Onlayn ictimai-siyasi qəzet
Azərbaycan Prezidenti İlham Əliyevin mayın 3-də Şuşada Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş beynəlxalq tədbirdə etiyi çıxışı, şübhəsiz, proqram xarakterli olmaqla yanaşı, mühüm bir mərhələnin yekunu kimi də qiymətləndirilə bilər.
Dövlət başçısı həmçinin ona ünvanlanan suallara cavabları ilə Azərbaycanın 44 günlük qalibiyyətli müharibədən sonra bölgədə, Azərbaycan ətrafında duruma bitkin şərh verdi, ölkəmizin 2-ci Qarabağ savaşındakı qələbə ilə yaratdığı yeni status-kvo fonunda Azərbaycanın sülhpərvər siyasətinə bir daha diqqət yönəltdi, ölkəmizə, bölgəyə yönəlik təhdid və gözləntilərdən danışdı. Çıxış yolunu göstərdi. Regionda daimi sülhə əsas təhlükənin dəqiq ünvanını göstərdi - beynəlxalq hüququ hələ də tanımaq istəməyən Ermənistan və onu qızışdıran məkrli qüvvələr.
“Biz regionda baş verən proseslərə göz yuma bilmərik. Qarabağın azad edilməsindən sonra ölkə daxilində artıq heç bir risklə üzləşmədiyimizə baxmayaraq, biz adada yaşamırıq”.
İlham Əliyev bu sözlərlə həm də ölkəmizin ən müxtəlif çağırışlara hazır olduğuna işarə vurdu. Bu xüsusda Azərbaycanın təhlükəsizliyi məsələsinin daima prioritet olacağını anlatdı.
“Əgər Ermənistan sülh istəmirsə, sülh olmayacaq. Tarixdən bilirik ki, sülh sazişini imzalamayan ölkələr də var. Bu nə Ermənistan, nə də region üçün yaxşı olmayacaq”.
Bu, əslində Ermənistandan çox onun havadarlarına ünvanlı mesajdır. Yəni bölgədə səmimi şəkildə sülh istəyənlər ilk növbədə kapitulyant ölkəni ağla gətirməli, ona təzyiq etməlidir.
“Azərbaycan hələ də ümid edir ki, rəsmi İrəvan məntiqli davranacaq və sabiq Minsk qrupu fəaliyyətdə olanda işğal zamanı istifadə etdikləri taktikadan istifadə etməyəcəklər. Nəticə nöqteyi-nəzərindən 28 il ərzində Minsk qrupu heç bir nəticə verməmişdir. Bunun əsas səbəbi isə o idi ki, Ermənistan torpaqları geri qaytarmaq istəmirdi. Münaqişənin sülh yolu ilə həllini tapa bilməməsinin əsas səbəbi o idi, Ermənistan bunu istəmirdi. Onlar, sadəcə, bu taktikadan istifadə edirlər, prosesi ləngidirlər, bir addım irəli, iki, üç və ya hətta beş addım geriyə atırlar”.
Prezident bu sözlərlə İrəvanla yanaşı, vasitəçi iddiasında olan gücləri bir daha xəbərdar elədi ki, bizə artıq tarixin arxivinə verilmiş uğursuz və qərəzli “vasitəçilik” gərək deyil, tarixin zibilliyində eşələnməyin. Azərbaycan bunu heç vaxt məqbul saymayacaq. Buna cəhdlər isə Ermənistanın təcrid durumunu daha da ağırlaşdırmış olacaq, onu uçuruma aparacaq.
“30 illik işğal Ermənistana heç bir üstünlük vermədi. Əksinə, onlar regional inkişaf proseslərindən təcrid edildilər. Onlar rəsmən, lakin faktiki surətdə həqiqətən də müstəqil ölkə olmaq şansını itirdilər. Onlar indi özlərinə yeni ağa və ya ağalar axtarırlar”.
Bunu da İlham Əliyev dedi. Yəni bölgədə qeyri-sabitliyin mənbəyi hələ də müstəqil ola bilməyən, özünə daim təzə ağa axtaran Ermənistandır.
“Azərbaycan sülh mövqeyindən çıxış edir. Verilmiş bəyanatlara və hadisələrin xronologiyasına nəzər salınsa açıq şəkildə görünür ki, sülh sazişi haqqında danışıqların başlanılmasını təklif edən də Azərbaycan olmuşdur”.
“Üçtərəfli Bəyanat atəşkəs razılaşması deyil. O, sülh sazişi də deyil”.
Azərbaycan liderinin bu sözləri isə ən əvvəl 10 noyabr sənədini əsas götürüb başqa formatlarda sülh danışıqlarını qeyri-legitim sayan, buna qısqanc yanaşan Rusiya rəsmilərinə etiraz idi.
“Əgər rəsmi İrəvan konstruktiv olmasa, Azərbaycan diplomatik tədbirlərdən başqa hər hansı bir digər tədbirlərə əl atmağı planlaşdırmır. Bu qədəri bizə bəsdir. Buna görə, sadəcə, sülh olmayacaq, kommunikasiyalar açılmayacaq. Ermənistan yenə də təcrid olunacaq”.
“Azərbaycan geosiyasi dəyişikliklər nəticəsində daha güclü olacaq. Ermənistanın Qarabağı Azərbaycanın bir hissəsi kimi başa düşməyə, təkcə başa düşməyə deyil, açıq şəkildə qəbul etməyə yaxınlaşması da qismən geosiyasi dəyişiklik, qismən də ”kimsə gəlib onların yerinə döyüşəcək" illüziyalarının çökməsi ilə əlaqədardır".
“Ərazi bütövlüyümüzü qorumaq məqsədilə bütün lazımi tədbirlər görüləcək”.
Prezidentin bu və digər mühüm bəyanatlarını müvafiq paytaxtlar nəzərə alsalar proseslər necə inkişaf edə bilər? İlham Əliyevin ismarışları səhv oxunmayacaq ki?
Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri İlyas Hüseynov “Yeni Müsavat”a bildirdi ki, Şuşada ənənəvi xarakter alan beynəlxalq konfrans keçirilir: “Bu həm Şuşanın əhəmiyyətinin daha da yüksəlməsinə, müxtəlif beyin mərkəzlərinin nümayəndələrinin Azərbaycanın mədəniyyət paytaxtına diqqətinin artırılmasına, regionda gedən bərpa-yenidənqurma işləri haqqında öz ölkələrində mətbuatda çıxışlar etmələrinə, real həqiqətləri Azərbaycanın birinci şəxsindən öyrənməsinə gətirib çıxarır. Digər tərəfdən, Prezident İlham Əliyev bu konfransda da mühüm məqamlara toxundu, çox önəmli mesajlar verdi.
Qeyd etməliyik ki, 10 noyabr üçtərəfli bəyanatı heç də sülh sazişi deyil. Məhz bu səbəbdən həmin üçtərəfli bəyanatın tələblərini Ermənistan pozur, ona əməl etmir və açıq şəkildə implementasiya olunmasına qarşı çıxır. Buna görə də sülhün əldə olunmasına böyük ehtiyac var. Sülh müqaviləsi prioritet təşkil edir. Lakin Azərbaycan məhz hərbi-siyasi yollarla qarşıdakı hədəflərin əldə olunmasına hesablamalar aparmır, lakin təhlükəsizliyimizin təmin olunması, revanşizmin qarşısının alınması və bölgənin təhlükəsizlik arxitekturasının gücləndirilməsi nöqteyi-nəzərdən ordunun gücləndirilməsinə xüsusi diqqət ayırmaqdadır. Eyni zamanda Azərbaycan siyasi yollarla, diplomatik vasitələrlə öz məqsədlərinə çatmaq niyyəti güdür. Çünki hibrid müstəvidə informasiya müharibəsi kontekstində ölkəmizə qarşı çoxlu hücumlar var. Həmçinin sülh müqaviləsinin imzalanmasını istəməyən qüvvələr var. Bu qüvvələr Azərbaycan Prezidentinin çağırışlarını, bəyanatlarını düzgün qiymətləndirməlidirlər. Çünki düzgün qiymətləndirməmək bölgənin gələcəyi üçün risklər yaradır. Bundan isə bütün bölgə dövlətləri və xalqları zərər görərlər. Ermənistanın Azərbaycan Prezidentinin bəyanatlarına xüsusi diqqət etməsinə və konstruktiv yanaşmasına böyük ehtiyac vardır. Ermənistan sülhün əldə olunmasına qarşı çıxan güclərin yanında yer almaq siyasətindən əl çəkməlidir. Ermənistan anlamalıdır ki, əl çəkməsə, həmin mərkəzlərin regiona üzərindən həyata keçirilən oyunlarının qurbanına çevrilə bilər".
Politoloq Elxan Şahinoğlu bildirdi ki, Azərbaycan və Ermənistan xarici işlər nazirləri Vaşinqtonda müzakirələr apararkən Prezident İlham Əliyevin Qarabağdan-Şuşadan açıqlamalar verməsi müxtəlif mərkəzlərə mesaj əhəmiyyəti daşıyırdı: “Prezident İlham Əliyev Vaşinqton görüşündən nəticə çıxma ehtimalının yüksək olmadığına işarə etsə də, danışıqların intensivləşməsini müsbət gedişat kimi qiymətləndirdi. Prezident keçmiş açıqlamalarında da Vaşinqtonun vasitəçiliyini müsbət qiymətləndirib. Bunun üçün ciddi əsaslar var. Vaşinqton bölgədə sülh və əməkdaşlıq istəyir. Bu, Azərbaycanın da maraqlarına cavab verir. Ancaq sülhə nail olmaq üçün Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü və Qarabağı Azərbaycan ərazisi kimi tanıması vacibdir. Bu olarsa, sülhə yaxınlaşacağıq, olmasa, gərginlik davam edəcək. Sülh sazişi birinci növbədə Ermənistana lazımdır.
Azərbaycan Ermənistanla sülh sazişi olmadan da hədəflərinə çatmaq üzrədir və bunu İlham Əliyev Şuşada bir daha vurğuladı. Prezident Şuşadakı açıqlamalar vasitəsilə Ermənistan siyasi dairələrinə və cəmiyyətinə növbəti mesajını göndərdi ki, Azərbaycan torpaqlarının işğalı üzərində bölgədə sülh və sabitliyə nail olmaq mümkün deyildi. Ermənistanın siyasi dairələri bunu daha əvvəl anlayaraq işğaldan vaz keçsəydi, müharibə olmaya da bilərdi. Ancaq Ermənistan fərqli yol seçdi və keçmişdə işğal yolu ilə əldə etdiklərini itirdi. Demək, işğalın Ermənistana xeyri olmadı, onun üçün böyük zərəri oldu. Ermənistan illərlə danışıqları uzatmağa çalışdı və bu işdə ona açıq-aşkar ATƏT-in Minsk Qrupu kömək etdi. İlham Əliyev Şuşadakı çıxışında bu mənasız qrupu bir daha tənqid etdi və həmsədrlik institutunu tarixin arxivinə göndərdiyini bildirdi. Minsk Qrupu artıq yoxdur və elə həmsədr dövlətlər də qrup məsələsində israr etmirlər, çünki aktuallığını itirib, Qarabağ mövzusuna heç kim qarışa bilməz".
Politoloq Asif Nərimanlı isə bildirib ki, Prezident İlham Əliyevin Şuşada səsləndirdiyi fikirlər Bakı-İrəvan xəttində müzakirə olunan sülh sazişinin mətninə dair müəyyən detalları anlamağa imkan verir: “Ermənistan 40 gün fasilədən sonra Azərbaycana göndərdiyi sülh sazişinin ”redaktə" edilmiş mətnində iddialarından əl çəkmir: Qarabağı sülh sazişinə daxil etmək istəyirlər, o cümlədən, Bakının “terrorizm, ekstremizm, radikalizm və separatizmə qarşı birgə mübarizəyə dair” təklifində “separatizmin” üzərindən xətt çəkməklə Xankəndindəki separatçıları dəstəkləyəcəyi niyyətini ortaya qoyur. İrəvanın planı əvvəldən məlumdur. Qarabağı Azərbaycan ərazisi kimi tanıyırlar, lakin separatçıları “tərəf”, yaxud ən azı erməni əhalisinin “təmsilçisi” kimi qəbul etdirməklə problemin “hüquqi münaqişə” müstəvisində davam etdirilməsinə çalışırlar. Prezidentin çıxışı da bunu təsdiq edir. Və aydındır ki, Vaşinqton danışıqlarında da Ermənistan bu niyyətini “Qarabağdakı erməni əhalisinin hüquq və təhlükəsizliyinin qorunması” adı altında rəsmiləşdirmək cəhdləri edir. Hərçənd Bakının Vaşinqton və Brüssel tərəfindən də qəbul edilən mövqeyi bəllidir. “Ermənistan-Azərbaycan sülh sazişi” ilə “Azərbaycan hökumətinin Qarabağdakı erməni əhalisi arasındakı təmaslar” ayrı-ayrı məsələdir. İrəvan bunu qəbul etməsə, sülh sazişi də sual altına düşür".
Etibar SEYİDAĞA,
“Yeni Müsavat”
16 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ