İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukrayna Rusiyada inqilab “hazırlayır” - Qərb nəşrindən sensasiya

Ukrayna və Rusiya arasında hər gün dron, PUA, raket mübadiləsi ilə yanaşı, həm də əsəb müharibəsi gedir. “Forbes” jurnalı yazıb ki, Ukraynanın Rusiyanın neft-qaz infrastrukturuna zərbə endirmə kampaniyası Rusiyanı təkcə əsas maliyyə mənbəyindən məhrum etmir, həmçinin 1917-ci il fevral inqilabı dövründə rus cəmiyyətində sabitliyin pozulduğu kimi, Rusiyanın arxa cəbhəsində də ictimai-siyasi sabitliyi pozur. 

Məqalədə bildirilir ki, Rusiyanın belə həssas nöqtələrinə hələ 2023-cü ilin sonunda zərbə endirməyə cəhdlər olunub: “Lakin o zaman Bayden administrasiyası dünya neft qiymətlərinin artacağından ehtiyatlanaraq, Kiyevin bu strategiyasına veto qoymuşdu. 2025-ci ilin yayından isə Ukrayna Rusiyanın neft emalı zavodları və neft kəmərlərinə qarşı yenidən zərbələr endirməkdədir. Ancaq Vaşinqton belə zərbələrə artıq qarşı çıxmadığı üçün hücumlar əhəmiyyətli nəticələr verdi. Müxtəlif mənbələrin məlumatına görə, Rusiya neft emalı potensialının 17%-dən 20%-dək hissəsini itirib”. 

Jurnal daha sonra yazıb ki, Kiyevin hücumları Rusiyanın daxili bazarında yanacaq qıtlığına və qiymət artımına səbəb olub.

Rusiya artıq yanacaq ixracına qadağa qoyub. Bəs bunun davamı nə ola bilər? Ukrayna həqiqətən də Rusiyanı 1917-ci ilin fevral inqilabı dövrünə qaytara bilərmi?

Heydər Oğuz

Siyasi şərhçi Heydər Oğuz “Yeni Müsavat”a  açıqlamasında bildirib ki, Ukraynanın Rusiyanın neft emalı zavodlarını sıradan çıxarması ilə bağlı şimal qonşumuzda problemlər artıq özünü göstərməyə başlayıb: “Məlumata görə, Rusiyanın 20-dən çox əyalətində benzin qıtlığı yaşanır. Həştərxandan Saxalinə qədər geniş ərazidə yaşanan bu benzin qıtlığı, təbii ki, Rusiyanın iqtisadiyyatına da ağır zərbələr vurur. 2024-cü illə müqayisədə həqiqətən də iqtisadi çöküş hiss olunur. Ötən il Rusiya iqtisadiyyatı 4.5 faiz böyümüşdü. Sözsüz ki, iqtisadi artımın bu geriləməsində Ukraynanın ötən yaz aylarından etibarən rus neft emalı müəssisələrini vurmasının böyük təsirləri var. 

Bununla belə, Rusiyada hazırda yaşanan iqtisadi daralmanı 1917-ci il fevral inqilabı ilə müqayisə etmək çox da uğurlu deyil. Düzdür, fevral inqilabı da iqtisadi böhrandan doğmuşdu. İndi də Rusiyada iqtisadi böhran yaşanır və ölkənin iri addımlarla iflasa sürükləndiyi bildirilir. Amma fevral inqilabının əsas səbəbi Rusiyada yaşanan çörək qıtlığı idi. Fevralın 23-də Peterburqda işçilərin ilk genişmiqyaslı nümayişi məhz çörək qıtlığı səbəbindən baş vermis və II Nikolay bu etirazların qarşısını ala bilməmiş, martın 2-də taxt-tacından əl çəkməli olmuşdu. İstisna etmirəm ki, fevral inqilabının tətiklənməsində digər faktorlar da önəmli rol oynamışdı. Xüsusilə də Rusiyanın I Dünya savaşında verdiyi ağır itkilər, II Nikolayın hərbi savadı olmamasına baxmayaraq, orduya rəhbərlik etməsi və riskli qərarlar verərək rus ordusunu çətin vəziyyətə salması kimi amillər də hərbçilərin çarın arxasından çəkilməsi ilə nəticələnmiş, bu da inqilabçıların işinə yaramışdı. Bu gün Rusiyada başlayan yanacaq qıtlığının ərzaq çatışmazlığına aparması mümkündür. Amma bu prosesin nə zaman tamamlanacağı bəlli deyil. Müharibənin uzanması isə bu gün Ukraynanın əleyhinə işləyir. Ölkə daha çox dağılır, iqtisadi inkişafın lokomotivi sayılan gənc nəsil ölür, əhalinin mühüm qismi Avropaya qaçır və s. İqtisadiyyatını hərbiləşdirən Rusiya generaliteti isə status-kvonun davamında maraqlıdır. Çünki onlar üçün müharibə daha böyük korrupsiya fürsəti yaradır. Müharibə uzandıqca, rus hərbçiləri daha çox qazana biləcəklərini düşünürlər. Odur ki, bütün iqtisadi çətinliklərə baxmayaraq, müharibədən geri çəkilmək istəmirlər. Bəzi Qərb analitiklərinin fikrincə, müharibə dayanarsa, Rusiyanın iflası dərinləşəcək və sürətli hal alacaq. Çünki artıq o silahların kütləvi istehsalına ehtiyac qalmayacaq, böyük işsizlər ordusu meydana gələcək və narazı kəsimin sırası genişlənəcək. Ordu sıralarından evlərinə qayıdan döyüşçülər ciddi iqtisadi böhranla üzləşəcəklər. Beləcə, 1917-ci il fevral inqilabını yetişdirən qida böhranına bənzər situasiya ortaya çıxacaq.  Rusiyada getdikcə böyüyən etnik qarşıdurmaları da hesaba qatsaq, görərik ki, bu ölkəni çökdürməyin ən qısa yolu savaş deyil, sülh ortamıdır. Savaş istər-istəməz Rusiya vətəndaşlarını vahid ideya ətrafında birləşdirir və Putin rejiminə repressiya siyasəti yürütmək üçün bəhanələr verir". 

Heydər Oğuz bu vəziyyəti SSRİ-nin Əfqanıstan savaşı ilə müqayisə etdi: “Sovet ordusunun Əfqanıstandan çıxması ilə SSRİ-nin də dağılması başladı. Çünki Qərb ölkələri ona qarşı ağır sanksiyalar qoymuş və nəticədə SSRİ iqtisadiyyatı çökmüşdü. Bu təcrübə göstərir ki, Rusiyanı savaşla yox, iqtisadi təzyiqlərlə yıxmaq mümkündür. Nə yazıq ki, Qərb dövlətlərinin Rusiyaya iqtisadi sanksiyaları bu dəfə işə yaramadı. Çünki Kremlin Çin və Hindistan kimi alternativləri vardı. Qərb isə eyni anda həm Çini, həm Hindistanı, həm də Rusiyanı qarşısına ala bilmir. Bir çoxlarımız ABŞ Prezidenti Donald Trampı bəzi məsələlərdə qınayırıq. Amma o, əsasən haqlı mövqedən danışır. Sadəcə, fikrini mədəni şəkildə ifadə edə bilmir. Məlumdur ki, Qərb dövlətlərinin Rusiyaya qarşı daha güclü təzyiq çağırışına dünya liderlərinə yazdığı açıq məktubu ilə cavab verən Tramp maraqlı bir şərt irəli sürmüşdü. Bildirmişdi ki, ABŞ-ni öz yanınızda görmək istəyirsinizsə, ilk növbədə ondan neft və qaz alışlarını tamamilə dayandırın, ikincisi isə Çinə və Hindistana qarşı 50 faiz, 100 faizlik gömrük rüsumları tətbiq edin. Bunları edə bilmirsinizsə, boş yerə mənim vaxtımı almayın. Nə qədər qəribə səslənsə də, Tramp bu məsələdə haqlıdır. Görünən budur ki, o da Rusiyanı müharibə ilə yox, iqtisadi sanksiyalarla çökdürməyin mümkünlüyünə inanır. Deyə bilərsiniz ki, neft emalı zavodlarını vurmaqla Ukrayna da bunu etmirmi? Məncə, xeyr. Çünki Rusiya Çinə və Hindistana emal olunmuş neft məhsulları satmır. Satdığı xam neftdir. Hansısa emal müəssisələrini vurmaqla Rusiyanın xam neft ixracını dayandırmaq mümkün deyil. Neft emalı zavodlarını vurmaqla yalnız Rusiyanın bir çox vilayətlərində yanacaq qıtlığı yaratmaq olar. Amma bunun da iqtisadi böhrana çevrilməsi üçün uzun illər lazımdır.

E.MƏMMƏDƏLİYEV,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

16 Sentyabr 2025

BÜTÜN XƏBƏRLƏR