Onlayn ictimai-siyasi qəzet
Azərbaycan Mərkəzi Bankının məlumatına görə, 31 iyul 2023-cü il tarixinə Azərbaycan banklarının kredit portfelinin həcmi 21 milyard 372 milyon manat olub.
Musavat.com iqtisadçı-alim, Milli Məclisin üzvü Vüqar Bayramova istinadən xəbər verir ki, bu, əvvəlki aya olan məbləğlə müqayisədə 76 milyon manat artım deməkdir: “Bununla belə, rəsmi statistika göstərir ki, hələ də rayonlarda yaşayan vətəndaşlarımızın və eləcə də sahibkarlıq fəaliyyəti ilə məşğul olanların kreditlərə çıxış imkanları məhdud olaraq qalmaqdadır. Belə ki, ümumi kredit portfelinin 16 milyard 336 milyon manatı Bakıda qeydə alınıb. Bu o deməkdir ki, ümumi kredit portfelinin 76 faizindən çoxu paytaxtın payına düşüb. 805 milyon manat isə Abşeron-Xızı iqtisadi rayonunda təklif olunub. Bu isə o deməkdir ki, bankların verdiyi hər 100 manat kreditin 80 manatından çoxu Bakı və Abşeronun payına düşür. Bu, eyni zamanda ondan xəbər verir ki, regionların kreditlərə çıxış imkanları məhdud olaraq qalmaqdadır”.
Millət vəkili bildirir ki, bir sıra iqtisadi rayonlar üzrə kredit qoyuluşları hələ də kiçik olaraq qalmaqdadır:
“Məsələn, böyük potensialı olan Dağlıq Şirvanda 151, Mil-Muğan iqtisadi rayonunda isə 229 milyon manat krediti qoyuluşu qeydə alınıb.
Aydındır ki, özəl banklar kreditləşmədə müstəqil qərar verirlər və bu zaman risk amili daxil olmaqla fərqli faktorları nəzərə alırlar. Digər tərəfdən də, inzibati yollarla bankları kreditləşməyə istiqamətləndirmək də düzgün olmazdı. Bununla belə, bir sıra inkişaf etmiş ölkələrin praktikasında olduğu kimi, bankların regionlarda biznesin maliyyələşdirilməsinə stimullaşdırılması və təşviq edilməsi çox vacibdir. Bu, bölgələrimizin daha çox maliyyə resursları əldə etməsinə və inkişafına təkan verə bilər”.
Təhlillər göstərir ki, bankların regionlara daha az kredit ayırmasının əsas səbəblərindən biri də rayonlarda yaşayan sahibkarlar üçün girov mexanizmi şərtlərinin ağır olmasıdır: “Belə ki, banklar əksər hallarda kredit ayıran zaman paytaxtda girov tələb edilər ki, əksər yerli sahibkarların bu imkanları olmur. O baxımdan, girov mexanizmi təkmilləşdirilməli və regionlarda fəaliyyət göstərən sahibkarlar üçün güzəştli kreditlərin həcmi artırılmalıdır. İnkluziv və balanslı iqtisadi inkişafın güclənməsi üçün regionlarda fəaliyyət göstərən sahibkarların ucuz kreditlərə çıxış imkanlarının artırılması vacib şərtlərdəndir”.
Musavat.com
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ