İnsanlara hürriyət, millətlərə istiqlal!

Hökumətin dollar planı açıqlandı: realdırmı? - təhlil

Azərbaycan hökuməti yaxın 4 ildə ölkənin milli valyutası olan manatın dollar qarşısında hər hansı məzənnə itkisi yaşamayacağını proqnozlaşdırır.

Maliyyə Nazirliyinin açıqladığı 2024-cü ilin dövlət büdcəsinin ilkin göstəricilərinə dair sənəddə qeyd olunur ki, makroiqtisadi sabitliyin qorunması məqsədilə fiskal və monetar siyasətlərin əlaqələndirilməsinin gücləndirilməsi milli valyutanın mübadilə məzənnəsinin cari ildəki kimi sabit qalmasını dəstəkləyəcək. İqtisadiyyat Nazirliyi tərəfindən təqdim olunmuş makroiqtisadi proqnozlarda 2024-2027-ci illər üzrə manatın ABŞ dollarına qarşı məzənnəsi 1,7 manat səviyyəsində götürülüb.

Xatırladaq ki, ölkədə milli valyutanın məzənnəsi 2018-ci il martın 7-dən sabitdir.

Ölkə iqtisadçılarının yekdil qənaəti budur ki, Azərbaycan manatının məzənnəsi sərbəst olmayıb, hökumət tərəfindən inzibati qaydada tənzimlənir. Bu tənzimləmədə mühüm rol neft-qaz gəlirlərinə aiddir: onların yetərli həcmdə daxil olması hökumətə manevr imkanı yaradır, manatın məzənnəsinin sabit saxlanması üçün rıçaqlar verir.

İqtisadçı-ekspert Rəşad Həsənovun sözlərinə görə, dollara münasibətdə manatın məzənnəsi nominal xarakter daşıyır: “Digər valyutalara münasibətdə manatın məzənnəsi sərbəstdir və biz onlardakı dəyişiklikləri görürük. Həmin valyutalara münasibətdə manatın real məzənnəsini müşahidə etmək mümkündür. Amma dollara münasibətdə məzənnə inzibati qaydada tənzimlənir ki, bu səbəbdən də biz yalnız nominal məzənnədən danışa bilirik”.

Ekspert bildirir ki, hökumətin yaxın 4 ildə manatın  nominal məzənnəsini sabit saxlamaq üçün imkanları var: “Neftin qiyməti buna şərait yaradır, valyuta ehtiyatları artıb, əhalinin alıcılıq qabiliyyəti 2015-lərlə müqayisədə xeyli aşağıdır. Qaz ixracı artır, ticarət balansında müsbət saldo azalsa da, qalır. Bütün bunlar imkan verir ki, manatın dollar qarşısında məzənnəsini saxlamaq mümkün olsun”.

Rəşad Həsənov: Tibbi sığortada vacib faktor keyfiyyətli xidmətin təşkilidir

Rəşad Həsənov: “İnflyasiya manatın alıcılıq gücünü getdikcə azaldır”

Manatın real məzənnəsinə gəlincə, R.Həsənov qeyd edir ki, son illərdə dolların özü dəyərsizləşməyə məruz qalıb: “ABŞ-da qeydə alınan yüksək inflyasiya dolların məzənnəsinin ucuzlaşmasına səbəb olub. Eyni qaydada manatın da məzənnəsində dəyərsizləşmə baş verir. Digər tərəfdən, Azərbaycanın özündə baş verən inflyasiya manatın alıcılıq qabiliyyətini azaldır. Real effektiv məzənnəyə təsir göstərən əsas amillərdən biri əsas ticarət tərəfdaşlarında valyutaların məzənnəsidir. Azərbaycanın əsas ticarət tərəfdaşları Rusiya, Türkiyə, Çin, İran kimi ölkələrdir. Çin xaric, bu ölkələrdə milli valyutalarının sürətli dəyərsizləşməsi manatın həmin valyutalara münasibətdə real effektiv məzənnəsini saxlamağa imkan yaradır. Manatın real alıcılıq gücünə gəlincə, ötən il rəsmi olaraq manat onu 14 faiz itirib, bu il də təxminən 10 faiz itirəcək. Yəni ölkə üzrə qeydə alınan inflyasiya səviyyəsi manatın öz real alıcılıq gücünü həmin qədər itirməsi deməkdir”.

Qeyd edək ki, bu ilin ötən dövründə Azərbaycanın valyuta gəlirləri ötən ilin eyni dövrü ilə müqayisədə azalsa da, ticarət balansında müsbət saldo qalmaqda davam edir. Belə ki, ötən ilin yanvar-avqustunda ticarət balansının müsbət saldosu 17 milyard 376,15 milyon dollar, bu ilin eyni dövründə isə 13 milyard 203,96 milyon dollar təşkil edib. Bu, 24 faiz azalma deməkdir.

Ticarət balansında müsbət saldonun azalmasında əsas rolu neft gəlirlərinin azalması oynayır. Rəsmi statistikaya əsasən 2023-cü ilin yanvar-avqust ayları üzrə ölkədə 20,3 milyon ton neft (kondensatla birlikdə) hasil edilib. Hesabat dövründə 17 milyon ton neft (kondensatla birlikdə) ixraca nəql olunub. Xatırladaq ki, 2022-ci ilin yanvar-avqust aylarında ölkədə 21,8 milyon ton neft (kondensatla birlikdə) hasil edilib. Hesabat dövründə 17,6 milyon ton neft (kondensatla birlikdə) ixraca nəql olunub. Beləliklə, illik müqayisədə bu ilin 8 ayında Azərbaycanda neft və kondensat hasilatı 6,88 faiz, ixracı isə 3,41 faiz azalıb.

Bundan əlavə, Azərbaycanın idxalında da ciddi artım müşahidə olunur. Bu ilin  8 ayında ölkəyə 11 milyard 150.61 milyon dollarlıq mal və məhsul idxal olunub. Bu, ötən ilin eyni dövründəki  göstəricidən 25,7 faiz çoxdur. Ötən ilin yanvar-avqustunda idxal  8 milyard 868.42 milyon dollar təşkil etmişdi.

İxrac gəlirləri ilə yanaşı, Azərbaycana xaricdən valyuta göndərişlərində də ciddi azalma var. Azərbaycan Mərkəzi Bankının məlumatına görə, 2023-cü ilin birinci yarısında Azərbaycana 891 milyon dollar həcmində pul baratı daxil olub. Bu, ötən ilin eyni dövrünə nisbətən 45 faiz azdır. Ölkədən çıxan pul baratlarının həcmi isə 254,7 milyon dollar təşkil edib. Başqa sözlə, baratlar üzrə profisit 636 milyon dollar təşkil edib. Bu isə ötən ilin eyni dövrünə nisbətən 51 faiz azdır.

Bütün bu azalmalara rəğmən Dövlət Neft Fondundan dövlət büdcəsinə transfertlər proqnozdan xeyli geri qalır. Maliyyə Nazirliyinin məlumatına əsasən, ilin birinci yarısında Dövlət Neft Fondundan dövlət büdcəsinə köçürülməsi nəzərdə tutulan 5 milyard 640,0 milyon manat məbləğində transfertin yalnız 2 milyard 661,0 milyon manatı reallaşıb. Transfertin az olması Mərkəzi Bankla Neft Fondunun birgə keçirdiyi valyuta hərraclarındakı satışlardan da hiss olunur. Belə ki, bu ilin yanvar-avqust aylarında valyuta hərraclarında 2 milyard 295,8 milyon ABŞ dolları məbləğində satış olub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 32,3  faiz azdır. 8 ay ərzində AMB-də keçirilmiş valyuta hərraclarının 99  faizində təklif tələbi üstələyib. Bu dövrdə Neft Fondu hərraclarda 1 milyard 937,7 milyon dollar valyuta satıb. Bu isə 2022-ci ilin yanvar-avqust ayları ilə müqayisədə 42,9 faiz azalma deməkdir.

Sentyabrın ötən günləri ərzində Mərkəzi Bankda keçirilən 6 valyuta hərracında ümumilikdə 168,9 milyon dollar valyuta satışı həyata keçirilib.

Ötən ilin sentyabrında hərraclarda 465,3 milyon dollar satılmışdı.

Ölkədə dollara olan tələb o qədər azalıb ki, Mərkəzi Bank satışa çıxarılan dolları özü almalı olur. Belə ki, bu ilin yanvar-avqust aylarında Mərkəzi Bankın valyuta bazarına müdaxiləsi 122 milyon ABŞ dolları olmaqla alışyönlü olub.

Azərbaycan hökuməti yaxın 4 ildə ölkə iqtisadiyyatında neft-qaz sektorunun xüsusi çəkisinin tədricən azalacağını proqnozlaşdırır. Proqnoza görə, 2027-ci ildə ÜDM-in tərkibində qeyri-neft/qaz sektorunun payı 78,7 faizə qədər artacaq. Bu azalmanın büdcə gəlirlərinə təsiri proqnozlaşdırılmasa da, 2024-cü il üzrə onun yenə 50 faizdən yuxarı olacağı gözlənilir. Büdcə layihəsindən aydın olur ki, gələn il Neft Fondundan büdcəyə 12 milyard 781 milyon manat transfert olunacaq ki, bu da büdcə gəlirlərinin 37,9 faizi deməkdir. Neft sektorundan daha 3 milyard 975 milyon manat Vergi Xidmətinin xəttilə büdcəyə daxil olacaq.

Yaxın 4 ildə ölkədə inflyasiya kifayət qədər yüksək olacaq ki, bu da manatın alıcılıq qabiliyyətinin azalmasını şərtləndirəcək. İqtisadiyyat Nazirliyi tərəfindən baza ssenaridə inflyasiyanın 2023-cü ildə 9,5 faiz, 2024-cü ildə  5,3 faiz, 2027-ci ildə 4,2 faiz təşkil edəcəyi proqnozlaşdırılır. Bildirilir ki, Mərkəzi Bankın inflyasiyanın azaldılması istiqamətində öz səlahiyyətləri çərçivəsində həyata keçirdiyi tədbirlər və hökumətin antiinflyasiya tədbirləri, eləcə də dünya üzrə əmtəə, xüsusilə də ərzaq qiymətlərinin nisbətən aşağı düşməsi, başlıca ticarət tərəfdaşı olan ölkələrdə inflyasiyanın azalması və digər qlobal trendlər nəticəsində Azərbaycanda cari ilin yanvar-iyul ayları ərzində inflyasiya səviyyəsində səngimə müşahidə edilib: göstərici ilin əvvəlinə nəzərən 1,7 faiz-bənd, keçən ilin müvafiq dövrü ilə müqayisədə isə 0,8 faiz-bənd aşağı olub: “Ölkədə inflyasiyanın azalmasına baxmayaraq, xarici mühitin yüksək volatilliyi (dünyada geosiyasi və geoiqtisadi vəziyyətin daha da gərginləşməsi, beynəlxalq logistika zəncirlərinin pozulması, bir çox ölkələrdə inflyasiyanın hədəf səviyyələrindən yuxarıda qalması gözləntiləri, iqlim dəyişmələri səbəbindən temperaturun artması və digər mənfi xarici şoklar) qiymətlərin əlavə artımına səbəb ola bilər. Digər tərəfdən də nəzərə almaq lazımdır ki, yüksək inflyasiya şəraitində büdcə xərclərinin irihəcmli artımları inflyasiya təzyiqlərini daha da artıra və növbəti illərdə inflyasiya spiralının yaranmasına səbəb ola bilər”.

Hökumət hesab edir ki, inflyasiya mühitinin tənzimlənməsi ilə bağlı atılan addımlar iqtisadi fəallığın artımı ilə yanaşı, əhalinin sosial rifahına da müsbət təsir edəcəkdir. Proqnozlara əsasən, ortamüddətli dövrdə əhalinin gəlirlərinin artaraq 2027-ci ildə 106,0 milyard manata, xərclərinin isə 102,6 milyard manata qədər yüksəlməsi gözlənilir. Xatırladaq ki, 2023-cü ilin yanvar-avqust aylarında ölkə əhalisinin nominal gəlirləri əvvəlki ilin eyni dövrü ilə müqayisədə 14,3 faiz artaraq 50861,1 milyon manat və ya hər nəfərə orta hesabla 5013,3 manat olub.

Dünya SAKİT,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR