İnsanlara hürriyət, millətlərə istiqlal!

"Həmin qızla bağlı onu təhqir edənlərdə çox güclü VİDEO var" - AÇIQLAMA

"Son zamanlar məktəblərdə baş verən olaylarda cəmiyyət olaraq biz ancaq məktəbi və müəllimi günahlandırmaqla deyəsən, üstündə oturduğumuz budağı kəsdiyimizin fərqində olmamışıq. Məhz bunun təzahürüdür ki, artıq valideynlər öz üzərinə düşən məsuliyyətdən boyun qaçırmağın asan yolunu tapıblar. Heç kim bu ağıla gələn və ağıla gəlməyən hadisələri törədən uşaqların valideynlərini axtarmır, ictimai qınağa çəkmirlər".

Musavat.com xəbər verir ki, bu sözləri təhsil eksperti Elşən Qafarov qalmaqallı məktəbli olayına münasibət bildirərkən deyib.

QAFAR .png (438 KB)

Ekspert qeyd edib ki, bir ay öncə çəkilmiş videonun ötən gün sosial şəbəkədə paylaşıldıqdan sonra yenə də günahkar olaraq məktəbi və müəllimi hədəf almaq doğru deyil:

"Hadisənin baş verdiyi və ya iştirakçıların oxuduğu 156 nömrəli məktəb tərbiyənin təşkili ilə bağlı həmişə ərazidə digər məktəblərə nümunə olub. Özüm həmin ərazidə uzun müddət yaşadığım və işlədiyim üçün bunun şəxsən şahidi olmuşam.

Son illərdə məktəbdə bullinq hallarında qızların daha çox önə çıxması təəssüf doğurur. Baş verənlərin kökündə isə oğlanlar uğrunda gedən mübahisələr və münaqişələrdir. Bu kimi halların sayı artdıqca bir şeyə əmin olursan ki, deyəsən, bizim xanımların əksəriyyəti ərə getməklə ailə qurmaq, uşaq dünyaya gətirməklə ana olmaq arasında fərqləri dərk etmirlər və ya dərk etmək istəmirlər.

Pedaqogikadan bilirik ki, tərbiyəyə təsir edən 3 əsas amil var: ailə, məktəb və mühit. Son 10-15 ildə yeni – çox ciddi bir amil ortaya çıxıb ki, bu da internet amilidir. İnternet amili digər 3 amilin cəmindən daha çox tərbiyəyə təsir etməkdədir. Çünki bu amilin gücünü artıran həm subyektiv amillər (xüsusilə valideyn), həm də sosioloji amillər günü-gündən artmaqdadır.

Valideynlər bir çox hallarda borca, kreditə düşərək övladlarına "ağıllı" telefonlar alırlar, uşaq yuxarı sinifə keçdikcə bu telefonların qiyməti və markası da daha bahalısı ilə əvəz olunur, amma övladlarının bu telefonlardan istifadəsinə nəzarət etməyi nədənsə ağıllarına belə gətirmirlər. Telefon artıq məktəbdə imic məsələsinə çevrilib. Baxmayaraq ki, "ağıllı" telefonlarda valideyn nəzarəti bölməsi var, valideynlərə maraqlı deyil bu funksiya. Bir çox hallarda valideynlərin özlərinin gizli həyat sürməsi, övladlarının onların telefon vasitəsi ilə bu gizli həyatlarından xəbər tutması övladlarına təsir imkanını sıfıra endirir.

156 nömrəli məktəbdəki bullinqə məruz qalan qızın heç bir reaksiya verməməsinin iki səbəbi ola bilər:

1. Həmin qız evdə də şiddətə məruz qalır və şiddəti normal qəbul edəcək qədər travma alıb ailədə. Belə uşaqların sayı o qədər çoxdur ki. Nə qədər ki, ailədə hüquqları pozulan uşaqlar dövlət tərəfindən ailədən alınıb xüsusi təhsil müəssisələrinə verilməyəcək, bu halların sayı da artacaq.

2. Görünən odur ki, həmin uşaqla bağlı onu təhqir edənlərdə çox güclü kompromat (video, şəkil və ya səs yazısı) var. Bu kompromat onu təhqir edən qızın marağında olan oğlanla bağlıdır.

Hər bir halda sinif rəhbərlərinin peşəkarlığının aşağı olmasının təzahürüdür. Eyni zamanda təcavüz edən qızların ailə tərbiyəsində ciddi problemlərin olduğu görünür".

Ekspertin sözlərinə görə, baş verən hər bir hadisəyə ciddi yanaşılmalıdır ki, bu kimi hadisələrin gələcəkdə təkrarlanmasının qarşısı alınsın:

"Düşünürəm ki, ilk növbədə rayon icra hakimiyyətlərinin humanitar şöbələri yanında yeniyetmələrin hüquqlarının müdafiəsi üzrə komissiyanın fəaliyyəti genişləndirilməli, bu vəzifəyə bir neçə müvafiq qurumlarla razılaşdırmaqla müəyyən edilmiş təcrübəli şəxslər təyin olunmalıdır.

Valideynlər tərəfindən şiddət və zorakılıq, o cümlədən təhsil və digər hüquqları pozulan uşaqlar ailələrdən alınıb dövlətin himayəsinə verilməli, şiddət və zorakılıq göstərən valideynlər valideynlik hüququndan məhrum edilməlidir.

Ümumi təhsil müəssisəsində tərbiyə mühitinin yaradılması və ya möhkəmləndirilməsi üçün məktəblərin fərdi nizamnamələri hazırlanıb təsdiq edilməlidir. Məktəb nizamnaməsində təhsil prosesinin bütün tərəflərinin hüquqları, vəzifələri, məsuliyyəti aydın şəkildə göstərilməlidir. Qaydalara riayət edənlər üçün rəğbətləndirmə, etməyənlər üçün isə cəza sistemi müəyyən edilməlidir.

"Məktəblinin dostu" layihəsinin regional təhsil idarələrində (Bakı Şəhəri üzrə Təhsil İdarəsi) mərkəzləşdirməklə ilkin mərhələdə ölkənin 500+ şagirdi olan məktəblərə yayılmasını təmin etmək üçün ştat vahidi müəyyən edilməlidir.

Qanunvericiliyin tələblərinə uyğun olaraq məktəblərdə cinsi zorakılıqla bağlı 7-ci sinifdən başlayaraq dərsdənkənar məşğələlərin tədrisinə başlanılmalı, bu məşğələlərdə valideynlərin iştirakı təmin edilməlidir.

156 nömrəli məktəbdə baş verən hadisədə iştirakçı olan yeniyetmələri (tacavüz edən qızlar) valideynlərindən alaraq xüsusi tərbiyə müəssisəsinə yerləşdirməklə bu kimi hadisələrin gələcəkdə təkrarlanmasını minimuma endirə bilərik".

Xalidə Gəray
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR