İnsanlara hürriyət, millətlərə istiqlal!

Hitlerin “kommunist” dostu – Almaniyanın baş hakimi 3 ildə 5 min nəfərə ölüm hökmü oxuyub...

Faciəli vəfatından sonra Roland Freyslerin bütün ailə üzvləri soyadlarını dəyişiblər və səbəbini açıq şəkildə bəyan edərək bildiriblər ki, bunu ailə başçılarının utanc gətirən əməllərinə görə ediblər. Hətta doğmaları Freyslerin qəbirüstü baş daşına soyadının yazılmasına imkan verməyiblər...

Maraqlıdır, 3-cü Reyxin ən tanınmış simalarından biri sayılan, Adolf Hitlerlə yaxın dostluq münasibətində olan Roland Freyslerin hansı “utancverici” əməlləri olub?

Əvvəlcə qeyd edək ki, nasistlərin hakimiyyətdə olduğu dövrdə ən yüksək vəzifələrdən birinə sahib olan Freyslerin gənclik illəri “maraqlı” hadisələrlə zəngin olub. Belə ki, 1893-cü ildə Almaniyanın Tselle şəhərində anadan olan Freysler ilk uğurlarını I Dünya müharibəsində qazanıb, döyüşlərdə fərqlənib, dəfələrlə komandanlığın mükafatlarına layiq görülüb. Amma o, müharibənin ikinci ilində ruslara əsir düşüb. Ən çətin və mürəkkəb situasiyalarda çıxış yolu tapmağı bacaran Freysler əsirlik həyatında da çox əziyyət çəkməyib. O, bolşevik hərəkatına qoşulmaqla özünü əsirlik işgəncələrindən asanlıqla qurtarıb. Beləliklə, bolşevik partiyasının üzvü olan Freysler vətəndaş müharibəsinin ən fəal iştirakçılarından birinə çevrilib. Bu fəallıq ruslar tərəfindən yüksək qiymətləndirilib. Oktyabr inqilabından sonra Freysler yeni hökumətdə təmsil olunub. O, ordunun əşya və ərzaq təminatı sahəsində ən mühüm vəzifələrdən birini tutub.

64C9582B72B64.jpg (68 KB)

Vəzifə mövqeyi, maddi durumu normal olsa da, karyerası üçün yaşıl işıqlar yansa da, Freysler öz gələcək həyatını Rusiya ilə bağlamaq istəməyib. O, 1920-ci ildə Almaniyaya qayıdıb. Almaniyaya qayıtdıqdan sonra Freysler ilk növbədə öz təhsil arzusunu həyata keçirib, Şiller adına Universitetdə ali hüquq təhsili alıb. Tələbəliyi dövründə və ondan sonrakı bir neçə ildə Freysler kommunist olduğunu heç kimdən gizlətməyib.

Almaniyada ictimai-siyasi proseslər dəyişdikcə uzaqgörən Freysler də öz əqidəsini dəyişib və 1927-ci ildə nasist partiyasına üzv olub. Freysler öz bilik və bacarığını, işgüzarlığını partiyanın fəaliyyətində nəzərəçarpacaq dərəcədə realizə edə bilib. O, zaman-zaman yuxarı eşelonlarda özünü bacarıqlı kadr kimi tanıtmağı bacarıb. Elə bunun nəticəsi olaraq Freysler 1932-ci ildə nasist partiyasından deputat seçilib.

Hər addımda fürerə sədaqətini nümayiş etdirən Freyslerin vəzifə hədəfləri ədliyyə naziri, yaxud da xalq məhkəməsinin sədri vəzifələrinə tuşlanıb. Bu məsələdə kommunist keçmişi ona mane olsa da, Freysler hədəfinə doğru inamla addımlayıb. O, əvvəlcə Ədliyyə Nazirliyində katib vəzifəsinə sahib olub. Nazir təyinatı müzakirəsi zamanı onun namizədliyini Hitler və Borman kənara qoyub. Buna baxmayaraq, Freysler ruhdan düşməyib, əvvəlki templə fəaliyyətini davam etdirib.

34142-entry-7-1621952054.jpg (86 KB)

1942-ci ildə Otto Tirak Xalq Məhkəməsi Palatısı sədri vəzifəsindən ədliyyə naziri vəzifəsinə keçiriləndə Freyslerin vəzifəyə təyinat məsələsi yenidən gündəmə gəlib. Bu dəfə Hitler onun Xalq Məhkəməsi Palatasına sədr təyin olunmasına etiraz etməyib. Freysleri əsas müdafiə edənlərdən biri isə Göbbels olub. Ümumiyyətlə, Freyslerin vəzifə karyerasında Göbbels böyük rol oynayıb.

Almaniyanın baş hakimi vəzifəsində Freysler öz qəddarlığı ilə fərqlənib. Cəlladlığına görə onu Almaniyanın Baş Təhlükəsizlik İdarəsinin rəisi Reynxrad Heydrixlə müqayisə ediblər. Freyslerin göstərişi ilə “Hitler xəstələnib”, “Almaniya qoşunları geri çəkilib” kimi ifadələr işlədən sıravi almanlar məhkəməyə gətiriliblər, ən ağır cəzaya məhkum ediliblər.

Freyslerin qəddarlığı haqqında təsəvvür yaratmaq üçün statistik rəqəmlərə nəzər yetirmək kifayətdir. Onun məhkəməyə rəhbərlik etdiyi 1942-1945-ci illər ərzində Freysler 4951 nəfər haqqında ölüm hökmü çıxarıb. Onun təyinatına qədər isə Xalq Məhkəməsi Palatasının fəaliyyət göstərdiyi 8 il ərzində cəmisi 292 ölüm hökmü çıxarılıb.

341628-main.jpg (118 KB)

Freyslerin hakimlik etdiyi məhkəmə prosesləri də öz gedişi ilə fərqlənib. O, cəmi 10-15 dəqiqə çəkən məhkəmə prosesləri zamanı ittiham olunanı təhqir etməkdən, söyməkdən, bəzən isə durub üzünə sillə vurmaqdan çəkinməyib. Proses zamanı heç kimə danışmağa imkan verməyən Freysler həm prokurordan, həm vəkillərdən, həm də ittiham olunanlardan dörd dəfə çox danışıb. Ümumiyyətlə, bir çoxları onu məhkəmə kürsüsündə aktyor adlandırıb.

1944-cü ildə fürerin qərargahında Hitlerə sui-qəsdə cəhd ediləndə hadisəni törətmək istəyənlərin məhkəməsi də Freyslerə həvalə olunub. Proses Almaniyanın məhkəmə tarixində ən yadda qalan hadisələrdən biri olub. Freysler “şef”ini öldürmək istəyənlərin təkcə özlərini deyil, bütün ətrafını da məhv edib. Hitler prosesin gedişindən tam razı qalıb.

Almaniya məğlubiyyətə doğru sürətlə irəlilədikcə Freysler həbs təhlükəsinin çox da uzaqda olmadığını yaxşı anlayıb. 1945-ci ilin fevralın 2-də baş hakim ailəsini Almaniyadan çıxarmağa müvəffəq olub. Öz qaçışını isə bir neçə gündən sonraya planlaşdırıb. Ancaq bu plan baş tutmayıb. Səhəri gün, fevralın 3-də Freysler məhkəmə binasından çıxanda ABŞ-ın hərbi hava qüvvələrinin Berlinə endirdiyi bombaların altına düşərək faciəli şəkildə ölüb.

Beləliklə, Hitlerin “bizim kommunist” deyə müraciət etdiyi dostu, 51 yaşlı Freyslerin həm vəzifə karyerasına, həm də həyatına birdəfəlik son qoyulub.

İlham Cəmiloğlu,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR