İnsanlara hürriyət, millətlərə istiqlal!

Hökumət inflyasiya proqnozunu niyə yenilədi?

Ekspertlər hesab edir ki, proqnoz göstəricilərinin iki dəfə azalması xarici faktorlarla əlaqədardır

Azərbaycan hökuməti builki inflyasiya ilə bağlı proqnozlarını azaldıb. Bu barədə Maliyyə Nazirliyi xəbər verir. Məlumata görə, 2024-cü ildə Azərbaycanda orta illik inflyasiya üzrə ilkin proqnoz 5,3% səviyyəsində nəzərdə tutulsa da, yenidən baxılma ilə inflyasiya proqnozu 2,7%-ə qədər azaldılıb. 

Qeyd edək ki, ilin əvvəlində həm yerli, həm də beynəlxalq qurumlar Azərbaycanda inflyasiya ilə bağlı proqnozlarını irəli sürmüşdülər. Azərbaycan Mərkəzi Bankı bu ilin may ayında  (AMB) 2024-cü ilə inflyasiya proqnozunu (aprel proqnozu: 2024-cü ilə 3,5% və 2025-ci ilə 4,2%) azaltmışdı. Mərkəzi Bankın məlumatında qeyd edilirdi ki, ümumilikdə, inflyasiyanın artırıcı və azaldıcı riskləri bir-birini tarazlaşdırır. “Bu ilin martında 12 aylıq inflyasiya 0,4 %, 12 aylıq baza inflyasiya isə 1 % təşkil edib. İllik ərzaq deflyasiyası 1,1 %, qeyri-ərzaq inflyasiyası 1,1 %, xidmətlər inflyasiyası isə 2,2 % olub”, - deyə məlumatda qeyd olunub.

AMB hesab edir ki, aşağı inflyasiya mühiti inflyasiya gözləntilərinin azalmasını dəstəkləyir: “Aparılan sorğuların nəticələrinə görə, I rübdə inflyasiyanın yüksələcəyini gözləyən ev təsərrüfatlarının payı bundan öncəki rüblə müqayisədə 1 faiz bəndi azalıb.

İnflyasiyanın xarici fonu əlverişli olaraq qalır. Qlobal inflyasiya dünya əmtəə qiymətlərinin aşağı düşməsi nəticəsində yavaşlayıb. Dünya Bankının məlumatına əsasən, əmtəə qiymətləri indeksi 2024-cü ilin martında əvvəlki ayla müqayisədə artsa da illik əsasda 0,3%, o cümlədən qeyri-enerji qiymətləri üzrə 2,4% enib. BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) məlumatına görə isə ərzaq qiymətləri indeksi martda illik əsasda 7.7% azalıb. Manatın nominal effektiv məzənnəsinin (2023-cü ildə 19,3 % və 2024-cü ilin I rübündə 2,7 %) bahalaşması idxal inflyasiyasının azalmasına əlavə töhfə verib".

“2024-cü ilin dövlət və icmal büdcələrinin yarımillik icrasına dair arayış və ilin sonuna gözləntilər sənədi”ndə verilən məlumata görə, 2024-cü il üzrə yenilənmiş makroiqtisadi proqnozlar da yenilənib. Qeyd edilib ki, 2024-cü ilin dövlət büdcəsinin layihəsi baxılan zaman (2023-cü ilin oktyabr ayı) İqtisadiyyat Nazirliyi tərəfindən təqdim edilmiş proqnozlara əsasən, ÜDM 118,4 milyard manat, qeyri-neft/qaz ÜDM 84,2 milyard manat, real artım tempi isə müvafiq olaraq 2,4 və 4,6 faiz səviyyəsində götürülüb.

2024-cü ildə qlobal artım üzrə Beynəlxalq Valyuta Fondu (BVF) tərəfindən cari ilin iyul ayında verilmiş proqnoz isə aprel ayına nəzərən dəyişməz saxlanılıb (3,2 faiz), Dünya Bankı (DB) isə cari ilin iyun ayında qlobal artım proqnozunu ilkin təqdim edilmiş proqnozla müqayisədə 0,2 faiz-bənd artıraraq 2,6 faiz səviyyəsində müəyyən edib. 2024-cü ilin ilk yarısında geosiyasi və geoiqtisadi gərginliyin və ticari fraqmentasiyaların hökm sürməsi, qlobal əmtəə bazarlarında qiymət tərəddüdlərinin müşahidə olunması, disinflyasiya meyillərinin zəifləməsi qlobal iqtisadi gözləntilərlə bağlı qeyri-müəyyənliyə təsir edən amillər olub.

Yeri gəlmişkən, Azərbaycanda ərzaq, qeyri-ərzaq məhsullarının qiymətində artım müşahidə edilir. Yay fəsli az qala bitir, əhali isə meyvə-tərəvəzin hələ də ucuzlaşmamasından şikayətlənir. Dövlət Statistika Komitəsinin iyulun ilk ongünlüyündə açıqladığı məlumata görə, cari ilin iyun ayında əvvəlki aya nisbətən ayrı-ayrı qida məhsullarından daha çox ucuzlaşma qarabaşaq yarmasının, təzə balığın, pasterizə olunmamış üzlü südün, günəbaxan və qarğıdalı yağlarının, bananın, gilasın, alçanın, əriyin, pomidorun, xiyarın, şirin bibərin, badımcanın, göy lobyanın, süfrə çuğundurunun, yerkökünün, sarımsağın, baş soğanın, kartofun qiymətində olub. Bahalaşma isə əsasən unun, makaronun, mal və qoyun ətinin, yumurtanın, zeytun yağının, limonun, almanın, çiyələyin, kivinin, ağ kələmin, göyərtinin qiymətlərində müşahidə olunub.

Mütəxəssislər inflyasiya proqnozlarının yenilənmə səbəblərinə aydınlıq gətiriblər.

İqtisadçı ekspert Eldəniz Əmirov mövzu ilə bağlı “Yeni Müsavat”a dedi ki, 2024-cü il üzrə olan inflyasiya göstəricilərində həm beynəlxalq təşkilatların, həm də Azərbaycanın ayrı-ayrı qurumlarının - Mərkəzi Bankın və Maliyyə Nazirliyinin proqnozları bir-birindən kəskin fərqlənmirdi.

WhatsApp Image 2024-07-31 at 11.08.31.jpeg (283 KB)

5-6 faiz aralığında proqnozlar verilirdi. Bunların arasında Mərkəzi Bank  proqnoz göstəricilərində dəyişiklik edib, mayın 1-də artıq Azərbaycandakı indiki inflyasiya ilə bağlı proqnoz göstəricilərini 5.3 faizdən 3.5 faizə qədər aşağı saldı. Daha sonra digər maliyyə qurumları, eləcə də Maliyyə Nazirliyi proqnozlarını iki dəfə azaltdı. Proqnoz göstəricilərinin iki dəfə azalması onu təsdiq edir ki, məhz azalmanın əsas səbəbi xarici faktorlarla əlaqədardır. Çünki istənilən halda hər bir ölkənin yerli qurumları bu qədər ifrat şəkildə proqnoz verə bilməzlər. Amma xarici faktorların rol oynaması proqnozlarda fərqliliyi ortaya çıxara bilər. Azərbaycanın inflyasiyanın böyük ölçüdə idxaldan asılı olması proqnoz göstəricilərində də fərqli yanaşmaları ortaya qoyur. Bu gün ölkəmizdə böyük ölçüdə istər ərzaq, istərsə də qeyri-ərzaq məhsullarında idxaldan asılılıq var. Bu da təbii olaraq daxili bazarlarda qiymətlərin idxal etdiyimiz ölkələrdə olan qiymətlərlə uzlaşması və orada olan hərəkət dinamikasının sinxronluğunu yaradır". 

Xalid Kərimli: ADNF- nun gəlirlərinin yüksəlməsi proqnozlaşdırılır

Xalid Kərimli 

İqtisadçı Xalid Kərimli də  mövzu ilə bağlı “Yeni Müsavat”a fikirlərini bölüşüb: “Mərkəzi Bank 5.5 inflyasiya planlaşdırırdı. Mayın 1-də 3.5 faizə qədər endirdi. Maliyyə Nazirliyi 2.7 faiz azaldıb. Hazırda inflyasiya 1 faizə qədərdir, ona görə fikirləşirlər ki, növbəti altı ayda ancaq artımlar bu qədər olar. Amma inflyasiyanın aşağı olması vətəndaşlara xeyirdir. Qiymətlər daha aşağı sürətlə artır. İnflyasiya aşağı düşəndə qiymətin artım sürəti aşağı düşəcək. Yəni hökumət inflyasiyanın az olacağını proqnozlaşdırır. Bu il iyulun 1-dən dizel yanacağının qiyməti artdı, ictimai nəqliyyatda xidmətlərin qiyməti artdı.  Hətta bu addımlar olmasaydı, güman edirəm ki, inflyasiya daha aşağı olardı. Bununla belə, 2.7 yazılsa da, hesab edirəm ki, 3.5 faizli inflyasiya olacaq. 

Proqnozlar niyə özünü doğrultmadı. Çünki bizdə inflyasiya əhəmiyyətli dərəcədə xaricdən idxal edilən inflyasiya idi, xaricdən idxal edilən inflyasiya aşağı düşdükdə, bu, proqnozlarda öz əksini tapır. Bəli, bahalaşmanın davam etdiyini görürük. Bəzi məhsullarda enir, bəzilərində artım müşahidə edilir. Yumurtanın qiymətində eniş görürük, hətta aprel-may aylarında qiymətlər 2007-2008-ci illərin məhsul qiymətləri ilə eyni idi. Amma sonra bir az yüksəldi. Hökumət də bildirir ki, qiymət artımı var. Amma razılaşaq ki, 2021-2022-ci ildəki səviyyə ilə eyni deyil". 

Afaq MİRAYİQ,
“Yeni Müsavat”

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR