Onlayn ictimai-siyasi qəzet
Sosial Tədqiqatlar Mərkəzi (STM) və Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Fəlsəfə və Sosiologiya İnstitutunun birgə təşkilatçılığı ilə dəyirmi masa keçirilir.
Musavat.com xəbər verir ki, dəyirmi masa “COP29 - Yaşıl strategiya , iqlim dəyişikliyi və sosial elmlər: çağırışlar, vəzifələr” mövzusuna həsr edilib.
STM rəhbəri Zahid Oruc Vətən müharibəsindəki qələbədən sonra qlobal ölkəmizə qarşı başlanan təzyiqlərə diqqət çəkib:
“Azərbaycan ekoloji konfransa ev sahibliyini qazananda bütün erməni teleqram kanalları yazırdı ki, Qarabağı geri qaytarandan sonra qarşılaşdığı beynəlxalq təzyiqləri neytrallaşdırmaq üçün prezident İlham Əliyev növbəti diplomatik zireh əldə etdi. BMT-nin mandatı, təşəbbüsü və təşkilatçılığı altında keçiirilən belə dünyəvi tədbirə qarşı səfərbər olunan dövlətlər, titullu media şəbəkəsi və hökumətlərin fətvası ilə işləyən beynəlmiləl 3-cü sektor ölkəmizə qarşı elə sistemli hücum kampaniyası aparır ki, biz haqlı olaraq, COP 29 və Qarabağ 29 kimi eyni mənanı ifadə edən terminləri işlətməyi haqq edirik. 1991-ci ildən hesabladıqda üzərindən məhz 30 ilə yaxın vaxt keçəndən sonra ölkə başçısının dediyi kimi, biz qlobal layları tərpətməyi bacardıq. Mahiyyət etibarilə hər iki məkanda-ərazi bütövlüyü və dünyanın gələcək ekoloji taleyi məsələsində xalqımızın üzləşdiyi haqsızlıqlar, gündəlik hibrid müharibələr yalnız bir məqsədə- yaşadığımız ölkə və regionda bütün hərbi və təhlükəsizlik mühitini məhv etməyə, ekoloji tarazlığı pozmağa yönəlib. Ona görə də dünyəvi ideallarla qlobal konfransa hazırlaşan ölkəmizin qarşısında təkcə inkişaf edən ölkələrin iqlim maliyyəsini formalaşdırmaq, onları məsuliyyəti bölüşməyə dəvət etməklə yanaşı, ilk növbədə, bütün yer planeti qarşısında cavabdehliklərini onlara xatırlatmağa yönəlib”.
İqlim dəyişikliyi mövzusu haqqında danışan Zahid Oruc qeyd edib ki, qlobal iqlim böhranından çıxış yollarının axtarılmasında yalnız qarşılıqlı əməkdaşlıq böyük səmərə verə bilər:
“İqtisadi artımın karbon emissiyalarına, urbanizasiyaya, mal və xidmətlərin istehlak modellərinə, demoqrafik tendensiyalara, bərabərsizliyə qarşılıqlı təsirinin öyrənilməsi, müvafiq olaraq, iqlim dəyişikliyi ilə mübarizədə hamı kimi, elm və tədqiqatçılar ordusu həlledici qüvvəyə malikdir. Lakin 500 milyondan artıq əhalinin üzləşdiyi problemin həllinə iqlim maliyəsinin cəmi 2% xərclənir. Əvəzində Kioto sazişinə qoşulmayan ölkələrin Azərbaycan ətrafında ekoloji deyil, məhz siyasiləşdirdikləri dumanlı, çirkli bir atmosferi görürük. Qarabağda erməni irsinin taleyi, insan haqları, sülh müqaviləsinin Qərbdə maraqlarımızın ziddinə imzalanması və digər süni gündəmi formalaşdıranların bircə faizi uzun illərdir mina ilə çirklənən torpaqlara, indi də təkbaşına mübarizə apardğımız qlobal problemə əl uzadıb bircə kəndi, yaxud küçəni abadlaşdırıb vətəndaşlarımıza verməkdə maraqlı deyillər. Halbuki qlobal iqlim razılaşması o halda mümkündür ki, birinci növbədə, siyasi atmosfer və ədalətli beynəlxalq təhlükəsizlik sistemi yaradılsın. Siyasi iqlim normallaşmasa, ekosistetm-ekoloji coğrafiyada harmoniya olmayacaq.Ölkəmiz iqlim müzakirələrinə meydan olmaqla bütün qitələr və dövlətlər arasında körpüyə çevrilir. İqlim atəşkəsi çağırışının da başlıca mənası Bakını sülh paytaxtına çevirməkdir. Biz həm coğrafi, həm də siyasi baxımdan, körpü olmağa hazırıq.
STM rəhbəri əlavə edib ki, yalnız neft və qazla tanınan bir ölkəni Yaşıl Azərbaycana çevirmək kursu ətrafında birləşənlərin məqsədi də bir tərəfdən Avropanın enerji təhlükəsizliyi üçün hər həftə gəlib prezident İlham Əliyevdən etdikləri xahişlərə əməl etməkdirsə, digər yandan daha məkrli planlarının qarşısını almaqdır:
“Çox təəssüf ki, Xəzər regionunun alternativ enerji ehtiyatlarının Avropa qitəsinə çıxarılması çoxlarını düşündürmür. Əksinə onlar istəyir ki, biz neft resurslarını dağıdaq, ümumilli sərvətlərdən məhrum olaq, yaşıl enerji sektorunu da qura bilməyək. Hazırda dünyada 52 münaqişə ocağı var. Müharibələr dünyanın ekosisteminə misli görünməyən zərbələr vurur. Tətbiq olunan silahlarla təkcə on minlərlə insan həyatını itirmir, milyonlarla köçkün yaranmır, həm də tonlarla buxar emissiyaları atmosferə atılır. Biz narahatıq ki, ölkəmizi böyük neft-qaz gəlirlərindən məhrum emək istəyirlər. Yüz illərlə qurulan infrastrukturu məhv edib, əhalinin daimi təminatlarına zərbə vurmağa çalışan beynəlxalq qüvvələr var. Halbuki 29 il əvvəl 1995-ci ildə COP-un ilk konfransı Almaniyada-enerji keçidinə qarşı böyük dağ-mədən, kimya, enerji, daş kömür sektorlarında çalışan 100 minlərlə işçinin etirazı şəraitində keçirilirdi. Reyn-Fesvaliyada və Rur vadisində CO2 tullantıları azaldılmış aşağı karbonlu iqtisadiyyata keçid heç bu gün də gündəmdə deyil. Əgər 2038-ci ilədək kömür mədənlərini qapatmaq qərarı gerçəkləşərsə, Emisyon Ticarət Sisteminin bir tərəfi çökər.Bizim ölkəmizdə neft əvəzinə günəş və külək enerji olmasın deyə, küçə və meydanlara çıxan 100 minlərlə insan yoxdur. Xalqımız 278 illik qara qızılın əbədi olmadığını yaxşı bilir. Ona görə də Qarabağ hadisələrinin də məhz ekoloji hadisələrdən başladığını-Topxana meşəsinin qırılması ilə millətlərarası nifaqa start verildiyini bir daha xatırlatmağı faydalı sayırıq. Azərbaycan 30 il ərzində apardığı mübarizə ilə təkcə torpaqlarını qaytarmadı, həm də yerləşdiyimiz Qafqaz regionunun bütün iqlimini dəyişdirən və bölgəyə daimi sülh gətirən bir eranın əsasını qoydu. Heç bir keçmiş sovet ölkəsi belə tədbiri qlobal arenada qazanmayıb. Ona görə də Suverenlik paradımızın keçirildiyi Xankəndi də biz həm də ekoaksiyalarla qazandıq. Tarix öz tsiklik inkişafını bir daha nümayiş etdirdi".
Musavat.com
08 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ