Onlayn ictimai-siyasi qəzet
Xəbər verdiyimiz kimi, mərhum ilahiyyatçı Hacı Şahin Həsənlinin heykəli hazırlanıb. Ötən gün bu görüntülər sosial şəbəkələrdə yayılıb və geniş müzakirələrə səbəb olub.
Bəziləri bildirib ki, dindar olan şəxsin heykəlinin hazırlanması doğru deyil, bu, bütpərəstlik kimi dəyərləndirilir və dinimizdə insanları bütləşdirmək doğru sayılmır. Bəzi istifadəçilər isə heykəlin mərhum Hacı Şahinə bənzəmədiyini vurğulayıblar.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Mehdiabad qəsəbəsi üzrə imamı, ilahiyyatçı Samir Əzizov bununla bağlı sualı cavablandırıb.
Musavat.com xəbər verir ki, ilahiyyatçı deyib ki, heykəl həmişə büt olmur:
“Məbud kimi ibadət, təzim, sitayiş edildiyi zaman heykəl bütə çevrilir. Məsələn, Həcc ziyarətinə gedən adam ehram (xüsusi geyim) geydiyi zaman bir çox halal olan məsələlər haram olur. Ov ovlamaq, həşərat öldürmək və sairə kimi. Amma orada təlbiyə demək şərti var. Təkbaşına ehram geymək yox, həm də təlbiyə (ləbbeyk Allahummə ləbbeyk...) deməlisən. Əks halda geydiyin ehramın adi geyimdən fərqi olmur. Bu da o qəbildəndir. Heykəlin uğurlu alınıb-alınmaması isə ayrı bir mövzudur”.
Qeyd edək ki, “Məşədi Dadaş” məscidinin imamı Hacı Şahin Həsənli martın 2-də ürəktutmasından vəfat edib.
Afaq,
Musavat.com
21 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ