Onlayn ictimai-siyasi qəzet
Hələ Vətən müharibəsinin davam etdiyi vaxtlarda azad olunan ərazilərdə elektrik xətlərinin çəkilməsi işləri həyata keçirilirdi. Hərbçilərimiz Qarabağı azad edirdi, onların ardınca isə “Azərişıq” ASC-nin fədakar əməkdaşları vətən torpağını işıqlandırırdı. “Azərişıq” işıq sürəti ilə azad olunmuş torpaqlarda quruculuğa ilk töhfəni verirdi. Bunun nəticəsi idi ki, 2020-ci ilin oktyabrında “Azərişıq” Qarabağda layihəsinə start verildi. İlk olaraq Cəbrayıl rayonu ərazisində işlərə başlanıldı. Əsas hədəf isə ən qısa vaxtda Cəbrayılda Azərbaycanın işığını yandırmaq idi. Fədakar işıqçılar müharibənin ilk günlərindən hərbi hissələri və Cəbrayılı işıqla təmin etmək üçün işə başladılar. Əlbəttə ki, çətin idi, müharibə gedirdi, ətraf ərazilər minalammışdı. Lakin bu onları qorxutmurdu. Naqillər, materiallar Cocuq Mərcanlı yarımstansiyasının həyətinə boşaldıldı və işlərə başlanıldı. Beləliklə, oktyabrın 28-də Cəbrayıl elektrik enerjisi ilə təmin olundu. Elə həmin ay Hadrut qəsəbəsində yerləşən xüsusi dövlət əhəmiyyətli binalarda da Azərbaycan işığı yandı.
Bundan sonra növbəti hədəf Qarabağımızın incisi olan Şuşa şəhərinə işıq çəkmək idi. Bunun üçün Füzuli rayonu ərazisində yerləşən Şükürbəyli yarımstansiyasından Hadruta 35 kV-luq xətt çəkildi. Buradan isə Şuşanın işıqlandırılması nəzərdə tutulurdu. Qarlı, şaxtalı hava, çətin relyef əlbəttə ki, maneələr yardırdı, amma Şuşanın işıqlandırılması əsas hədəf idi. Və nəhayət 37 gün ərzində Şuşa xətti hazır oldu. “Azərişıq”ın əməkdaşları yanvar ayının əvvəlində Topxana meşəsində gecə-gündüz çalışaraq yanvarın 7-də Azərbaycan işığını Şuşada yandırdılar. Bu tarixi hadisə idi. 28 illik fasilədən sonra Şuşa dayanıqlı elektriklə təmin edildi. Şəhərdə artıq istər inzibati, istərsə də mülki binalar işıq saçırdı. Bundan sonra isə Şuşanın müxtəlif hissələrində 6 35 kV-luq yarımstansiyanın tikintisinə başlanıldı. Maraqlısı isə odur ki, şəhərdə yeraltı kabelləşmədən istifadə olunurdu.
Şuşa xəttindən Xocavəndin 10 kəndinə, Xocalıya, bu ərazilərdə yerləşən hərbi obyektlərə işıq verilməsində istifadə olunur. Həmçinin Şuşada abadlıq aparan şirkətlərin elektrik enerjisinə olan tələbatı da bu xətt vasitəsi ilə həyata keçirilir.
Növbə Qubadlı və Zəngilanın idi. Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq hər iki rayonda xüsusi dövlət əhəmiyyətli binalar elektrik enerjisi ilə təmin olundu. Sərhəd zastavaları azad olunduqca onların işığının bərpası əsas tapşırıqlardan idi. Mart ayında artıq Qubadlıda elektrik xətlərinin bərpası, yarımstansiyaların qurulması işləri aparılırdı.
“Azərişıq Qarabağda” layihəsi Suqovuşanda da uğurla icra olunurdu. 2021-ci ilin may ayında Suqovuşan qəsəbəsi artıq işıqla təchiz edildi. Şuşa xəttindən sonra ilk dəfə Suqovuşan xəttindən sonra izolyasiyalı kabeldən istifadə olundu.
2021-ci ilin iyul ayının 18-dər ayında Kəlbəcərin mərkəzi və xüsusi dövlət əhəmiyyətli obyektlər elektriklə təmin edildi. Kəlbəcər-Vəng-Bağlıpəyə, Zülfüqarlı, İstisu istiqamətində yüksək gərginlikli xətlər bərpa olundu, yaxud da yenidən quruldu. Soyuq, qarlı, buzlu hava şəraitində belə “Azərişıq” əməkdaşları işlərinə fasilə vermədilər.
“Azərişıq" ASC-nin sədrinin texniki məsələlər üzrə müşaviri Vüsal Qəmbərov Zəngilanda jurnalistlər üçün keçirilən brifinqdə bildirib ki, antiterror əməliyyatından sonra da işlər davam etdirilib:
“Biz oranın işğaldan azad olunmasını daha çox istəyirdik ki, orada elektrik enerjisinin təminatının dayanıqlılığını daha da artıraq. Bu hadisədən sonra Xocavənd rayonunun mərkəzi, Ağdarə, Qırmızıbazar, Füzuli, Tərtər, Ağdam, Şuşa və Laçın kimi əraziləri daimi elektrik təchizatı sxemi ilə təmin etməyi bacardıq. Hər hansı köhnə xəttlərin qəzası zamanı elektrik enerjisinin təminatında fasiləmiz yaranmır”.
2024-cü ildə Prezident İlham Əliyevin iştirakı ilə böyük güc mərkəzlərindən ikisinin rəsmi açılışı baş tutub. Sentyabrın 2-də ölkə başçısı Kəlbəcərdə 110/35 kV-luq “İstisu” yarımstansiyasını işə salıb. Oktyabrın 3-də Zəngilan Elektrik Şəbəkəsinin Rəqəmsal İdarəetmə Mərkəzinin açılışında iştirak edib. Ağdam Elektrik Şəbəkəsi və Rəqəmsal İdarəetmə Mərkəzi də istismara hazır vəziyyətdədir. Hər 3 güc mərkəzi müasir tələblərə cavab verən SCADA sistemi ilə təchiz edilib.
İşğaldan azad olunan ərazilərdə 35 kV-luq yeni güc mərkəzlərinin tikintisi davam edir. Laçında müasir yarımstansiya və rəqəmsal idarəetmə Mərkəzi tikilir, eləcə də 110/35/10 kV-luq "Minkənd" yarımstansiyasının inşası, "Ağbulaq-SES" və "Minkənd" yarımstansiyaları arasında 35 kV-luq iki dövrəli ÖİN xəttinin çəkilişi yekunlaşmaq üzrədir. İşlər bununla yekunlaşmır, Xocalıda "Xocalı" yarımstansiyası və İdarəetmə Mərkəzinin tikintisi, "Əsgəran", Malıbəyli və Sığnaq yaşayış məntəqələrində yarımstansiyaların tikintisi gedir.
"Xocavənddə "Zoğalbulaq" yarımstansiyasının tikintisi, Hadrut "Qovşaq" yarımstansiyası ilə "Zoğalbulaq" yarımstansiyası arasında 35 kV-luq iki dövrəli ÖİN xəttinin çəkilişi davam edir.
Həmçinin Ağdam, Füzuli və Cəbrayıl rayonlarında tikintisi davam edən və ya planlaşdırılan yaşayış məntəqələrinin enerji təchizatının təmin olunması məqsədilə müasir tələblərə cavab verən yeni transformator yarımstansiyaları tikilir. Hazırda Qubadlı Rəqəmsal İdarəetmə Mərkəzində tamamlanma işləri gedir.
Hazırda "Azərişıq" ASC-nin işğaldan azad edilmiş ərazilərdə 654 abonenti var. Həmin abonentlərin 320-si əhali qrupuna daxildir. Azərbaycanın mədəniyyət paytaxtı Şuşada isə qurumun 250 abonenti qeydiyyata alınıb.
"Azərişıq" ASC Şərqi Zəngəzurda və Naxçıvan Muxtar Respublikasında elektrik enerjisinin verilməsini öz üzərinə götürəcək. Vüsal Qəmbərov bildirib ki, işğaldan azad edilmiş ərazilərdə mövcud xətlərin bərpası işləri aparılan zaman Şərqi Zəngəzurun İran sərhədi boyunca 35 kilometrlik xəttlərin bərpasını "Azərişıq" icra edib.
"Həmin xəttlər vasitəsi ilə bütün zirvələrə elektrik enerjisi verilib. Şərqi Zəngəzurla Naxçıvanı əlaqələndirmək üçün tikinti işlərini aparan bütün təşkilatların elektrik enerjisini tam təmin edə bilərik".
Qarabağa mərhələli köç həyata keçirilir. Azad olunmuş ərazilərə insanlar böyük həvəs və həsrətlə geri qayıdırlar. Qayıdırlar ki, 30 il bundan öncə tərk etmək məcburiyyətində olduqları evlərinin ışığını yenidən yandırsınlar...
Şahanə Rəhimli
Musavat.com
Yazı “Azərişıq” ASC-nin 10 illik yubileyinə həsr olunmuş “İşğaldan azad olunmuş ərazilərdə görülən işlər, həyata keçirilən innovativ layihələr” mövzusunda media subyektlərinin təmsilçiləri arasında elan edilən müsabiqəyə təqdim edilir.
03 Mart 2025
02 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ