Onlayn ictimai-siyasi qəzet
Həyasızlığın bu qədəri: İrəvandan Bakıya yeni “sülh” şərti – Qriqoryan həddini aşdı!
Azərbaycan iki mənfur qonşusu – Rusiya və İran arasında “sendviç” kimi sıxılmaqda davam edir. Biri - Rusiya Bakının ard-arda sərt xəbərdarlıqlarına baxmayaraq, erməni separatçıları durmadan silahlandır, digəri – İran antiislam respublikası isə sərhəd boyu bizi yenə təhdid edir. Moskva və Tehranın Qarabağda Azərbaycan əleyhinə ortaq və çirkin oyunları da ki, öz yerində.
Bu yandan isə Paşinyan hökuməti bir ovuc erməni icmasının məsələsini bəhanə edib sülh müqaviləsini ləngidir. Bu da yenə ən çox Rusiya və İranın işinə yarayır. On görə ki, sülh sazişinin imzalanması, sərhədlərin dəqiqləşməsi, iki xalqın barışması ilə şimal və cənub qonşularımızın bölgəyə müdaxilə imkanları sıfra enəcək.
Gəl ki, Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın “Azadlıq” radiosunun erməni xidmətinə dünənki müsahibəsi Bakı-İrəvan danışıqlarına faktiki son qoyur. Çünki orada Qriqoryan açıq mətnlə bəyan edir ki, “Qarabağın təhlükəsizlik məsələsi” həllini tapmayınca Nikol Paşinyan iqtidarı sülh müqaviləsini imzalamayacaq.
“Bakı Qarabağ erməniləri ilə ultimatum dilində danışmağa çalışır və müxtəlif vasitələrlə Dağlıq Qarabağa təzyiq göstərməyə davam edir. Mən Laçın dəhlizinin blokadasını, eləcə də Bakının təxribat və terror fəaliyyətini (?!- Z.S.) nəzərdə tuturam”, - Qriqoryan sarsaqlayıb.
Xatırladaq ki, Armen Qriqoryan Azərbaycanla danışıqlar prosesinə məsul olan 3 əsas şəxsdən (baş nazir Nikol Paşinyan və XİN rəhbəri Ararat Mirzəyanla birgə) biridir. Yəni söhbət yüzdə-yüz İrəvanın rəsmi mövqeyinin ifadəsindən gedir. Ayrı sözlə, bir daha aydın olur ki, Ermənistan sülhü yox, müharibəni seçir. Bu da növbəti dəlil-sübut.
“Ona görə də danışıqların baş tutması üçün müzakirə imkanı yaratmaq, anlaşmalar çərçivəsində qalmaq lazımdır. Biz təhlükəsizlik və hüquqları müzakirə etməyə razılaşdıq. Beynəlxalq mexanizm Stepanakertlə (Xankəndi – Z.S.) Bakı arasında danışıqlar və ya müzakirələr üçün nəzərdə tutulub və müzakirələr nəticəsində mexanizmlər yaradıla bilər”, - deyə erməni rəsmisi ardınca vurğulayıb və əlavə edib ki, həmin mexanizmlərdən biri də diqqət: “Dağlıq Qarabağın təmas xətti ətrafında hərbsizləşdirilmiş zonanın yaradılması ola bilər. Bu hərbsizləşdirilmiş zona Dağlıq Qarabağ üçün təhlükəsizlik təminatı yaradacaq”.
Göründüyü kimi, İrəvan arzularını gerçək kimi qələmə verməkdən əl çəkmir. Guya Bakı-Xankəndi danışıqları ilə bağlı hansısa “beynəlxalq mexanizm” haqda razılaşma var, İrəvan hətta qəbuledilməz yeni şərt irəli sürür – “DQ ətrafında hərbsizləşdirilmiş zona”!
Beləcə, Ermənistan kapitulyant ölkə olsa da, şərt və tələbləri bitmək bilmir. İstisna deyil ki, həm Avropa Birliyinin uzunmüddətli missiyasının Ermənistanda işə başlamasından, həm də Rusiya və İranın separatçılara güclənən ortaq himayəsindən və Hindistandan artan silah tədarükündən cürətlənib, ayağı yer tutmur.
Qısası, ağılları işğal dövrünə gedib. Məğlub tərəf bizimlə az qala şərt dilində danışır. Ermənistanın 10 noyabr sənədinin öhdəliklərini (4 və 9-cu bəndlər) 3 ildir yerinə yetirməməsi, o sırada Qarabağdan qanunsuz silahlı birləşmələri hələ də tam çıxarmaması azmış kimi, üstəlik, heyrətamiz həyasızlıqla mifik Dağlıq Qarabağ ətrafında “hərbsizləşdirilmiş zona”, “təlhükəsizlik zolağı” yaratmağı təklif edir.
Hansı “Dağlıq Qarabağ” və onun “perimetrlərindən”, “təmas xətti”ndən söhbət gedir görəsən? Azərbaycanda belə bir inzibati ərazi vahidi, “təmas xətti”-filan yoxdur. Qarabağ iqtisadi zonası var, onun da kiçik bir hissəsində müvəqqəti olaraq Rusiya SMQ-i yerləşib. Azərbaycan indi öz qanuni ərazisindən - Qarabağdan öz silahlı qüvvələrini sülh sazişi naminə gerimi çəkməlidir? Ki, separatçılarla ruslar birləşib daha rahat şəkildə əraziyə silah-sursat daşısınlar, İran diversantları özlərini tam cəzasız və təhlükəsizlikdə hiss etsinlər? Bunlar Azərbaycan dövlətini nə hesab edirlər görən?
Dəfələrlə və ən yüksək səviyyədə bəyan edilib: Azərbaycan öz suveren əraziləri ilə, daxili inzibati quruluşu ilə bağlı heç bir başqa ölkə və ya beynəlxalq qurumla danışıq aparmayacaq, torpaqlarımızı “sortlara” bölüb alver predmeti eləməyəcək! Belə bir ilkin razılıq da heç vaxt olmayıb! Qriqoryan gözünün içinədək yalan danışır təbii ki.
Yalnız erməni icması ilə dialoq mümkündür və olacaq. O da Konstitusiyamız çərçivəsində. Kim üçrəngli bayrağımızı qəbul edər, qalıb Qarabağda şad-xürrəm yaşayar. Etməyənlər üçün isə Laçın yolu həmişə açıqdır. Şələ-küləni götürüb bir yerdən başqa yerə dinc şəkildə rədd olub getmək də təməl insan haqlarına daxildir. Bilən ermənilər bilməyənlərə söyləsin. Nə qədər gec deyil...
10 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ