İnsanlara hürriyət, millətlərə istiqlal!

Həyatımızı zəhərə döndərən dönər - total yoxlama zamanıdır

Paytaxtda və bölgələrdə bir sıra dönərxanalar kütləvi zəhərlənmə məntəqələrinə çevrilib; antisanitar şərait bərbad, qidaların mənşəyi naməlum...; mütəxəssislər AQTA-ya səsləndi

Avqustun 20-də zəhərlənmə şübhəsilə 24 nəfər (9-u kişi, 15-i qadın cinsli olmaqla) Şəmkir Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə hospitalizasiya olunub. Bu barədə TƏBİB-dən məlumat verilib. Qeyd olunub ki, onlardan 14-ü azyaşlıdır: “Müraciət edənlərin hər birinə zəruri tibbi xidmət göstərilib. Vəziyyətləri qənaətbəxş qiymətləndirilən şəxslər ambulator müalicə üçün evə buraxılıb”. İlkin məlumata görə, zəhərlənmə dönərdən qaynaqlanıb.

Eyni gündə Tovuz rayonunda qidadan zəhərlənmə olub. Hadisə rayonun Əyyublu kəndində baş verib. Həmin şəxslər Tovuz rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. 2021-ci il təvəllüdlü Ramil Tağıyev, onun qardaşı 2024-cü il təvəllüdlü Kamal Tağıyev, həmçinin 2002-ci il Nurtac Tağıyeva və 2010-cu il təvəllüdlü Eltac Tağıyevin dönərdən zəhərləndiyi ehtimal olunur. İyun ayında da Tovuzda dönərdən zəhərlənmə olmuşdu.
Son dönəmlərin kütləvi probleminə çevrilmiş qida zəhərlənməsi, xüsusilə dönərdən zəhərlənmə, ictimai sağlamlıq üçün ciddi təhlükə yaratmaqdadır. Demək olar ki, dönər satılan yerlərin əksəriyyətində heç bir gigiyenik normalar gözlənilmir. Ətin hardan, necə alındığı tam aydın deyil, istifadə olunan digər ərzaqların təmizliyi və keyfiyyətinə heç kim cavabdehlik daşımır. Adətən, dönərdən zəhərlənmələrə onun hazırlandığı ət, toyuq səbəb olur. Qidanın saxlanması və hazırlanma qaydası olduqca vacibdir. Zəhərlənmə ətin keyfiyyətindən və saxlanma müddətindən, eləcə də, şəraitindən irəli gəlir. Buna da AQTA nəzarət edir. Dönərdən zəhərlənmələr qida infeksiyasına aiddir. Zəhərlənmə zamanı əsas şikayətlər mədə-bağırsaqda diskomfort, ağrılar, köp, ürəkbulanma, qusma, bədən hərarətinin qalxmasıdır. Hətta nəzarət olmazsa, insan huşunu itirə bilər və vəziyyət proqressiv olaraq pozular.

Həyatımızı zəhərə döndərən dönərdən zəhərlənmələrin belə kütləvi hal almasının səbəbi nəzarətsizlikdirmi? Ölkədə saysız-hesabsız dönərxanalar var, onların hamısını yoxlamaq mümkündürmü, yaxud qaydaların sərtləşdirilməsinin zamanıdırmı?

187966.jpg (47 KB)

Eyyub Hüseynov 

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov “Yeni Müsavat”a qeyd edib ki, qida zəhərlənmələri bütün dünyada mövcuddur: “Təəssüf ki, Azərbaycan da bu məsələdən kənarda qalmır. Əgər Qida Təhlükəsizliyi Agentliyinin rəsmi statistikasına baxsaq, görərik ki, Azərbaycanda zəhərlənmə halları dünya göstəricilərindən 1400 dəfə az göstərilib. Bu isə real mənzərəni əks etdirmir. Çünki mediada yayılan xəbərləri nəzərə alsaq, əslində, göstəricilər beynəlxalq statistikalara uyğun gəlir.

Problemin əsas səbəbi ondan ibarətdir ki, Azərbaycanda istehlakçı hüquqları məsələsi bərbad vəziyyətdədir. Təsadüfi deyil ki, bu ilin 3 martında Milli Məclisdə Ombudsman Aparatının 101 səhifəlik illik hesabatı dinlənildi. Mən də həmin iclasda iştirak edirdim. Təəccüblüdür ki, bir dəfə də olsun “istehlakçı” sözü işlədilmədi. Yəni istehlakçı hüquqları insan hüquqlarının tərkib hissəsi kimi qəbul edilmir. Halbuki o günlərdə 15 nəfər spirtli içkidən zəhərlənərək həyatını itirmişdi.

İstehlakçı hüquqlarının insan hüquqlarının bir parçası kimi qəbul edilməməsi, üstəlik bu sahədə qanunun 1991-ci ildən bəri dəyişdirilməməsi vəziyyəti daha da ağırlaşdırır. Baxmayaraq ki, prezidentin fərmanı ilə illər boyu İqtisadiyyat Nazirliyinin tərkibində fəaliyyət göstərən Antiinhisar və Bazar Nəzarəti Xidməti bu ilin fevralında Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə çevrildi, amma real nəticə yoxdur.

Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) fəaliyyəti vacib olsa da, kifayət qədər təsirli deyil. Onlar müəssisələrdə yoxlamalar aparırlar, amma elə bir rəsmi sənəd ortaya qoymurlar ki, istehlakçı həmin sənədi görüb əmin olsun: bu obyektə AQTA nəzarət edir. Məsələn, dönərxanalarda divardan asılan sənədlərin doğrudan da həmin obyektdə bişirilən dönərlərə aid olub-olmadığını heç kim bilmir. Çox vaxt rəsmi kağız başqa yerdən alınır, amma əməldə öz bildiklərini edirlər.

Daha bir məsələ də var: AQTA-da cəld yoxlama sistemi yaradılmalıdır. Hazırda qurum yoxlamaya gedəndə əvvəlcədən sahibkarı xəbərdar edir. Bu isə artıq təsirini itirir. Bu məsələlər Agentliyin əsasnaməsində əksini tapmalıdır. Nə qədər ki, bu sahədə islahatlar aparılmayıb, qida zəhərlənmələri davam edəcək.

Təsadüfi deyil ki, bir neçə il əvvəl Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi regionlardan Bakıya eşşək əti və xəstə heyvan ətinin daşınmasını ifşa etdi, bu işlə məşğul olan şəxsləri həbs etdi. Deməli, real nəticə yaradan ən ciddi tədbirləri məhz bu qurum görmüşdü. Mən hesab edirəm ki, həmin quruma daha geniş səlahiyyətlər verilməlidir ki, bu sahədə daha fəal fəaliyyət göstərə bilsinlər".
Mütəxəssis qeyd edib ki, dönərdən zəhərlənmənin səbəbi çox az hallarda ətin özündən qaynaqlanır: “Doğrudur, toyuq əti tez xarab olur, buna görə də risklidir. Amma mal əti xarab olanda kəskin qoxu verir, rəngi dəyişir, hətta pişik belə ona yaxın durmur. Əsas problem isə digər komponentlərlə - mayonez, ketçup və digər əlavələrlə bağlıdır. Bundan başqa, dönər bir gün əvvəl hazırlanıb ertəsi gün satışa çıxarılanda artıq yoluxma mənbəyinə çevrilir. Deməli, ciddi şəkildə nəzarət olunmalıdır ki, dünəndən qalan dönərlər satışa çıxarılmasın, dərhal atılsın”.
Qida mütəxəssis İlkin Şirinov qeyd edib ki, dönərlərlə bağlı dəfələrlə danışılıb, dönərxanaların vəziyyəti barədə dəfələrlə xəbərdarlıq edilsə də, istehlakçılar - müştərilər yenə də öz sağlamlıqlarını bilərəkdən riskə atırlar:

“Bu gün fəaliyyət göstərən dönərxanaların əksəriyyətində elementar gigiyena qaydaları belə gözlənilmir. Məsələn, bir çox yerlərdə əlləri yumaq üçün su yoxdur, sabun yoxdur. Bu, acı bir reallıqdır. Əgər monitorinq aparılsa, görərik ki, dönərxanaların böyük hissəsində soyutma sistemi, soyuducu da yoxdur. Belə olan halda ortaya ciddi sual çıxır: risk qrupuna aid olan qidalar - souslar, ketçuplar, mayonezlər, toyuq əti hansı şəraitdə saxlanılır, onların təmizliyi necə izlənilir? Məlumdur ki, xüsusilə toyuq əti tez çirklənir və bakteriyaların çoxalması üçün əlverişli mühit yaradır. Üstəlik, keyfiyyətsiz, baytarlıq nəzarətindən keçməyən ət dönərlərdə istifadə ediləndə, bu, birbaşa zəhərlənmə riski yaradır. Belə hallar mütəmadi təkrarlananda isə kütləvi zəhərlənmələr qaçılmaz olur”.

Mütəxəssis qeyd edib ki, dönərxanaların əksəriyyəti ciddi nəzarətdən kənarfəaliyyət göstərir: “Hazırda dönərxanalardakı özbaşınalıqlar, antisanitar şərait insanların sağlamlığını ciddi təhlükə altına qoyur. Çox vaxt çalışanların tibbi müayinədən keçməsi məsələsi də diqqətdən kənarda qalır. Əksəriyyətinin həkim arayışı yoxdur. O halda sual yaranır: dönərxanaların fəaliyyətinə nəzarət mexanizmi necə tənzimlənir, hansı şəraitdə işləmələrinə kim məsuliyyət daşıyır? Digər bir məsələ də toyuq ətinin qiyməti ilə bağlıdır. Əgər bazarda toyuq əti 6-7 manata satılırsa, 1 manata təklif edilən dönərin tərkibi nədən ibarətdir? Təbii ki, burada ucuz, keyfiyyətsiz ətlərin istifadəsi məsələsi ortaya çıxır”.

Xalidə GƏRAY,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR