İnsanlara hürriyət, millətlərə istiqlal!

Həmkarlar İttifaqları Konfederasiyası yenidən formalaşır - jurnalistlər də təmsil olunmalıdır

Rəşad Məcid: “Jurnalist təşkilatlarının Mətbuat Şurası ilə birgə ümumi müzakirələrinə ehtiyacı olacaq”

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) İcraiyyə Komitəsinin 26 iyul tarixli iclasında qurumun növbədənkənar qurultayının çağırılması müzakirə edilib. Müzakirələrdən sonra AHİK-in növbədənkənar qurultayının bu il avqustun 26-da keçirilməsi barədə qərar qəbul olunub.

Maraqlıdır ki, AHİK-in sonuncu qurultayı 2023-cü ilin 20 dekabrında növbədənkənar qaydada keçirilmişdi. Həmin qurultayda 6-cı çağırış Milli Məclisin deputatı Səttar Möhbalıyev yenidən AHİK-ə sədr seçilmişdi.

Bəs 1 il tamam olmamış AHİK niyə yenidən növbədənkənar qurultay çağırır? Həmkarlar İttifaqları Konfederasiyasındakı mənbələrdən Modern.az-a daxil olan məlumata görə, uzun illərdir AHİK sədri vəzifəsini tutan 6-cı çağırış Milli Məclisin deputatı Səttar Möhbalıyev avqustun 26-da keçiriləcək növbədənkənar qurultayda istefa verəcək. Onun yenidən AHİK sədrliyinə namizədliyi irəli sürülməyəcək. Elə növbədənkənar VII qurultayın çağırılmasında əsas məqsəd də budur. 

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının rəhbərliyinə yeni simaların gələcəyi bildirilir.

Qeyd edək ki, AHİK-in 28 üzv təşkilatı var. Səhiyyə, təhsil, gömrük, nəqliyyat, mədəniyyət işçiləri, dəmiryolçular, dövlət qurumlarının həmkarlar ittifaqı və s. bu quruma üzvdür və onlar imtiyazlı şəkildə məzuniyyət keçirir, müxtəlif sanatoriyalara putyovkalar alır və s. hüquqlardan istifadə edirlər.  

Azərbaycan jurnalistləri isə ən ağır peşə daşıyıcılarından, azgəlirli kateqoriyaya aid olmalarına rəğmən müstəqillik dövründə bu hüquqdan yararlana bilməyiblər. 

Növbəti dəfə AHİK formalaşarkən jurnalistlərlə bağlı müvafiq qurumun konfederasiyaya üzv olması zərurəti var. Bəs bu işi kim təşkil etməlidir, kim məsələ qaldırmalıdır? 

Rəşad Məcid: “Anardan sonra Yazıçılar Birliyi...” – Müsahibə

Rəşad Məcid 

Mətbuat Şurasının sədri Rəşad Məcid mövzu ilə bağlı “Yeni Müsavat”a deyib ki, Həmkarlar İttifaqları Konfederasiyasının tərkibində ayrıca jurnalistlər üçün belə bir qurum yoxdur: ""525-ci qəzet" neçə ildir ki, mədəniyyət sahəsi üzrə AHİK-ə üzvdür. Hərdən onların güzəştlərindən əməkdaşlar bəhrələnir. Amma media sahəsində Jurnalistlərin Həmkarlar İttifaqı və bu kimi digər qurumlar var. Gələcəkdə, əlbəttə, jurnalistlərin bu hüquqlardan bəhrələnməsi, AHİK-in tabeliyində olan sanatoriyalarda istirahət etməsi üçün danışıqlar aparıb, hansısa qərarlar qəbula oluna bilər. Jurnalistlərin də AHİK-in bu güzəştlərindən bəhrələnməsi vacibdir. Amma AHİK-ə üzv olarkən ora müəyyən ödənişlər edilir. Hətta bəzi yerlərdə fərdlər özləri inamsızlıqdan irəli gələrək AHİK-ə üzvlük haqlarını ödəməkdən imtina edirlər. Məncə, onlar inansalar ki, bu güzəştlərdən bəhrələnə biləcəklər, o zaman bu mövqelərindən də əl çəkəcəklər. Hər halda, düşünürəm ki, jurnalist təşkilatlarının Mətbuat Şurası ilə birgə ümumi müzakirələrinə ehtiyacı olacaq".

Media haqqında" qanunda da... -


Müşfiq Ələsgərli

Jurnalistlərin Həmkarlar İttifaqının (JuHİ) sədri Müşfiq Ələsgərli bundan əvvəl bizimlə söhbətində bildirmişdi ki, Azərbaycanda 2022-ci ildə “Media haqqında” yeni qanun qəbul  olundu və həmin qanuna uyğun olaraq Azərbaycanda media reyestri tətbiq olunub: “Media Reyestrinin yaradılması imkan verir ki, artıq jurnalistika ilə gerçək məşğul olan şəxslərin çevrəsi müəyyənləşsin. Bu xaotik durum aradan qalxandan, jurnalistlərin sayı bilinəndən sonra bu sahədə çalışan adamların kimliyi bilinəndən sonra müəyyən güzəştlərin, imtiyazların tətbiq olunması asanlaşacaq. Bu imtiyazların tətbiq olunmasına artıq başlanıb. Misal üçün, MEDİA Agentliyi İpoteka Fonduna müraciət edərək jurnalistlərin güzəştli ipoteka götürməsi üçün işlər görüb. Kimlər ki media reyestrində qeydiyyatdan keçib, onlar sosial ipotekadan istifadə edəcəklər. Həmçinin agentlik müəyyən tibb müəssisələri ilə danışdı ki, reyestrdə qeydiyyatdan keçmiş jurnalistlər güzəştli tibbi müayinə və müalicə ala bilsinlər. Yəni artıq media ilə bağlı yeni qanun qüvvəyə minib, artıq jurnalistikada əməyi, fəaliyyəti olan şəxslərin çevrəsi müəyyənləşir. Bu zaman güzəştlərin tətbiqi də asanlaşır. Biz də JuHİ olaraq artıq qanunla bizə verilmiş səlahiyyətlərin icrasını həyata keçirə biləcəyik. Bundan sonra çoxsaylı təşəbbüslərimiz olacaq. Eləcə də əmək hüquqlarını qorumaq da asan olacaq. Artıq bu məsələyə başlamışıq, işimizi yenidən nəzərdən keçiririk. Yaxın vaxtlarda ciddi dəyişikliklərin şahidi olacağıq”.

MEDİA Agentliyi ilə də mövzu ilə bağlı əlaqə saxladıq. Qurumdan bildirildi ki, bu məsələ agentliyin nizamnaməsində nəzərdə tutulmayıb, səlahiyyətləri daxilində deyil. 

Afaq MİRAYİQ,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR