 KB)

“Çünki bunun nəzarət və effektivlik ölçü mexanizmləri yoxdur. Dünyanın hər yerində subsidiyaların verilməsindən sonra onların ölçülməsi prinsipi var. Subsidiyalar iqtisadiyyatda subsidiya alan iqtisadi subyektə, istər şirkət olsun, istərsə də fərdi sahibkar olsun fərqi yoxdur, oynadığı rolun ölçülməsi ilə bağlı indikatorlar qoyulur. Azərbaycanda belə elmi yanaşma yoxdur. Subsidiyaların verilməsində pərakəndəlik var, effektivlik hesabatı yoxdur. Yəni hansı nəticələr doğuracağı öncədən bilinmir. Çox vaxt da verilən subsidiyaların geri dönüşünü, iqtisadiyyata olan xeyrini görmürük. Zaman-zaman şirkətlər, fərdi sahibkarlar subsidiyalar alaraq məntiqlə öz istehsalat sahələrini genişləndirməlidirlər. Bu günə qədər belə hesabat yoxdur. Subsidiyalar hesabına neçə əlavə iş yeri yaradılıb. İstehsal sahələri nə qədər artıb, kənd təsərrüfatı istehsalına necə təsir göstərib. Belə bir yanaşma olmadığına görə Azərbaycanda ümumiyyətlə subsidiyalaşdırma ciddi effekt vermir”.

Afaq MİRAYİQ,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR