İnsanlara hürriyət, millətlərə istiqlal!

"Hətta maskada olan cinayətkarları aşkara çıxaran müasir video müşahidə sistemləri olmalıdır"- Osman Gündüz

"Cinayətkarlıqla mübarizədə və ictimai təhlükəsizliyin qorunmasında "Təhlükəsiz Şəhər" sistemi müasir tələblərə cavab verirmi?

Müşahidə kameraları maskada olan şəxsi identifikasiya etməyə imkan verirmi?"

Musavat.com xəbər verir ki,  Azərbaycan İnternet Forumunun rəhbəri Osman Gündüz bu suallara cavab verib. O, qeyd edib ki, "Bravo"da baş verən cinayətin  açılmasında DİN-in texnologiyalardan, rəqəmsal resurslardan,  "Təhlükəsiz Şəhər" sistemindən peşəkarlıqla istifadəsi haqqında bir neçə gün öncə danışmışdım. Deputat Fazil Mustafaya qarşı törədilən terror bir daha bu məsələyə diqqət yetirməyimə səbəb oldu.

Ölkəmizdə "Təhlükəsiz Şəhər" sistemi 2009-cu ildən fəaliyyət göstərir.

Bu sistem daxilində biometrik identifikasiya, video müşahidə və s. bu tip  alt sistemləri mövcuddur, kütlə içərisindən yalnız axtarılan şəxsi seçməyə və izləməyə imkan verir, hətta saxta nömrə ilə avtomobili və sahibini identifikasiya etməyə və izləməyə imkan verir və s.
Bununla bağlı Prezidentin 15 may 2009-cu il tarixli fərmanı və NK-nın 2010-cu ildə qəbul edilən  qərarları var.

Videomüşahidə kameralarının quraşdırılacağı məkanlar, bu işə məsul qurumlar, bu işin reallaşmasına ayrılan vəsaitlərlə bağlı NK qərarına bir neçə dəfə əlavələr də olub".

Ekspert əlavə edib ki, əvvəllər DİN-in müşahidə kameraları yalnız əhalinin sıx hərəkətdə olduğu küçə və prospektlərdə, parklarda, idman kompekslərində quraşdırılırdı:"Hazırda isə , yuxarıda qeyd olunan qərara edilən dəyişikliklərdən sona  müşahidə  kameraların sayı və keyfiyyəti xeyli artırılıb.

Son açıqlanan məlumatlara görə Bakı şəhərində "Təhlükəsiz şəhər" sistemində, təxminən  2300  nöqtədə 7 min müşahidə kamerası istifadəyə verilib.

İnkişaf etmiş ölkələrdə isə müşahidə perimetrinə daxil olan ərazilər, hər 100 nəfərə düşən kamera sayı hədsiz yüksəkdir.

Beynəlxalq təcrübəni, inkişaf etmiş ölkələrdə bu istiqamətdə atılan addımları müşahidə etdikdə görmək olar ki, ictimai təhlükəsizliyin qorunması və cinayətkarlığa qarşı mübarizədə "Təhlükəsiz şəhər" sisteminin təkmilləşdirilməsinə ciddi ehtiyac var.

"Təhlükəsiz şəhər" sisteminin əsas  tərkib hissəsi olan videomüşahidə infrastrukturunun qurulması mövcud normalara görə DİN, FHN, Yerli icra qurumları və Dövlət Şəhərsalma və Arxitektura  Komitəsinə həvalə edilib.

Lakin görünən odur ki , bu infrasturkturun inkişaf etdirilməsi və  dayanıqlığı ilə bağlı çatışmazlıqlar da var.

Baş verənlər və müasir çağırışlar da tələb edir ki, "Təhlükəsiz Şəhər"in əhatə dairəsi genişləndirilməli, bu məqsədlə Yol xəritəsi hazırlanmalıdır.

Yeni tikilən binaların, obyektlərin təhvil-təslimində "Təhlükəsiz Şəhər" sisteminə qoşulan videomüşahidə sisteminin mövcudluğu təmin edilməlidir. Qaydalar bunu tələb etsə də icrası istiqamətində problemlər var.

Bu sistemin operatoru olan DİN bu prosesdə daha yaxından  iştirak etməlidir.

Yeri gəlmişkən, yeni tikililərdə  telekommunikasiya və videomüşahidə sisteminin mövcudluğu və istismarı ilə bağlı qanunvericiliyə dəyişikliklər edilməlidir.

Müasir dünyanın çağırışlarına uyğun olaraq "Təhlükəsiz şəhər" sisteminə hətta maskada olan cinayətkarları identifikasiya etməyə imkan verən müasir video müşahidə sistemləri, təmassız biometrik texnologiyalar  quraşdırılmalıdır.

İnkişaf etmiş ölkələr terrorçuluğa qarşı mübarizədə, identifikasiya məsələlərində  süni intellekt həllərindən istifadəyə daha çox önəm verirlər. Bu təcrübələrin öyrənilməsi və ölkəmizdə tətbiqinə diqqət artırılmalıdır.

"Təhlükəsiz şəhər" sisteminin modernləşdirilməsi, yeni texnologiyaların tətbiqi,  kameralardan məlumatların ötürülməsi üçün optik şəbəkənin inkişaf etdirilməsi, məlumatların emal edilməsi üçün Data Mərkəzin gücünün artırılması , digər təhlükəsizlik  sistemləri ilə inteqrasiya böyük resurslar və peşəkar kadrlar tələb edir.

Dünyada baş verənlər, son zamanlar ölkəmizdə baş verənlər və beynəlxalq təcrübədə göstərir ki, "Təhlükəsiz şəhər" tipli sistelmlər ictimai təhlükəsizliyin qorunması üçün mühüm əhəmiyyət kəsb edir.

Odur ki , hökumətin bu məsələləri yenidən gündəmə gətirməsi, resurslar ayırması və təhlükəsizlik sistemlərinin təkmilləşdirilməsinə xüsusi diqqət yetirməsi düşünürəm ki, faydalı olardı.

Yeri gəlmişkən, videomüşahidə sistemləri ilə toplanan informasiyaların qorunması və bu məlumatlardan  sui-istifadə hallarının  qarşısının alınması üçün də qanunverciliyin təkmilləşdirilməsi vacibdir".

 

Afaq,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Oktyabr 2024

07 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR