İnsanlara hürriyət, millətlərə istiqlal!

Hesablama Palatası Talıbovun dövründə şok yeyintinin izində

Vasif Talıbov də Eldar Mahmudov, Əli Abbasov, Əbülfəs Qarayev kimi həbs olunmadan “cəzalandırılır”...

Vasif Talıbovun Naxçıvan rəhbərliyindən uzaqlaşdırılmasından sonra muxtar respublikanın müxtəlif qurumlarında maliyyə yoxlamaları aparılmaqdadır. Ötən il respublikanın gömrük orqanlarında səs-küylü araşdırma və həbslərdən sonra Hesablama Palatasının demək olar ki, bütün dövlət qurumlarında auditləri başlayıb.

2022-ci ildə Hesablama Palatasının Naxçıvan üzrə baş idarəsi kənar dövlət maliyyə nəzarəti yoxlamaları çərçivəsində bır sıra obyektlərdə də pozuntular aşkarlayıb. Bu barədə Palatanın ötənilki fəaliyyətinə dair hesabatında məlumat verilib.

Palatanın Naxçıvan Muxtar Respublikası üzrə İdarəsi tərəfindən 2022-ci ildə 13 audit və 10 analitik fəaliyyət aparılması planlaşdırılıb, hesabat ilində 1 obyektin hüquqi forması dəyişdirildiyindən nəzərdə tutulmuş analitik fəaliyyət təxirə salınıb.

Auditlər maliyyə və uyğunluq auditinin birgə tətbiqi ilə həyata keçirilib. Bu zaman dövlət proqramlarının icrası vəziyyəti, dövlət vəsaitlərinin və dövlət əmlakının idarə edilməsi vəziyyəti, maliyyə hesabatlarının hazırlanması, gəlirlərin, xərclərin və dövlət satınalmalarının normativ-hüquqi aktların tələblərinə uyğunluğu diqqət mərkəzində saxlanılıb. Məlum olub ki, bir sıra nəzarət obyektləri tərəfindən büdcə layihələri düzgün tərtib edilməyib: “Belə ki, obyektlər tərəfindən proqnozlaşdırma aparılarkən əvvəlki illərin faktiki göstəriciləri nəzərə alınmayıb, tələbat düzgün müəyyənləşdirilməyib və smeta əsassız artımlarla tərtib edilib. İlin sonunda nəzarət obyektləri tərəfindən təsdiq olunmuş smetaların iqtisadi təsnifatın paraqrafları üzrə istifadə edilməmiş vəsaitlərinin azaldılaraq ehtiyat fonduna yönəldilməsi hallarına rast gəlinib. Auditlər zamanı 10 obyekt üzrə bəzi hallarda vahid büdcə təsnifatı ilə müəyyən edilmiş istiqamətlərə riayət olunmadan 54 min manat istifadə edilib”.

Auditlər zamanı nəzarət obyektlərində işçilərlə hesablaşmalar zamanı əməyin ödənişi üzrə də bir sıra uyğunsuzluqlar müəyyən edilib: “Əmək məzuniyyətindən geri qaytarılmış işçi ilə hesablaşmalar və vəfat etmiş işçi üçün ödənilən birdəfəlik müavinət və işdən azad olunan işçilərə son haqq-hesab düzgün hesablanmayıb, ixtisas dərəcəsinin verilməsi zamanı staj nəzərə alınmayıb, həmçinin nəzarət obyektlərində bəzi hallarda əməkdaşların vəzifəyə təyin olunması zamanı ixtisasa dair tələblərin gözlənilməməsi, kənardan cəlb olunmuş işçilərlə xidməti müqavilənin düzgün bağlanılmaması kimi hallara da yol verilib. Qeyd edilən nöqsanlar nəticəsində auditin əhatə etdiyi dövrdə kənar dövlət maliyyə nəzarəti obyektləri üzrə 13,5 min manat artıq və 4,2 min manat əskik ödəmələrin həyata keçirildiyi müəyyən edilib”.

Hesabata görə, 5 kənar dövlət maliyyə nəzarəti obyekti üzrə 2017-2022-ci illəri əhatə edən dövrdə ümumilikdə 18,7 milyon manatın istifadəsi zamanı “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununa müraciət edilməyib: “Sadalananlarla yanaşı, ilkin uçot sənədlərinin tərtibində uyğunsuzluqlar və xidmət sahələrində gəlirlər üzrə vergi ödənişlərinin tam şəkildə həyata keçirilməməsi halları da müşahidə edilib. Bir nəzarət obyekti üzrə 6,8 min manat vergi yayınması halı olub.

İş planına uyğun olaraq hesabat ilində analitik fəaliyyət çərçivəsində 9 təşkilatın maliyyə-təsərrüfat fəaliyyətinin qiymətləndirilməsi məqsədilə maliyyə hesabat formalarının və digər maliyyə sənədlərinin təhlili aparılıb. İdarə tərəfindən keçirilmiş kənar dövlət maliyyə nəzarəti tədbirlərinin nəticələri göstərir ki, müvafiq sahələr üzrə maliyyə hesabatlarının düzgün tərtib olunması prosesində nəzəri və praktiki çatışmazlıqlar mövcud olub".

Hesablama Palatası Naxçıvanda yoxlamaları bu il də davam etdirir. Bu barədə Palatanın sədri Vüqar Gülməmmədov “Real TV”yə açıqlamasında məlumat verib: “Cari ilin dörd ayında Naxçıvan Muxtar Respublikasında Ordubad Su Elektrik Stansiyasının tikintisi, Kənd Təsərrüfatı Nazirliyinin dövlət subsidiyalarının verilməsi və hava limanının fəaliyyəti ilə bağlı nəzarət tədbirləri yekunlaşdırılıb. Muxtar Respublikanın hava limanında nəzarət tədbirlərinin nəticələri göstərdi ki, gəlirlərin, xüsusilə nağd vəsaitlərin gizlədilməsi variantları var. Xərclərin şişirdilməsi məsələsi var ki, bu da hava limanının fəaliyyətindən əldə olunan gəlirlərin gizlədilməsi məqsədilə edilib. Kənd Təsərrüfatı Nazirliyindən isə fermerlərə verilən subsidiyaların kəmiyyət göstəricilərinin artırılması hesabına - yəni həm həcmin, həm də sayın artırılması yolu ilə artıq xərclərə yol verilib. Bu, təxminən ümumi subsidiyaların 57 faizini əhatə edir və çox böyük bir məbləğdir. Buna görə də biz hər iki auditin nəticələrini hüquq-mühafizə orqanlarına göndərmişik”.

Palata sədri onu da bildirib ki, Ordubad Su Elektrik Stansiyasının tikintisinə sərf olunmuş vəsaitlərin auditinin nəticələri də hüquq-mühafizə orqanlarına göndərilib: “Bilirsiniz ki, bu stansiyanın tikintisi yarımçıq saxlanılıb, lakin biz görülən işlər üzrə xərcləmələri araşdırmışıq”.

V.Gülməmmədov Naxçıvanda 3 audit üzrə aşkarlanan mənimsəmə məbləğlərini açıqlamayıb. Lakin onlar çox böyük olduğu üçün nəticələrin hüquq-mühafizə orqanlarına göndərildiyini deyib. 

Xatırladaq ki, 2022-ci ildə Dövlət Təhlükəsizlik Xidmətinin Naxçıvanda apardığı yoxlamalar çox böyük həcmli mənimsəmələrin olduğunu üzə çıxarmışdı. Belə ki, DTX Naxçıvan Gömrük Komitəsinin (artıq ləğv edilib və Baş İdarə yaradılıb) Gömrük tariflərinin tənzimlənməsi və ödənişlər şöbəsinin rəisi Mənsur Əsgərovun 132 milyon, Naxçıvanın maliyyə naziri Rafael Əliyevin 144 milyon manat mənimsədiyini aşkara çıxarmışdı. Aparılan araşdırma nəticəsində ötən ilin dekabrında Naxçıvan Şəhərsalma və Arxitektura Komitəsinin rəhbəri Hicran Rüstəmovun 212 milyon 361 min manat mənimsədiyi üzə çıxıb. Beləliklə, cəmi 3 qurumda ümumilikdə 488 milyon 361 min manatlıq mənimsəmə faktının üstün açılıb. Nəzərə alsaq ki, Naxçıvan Gömrük Komitəsində yeyinti hələ rəhbər səviyyəsində deyil, yalnız gömrük tariflərinin tənzimlənməsi və ödənişlər şöbəsində aşkarlanıb, onda 3 qurumdakı ümumi yeyintilərin heç də 488 milyonla yekunlaşmadığını söyləmək olar.

Qeyd edək ki, Naxçıvanın büdcəsi 2020-də 482 milyon, 2021-ci ildə 502,3 milyon, 2022-ci ildə 606,1 milyon manat olub. Muxtar Respublikanın 2021-ci il üçün büdcəsinin icrasına dair açıqlanan rəqəmlərdən məlum olur ki, həmin il ərzində Naxçıvan büdcəsinin gəlirlərinin 21.6 faizini və ya 31 milyon 405 milyon manatını gömrük ödənişləri təşkil edib. Bu isə o deməkdir ki, Naxçıvanda Gömrük Komitəsinin şöbə rəisi respublika büdcəsinə gömrük sistemindən gələn gəlirdən 4.2 dəfə çox vəsaiti mənimsəyib. Belə ki, gömrükdən Naxçıvan büdcəsinə gündə 86 041 manat daxil olduğu halda, yalnız Naxçıvan Gömrük Komitəsinin şöbə rəisinin gündəlik qazancı 361 643 manat təşkil edib. Başqa sözlə desək, Naxçıvanda 1 gömrük məmurunun oğurluğu il ərzində muxtar respublikanın büdcəsinə daxil olan məbləğdən 100 milyon manat çox olub.

Nəzərə alsaq ki, Naxçıvan Gömrük Komitəsində bir deyil, bir neçə şöbə, həmçinin komitənin rəisi vardı, onda bu qurumdakı mənimsəmələrin də aşkarlanandan qat-qat çox olduğunu deməyə əsas verir. Bu mənimsəmələr şəraitində Naxçıvan büdcəsi hər il mərkəzi büdcədən 400-500 milyon manat dəstək alıb. Və alınan bu vəsaitləri də subsidiya adı altında təyinatından kənarlaşdırıblar. 

Onu da qeyd edək ki, Naxçıvanda aqrar subsidiyaların mənimsənilməsinə dair ara-sıra şikayətlər sosial şəbəkələrə, ölkə mətbuatına yol tapırdı. Belə məlumatlarda Naxçıvanda yalnız əkin sahələrinin və əldə edilən məhsula dair rəqəmlərin şişirdilməsi ilə kifayətlənilmədiyi, hətta arı ailələrinin, süni mayalanma ilə doğulan buzovların sayının da süni şəkildə artırıldığı, onlar üçün büdcədən silinən vəsaitlərin muxtar respublikanın sabiq rəhbəri Vasif Talıbovun yaxın çevrəsinə çatdığı bildirilirdi. Hesablama Palatası sədrinin açıqladığı audit nəticələri belə şikayətlərin haqlı olduğunu gec də olsa, sübut edir.

Aydın məsələdir ki, Naxçıvanda 1 manat pulun belə V.Talıbovun xəbəri olmadan mənimsənilməsi mümkün deyildi. Uzun illər muxtar respublikada mövcud olan sərt nəzarət sistemi şəraitində bu, qeyri-real idi. Bu baxımdan, ölkə ictimaiyyətində V.Talıbovun aşkarlanan faktlara görə həbs ediləcəyinə dair gözləntilər var. Lakin təcrübə göstərir ki, Azərbaycanda çox böyük korrupsiya, dövlət vəsaitlərinin mənimsənilməsi faktları aşkarlanan iri dövlət qurumlarının rəhbərləri bir qayda olaraq, həbs edilmirlər. Biz rabitə işi, MTN işi, Mədəniyyət Nazirliyi işi və sair gurultulu həbs və cinayət işlərinin gedişində qanunsuzluqların baş alıb getdiyi qurumların rəhbərlərinin cəzadan kənarda qaldığının şahidi olmuşuq. Buna görə də V.Talıbovun Naxçıvandakı qanunsuzluqlara görə həbs olunması real görünmür. Nəzərə alsaq ki, ötən ildən başlayaraq onun və ailəsinin nəzarətində olan bütün biznes, əmlak və sairdən məhrum edilməsinə başlanıb, onda deyə bilərik ki, V.Talıbov də Eldar Mahmudov, Əli Abbasov, Əbülfəs Qarayev kimi həbs olunmadan “cəzalandırılır”...

Dünya SAKİT,
“Yeni Müsavat”

 

 

 

 

 

 

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR