İnsanlara hürriyət, millətlərə istiqlal!

Hökumətin onlayn iş rejimi qərarı - media nə edəcək?

COP29-la əlaqədar dövlət orqanlarında (qurumlarında) iş rejimi dəyişəcək. Bununla bağlı dövlət qurumlarına Nazirlər Kabineti müvafiq tapşırıq verib. Dövlət qurumlarına (orqanlarına) Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29), Kioto Protokolunun Tərəflər Görüşünün 19-cu sessiyasının və Paris Sazişinin Tərəflər Görüşünün 6-cı sessiyasının Bakı şəhərində keçirilməsi ilə əlaqədar tədbirin əhəmiyyətini, iştirakçıların sayını və yüksək səviyyədə təşkil edilməsi məqsədilə Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə aşağıdakıların təmin olunması tapşırılıb:

- dövlət orqanlarında (qurumlarında) işə cəlb edilən işçilərin sayının ən çoxu 30 faizə müəyyən edilməsi, işçilərin qalan 70 faizinin məsafədən (evdən) işləmələrinin təmin edilməsi (COP29-la bağlı tədbirdə iştirak edən və təşkilati işlərə cəlb edilən əməkdaşlar istisna olmaqla);

- dövlət orqanlarında (qurumlarında) əməkdaşların qrafiki müəyyən edilməklə növbəlilik qaydasında işə cəlb edilməsi;

- dövlət orqanlarında (qurumlarında) iş rejiminin (saatlarının) bu məktubun uyğun olaraq tətbiqi təmin edilməsi.

Yada salaq ki, Nazirlər Kabinetinin qərarı ilə ölkəmizdə fəaliyyət göstərən orta məktəblərdə (xüsusi təhsil müəssisələri istisna olmaqla) payız tətilinin vaxtı dəyişib. Sözügedən qərarla ümumi təhsil pilləsi üzrə 2024-cü il noyabrın 12-dən 22-dək payız tətili olacaq.

Noyabrın 9-10-nu və 23-24-ü şənbə və bazar günlərinə təsadüf edir. Həmçinin 8 Noyabr Zəfər Günü və 9 Noyabr Dövlət Bayrağı Günü qeyri-iş günləridir. 9 noyabr şənbə gününə düşdüyü üçün 11 noyabr da qeyri-iş günü olacaq. Beləliklə, orta məktəblərdə tətil ümumilikdə 8 noyabrda başlayacaq və tam 17 gün - 25 noyabra qədər davam edəcək. Noyabrın 25-i dərs günü olacaq. Noyabrda həftəsonlarını da hesablasaq, cəmi 10 gün dərs olacaq.

Qeyd edək ki, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası, yəni COP29 bu il Azərbaycanda keçiriləcək. Bununla bağlı qərar COP28-in ötən il dekabrın 11-də Dubayda keçirilmiş plenar iclasında qəbul olunub. Azərbaycan indiyədək bir çox beynəlxalq tədbirlərə ev sahibliyi edib və onların öhdəsindən layiqincə gəlib. Lakin Prezident İlham Əliyevin də dediyi kimi, COP29 bu vaxta qədər keçirilmiş tədbirlərlə müqayisəyə gəlmir. İki həftə Bakı dünyanın mərkəzi olacaq və şəhər təqribən 70-80 min xarici qonağı qarşılayacaq. COP29 konfransına ev sahibliyi Azərbaycan üçün 2024-cü ilin ən mühüm hadisəsi və ölkənin yaşıl iqtisadiyyata keçid strategiyasının məntiqi davamı kimi qiymətləndirilir. Bu missiyaya uyğun olaraq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə 2024-cü il Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib.

Bəs media işini necə tənzimləyəcək?

Rəşad Məcid Mətbuat Şurasının sədri seçilib

Rəşad Məcid

Mətbuat Şurasının sədri Rəşad Məcid mövzu ilə bağlı “Yeni Müsavat”a fikirlərini bölüşüb: “Burada dövlət qurumlarının hansı formada işləyəcəyi barədə yazılıb. Medianın da koronavirus pandemiyasından sonra onlayn işləmək təcrübəsi var, hər halda, müəyyən dərəcədə vəziyyət nəzərə alına bilər. Bu sanballı tədbirin əhəmiyyətini nəzərə alıb jurnalistlərin onlayn işləməsi mümkündür və məqbul sayılır”.

Qarabağa səfərlərdə tanınmış imzalar unudulur - reaksiyalar

Ələsgər Süleymanov

“Yeni Müsavat” Media Qrupunun baş direktoru Ələsgər Süleymanov hesab edir ki, kütləvi informasiya vasitələri (KİV) spesifik fəaliyyət sahəsidir və dövlət qurumu olmadığına görə bu qərar onların fəaliyyətinə aid deyil: “Əksinə, həmin müddətdə mühüm tədbir səbəbindən  KİV gücləndirilmiş iş rejimində fəaliyyət göstərməlidir. Çünki bu tədbirin işıqlandırılması, məlumatların ictimaiyyətə doğru-dürüst çatdırılması üçün media  iş başında olmalıdır. Biz də tam gücümüzlə işləyəcəyik. Belə bir önəmli tədbir əgər ölkəmizdə keçirilirsə, KİV bunu hərtərəfli işıqlandırmalıdır. Bunun üçün də tətil etmək yox, işləmək lazımdır”.

Aydın Quliyev: “Məni Heydər Əliyevlə düşmən edənlərdən ikisi qalıb”

 Aydın Quliyev 

“Bakı-Xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev də “Yeni Müsavat”a fikrini bildirib:  ""Bakı-Xəbər" adi günlərdəki qaydada işini davam etdirəcək. Dövlət qurumları media üçün fövqəladə yenilik tətbiq etsə, baxarıq".

Afaq MİRAYİQ,
“Yeni Müsavat”



ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR