İnsanlara hürriyət, millətlərə istiqlal!

Hələb ermənisindən ŞOK etiraflar – “Qarabağı boruya dəyişməyən”lərin həzin sonluğu

Milliyyətcə yarım-yəhudi yutuber Albert İsakov Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyanın ilginc videosunu yayıb. Söhbət 23 iyul 1993-cü ildə Qarabağda qətliamlar törətmiş, mülki soydaşlarımıza qarşı xüsusi amansızlığı ilə fərqlənmiş “Yerkrapa” terrorçu qruplaşması qarşısında edilən çıxışdan gedir. Müəllif videonun ermənicə mənbəyini də təqdim edib.

Çıxışında Ter-Petrosyan həmin cinayətkar dəstəyə xitabən “qardaşlarım” deyir, 1988-ci ildən etibarən azərbaycanlılara qarşı silahlı hərəkata başladıqlarını və qətliamlar həyata keçirdiklərini təsdiqləyir. Bildirir ki, “5 il əvvəl (çıxış 1993-cü ilə aiddir) hərəkata başlamasaydıq, ümumiyyətlə, Qarabağ məsələsi olmayacaqdı”.

Eks-prezident sonra bildirir: “Biz 3 məsələni həll etdik: birincisi, 600 ildir erməni xalqının bacarmadığını həyata keçirdik - bütün Ermənistanı və Qarabağı digər millətlərdən tamamilə təmizlədik. Bunun nəticələrini erməni xalqı bundan sonra 600 il hiss edəcək”.

Ardınca o, 1988-ci ilə qədər Ermənistandan zorla qovulmuş yüz minlərlə azərbaycanlını xatırladaraq deyir: “Təsəvvür edin, indi onlar Ermənistandadır. O halda bizim dövlətimiz olmayacaqdı. Onda şimal-şərq rayonlarını, Sevanı (Göyçəni – red.) müdafiə edə bilməyəcəkdik. Azərbaycanlılar 3 rayonda çoxluq təşkil edirdi - Vardenis (Basarkeçər – red.), Masis (Zəngibasar – red.) və Amasiya. Onlar Zəngəzur mahalında böyük üstünlük təşkil edirdilər. Bu problem həll edildi və bu, göydən hədiyyə kimi düşmədi. Bunu biz etdik, milli hərəkat etdi, erməni ümummilli hərəkatı və onun hərbi qanadı, özünümüdafiə batalyonları, bizim “Yerkrapa” dəstəsi. Həmçinin Qarabağ. Bu gün bütün “artsax”, o cümlədən daha bir çox torpaqlar ermənilərin əlindədir”.

Beləcə, Ter-Petrosyan 3 rayonda, o sırada Zəngəzurda azərbaycanlıların çoxluq təşkil etməsinin Ermənistan üçün təhdid olduğunu, həmçinin təmizləmədə silahlı birliklərin rolunu açıq şəkildə etiraf edir. İkinci uğur qismində o, Azərbaycandan ermənilərin köçürülməsini göstərir. İddia edir ki, əgər onlar Azərbaycanda qalsaydı, Ermənistana təzyiq vasitəsinə çevriləcəkdilər. Qeyd edir ki, “300 min erməni Ermənistana gəlməklə demoqrafik problem həll olunub”. 3-cü uğur kimi isə “siyasi və hərbi fəaliyyəti birləşdirdiklərini, hərbi baxımdan ideal iş gördüklərini” vurğulayır...

***

Nə yaxşı ki, Müzəffər Ordumuz artıq Qarabağı bütün separatçı-bandit tör-töküntülərindən təmizləyib. Ərazi bütövlüyümüz və suverenliyimiz tam bərpa olunub. “Status” cəhənnəmlik olub. Azərbaycan xalqına qarşı bəşəri cinayətlərə imza atmış erməni quldurların əksəriyyəti tutularaq Bakıya gətirilib, bəzilərinə cəza da kəsilib. Və nə yaxşı ki, paytaxta Hərbi Qənimətlər Parkı var. Yoxsa Ermənistanın birinci rəhbərinin bu faşist, irqçi açıqlamaları ovqatımızı təzədən təlx edəcəkdi.

Video-yazı 1993-cü ilə təsadüf edir. Hələb doğumlu Ter-Petrosyan onda 2 il idi ki, Ermənistanın prezidenti idi (1991-1998). Yəni bu sözləri deyən sıravi erməni deyil, Ermənistan adlı qondarma dövlətin birinci şəxsidir! Odur ki, zamana təzədən diqqət: Qarabağda etnik təmizləmə, Xocalı və digər soyqırımları, Şuşanın, Laçının, ermənilər yaşamayan digər rayon və kəndılərimizin işğalı məhz onun prezidentlik dövrünə təsadüf edib...

Hərgah illər sonra, daha doğrusu, Köçəryan-Sərkisyan cütlüyü tərəfindən devrilmə ərəfəsində (1998) verdiyi məşhur müsahibədə Ter-Petrosyan keçmiş Dağlıq Qarabağ problemi ilə bağlı deyəcəkdi: “Əgər bu gün Bakının təklif etdiyini götürməsək, sabah yalvaracağıq, ona görə ki, vəziyyət dəyişəcək Azərbaycan güclənəcək”.

O vaxt sabiq prezident artıq konfliktin mərhələli həllinin tərəfdarı idi. Status məsələsinin sonraya saxlanmasını mümkün sayırdı. Amma “miatsum” hikkəsindən də əl çəkmək fikrində deyildi işğalçı haylar. Əks təqdirdə yenə məhz Levon Ter-Petrosyan dönəmində Ermənistan konstitusiyasına Azərbaycana və Türkiyəyə qarşı əsassız ərazi iddiaları ilə bağlı müddəalar daxil edilməz, neçə ildir sülh müqaviləsinə əsas əngəl sayıan Ermənistan Müstəqillik Aktı hazırkı məzmunda qəbul olunmazdı...

Bu xüsusda daha iki dəlil-sübut. 1994-cü ildə, atəşkəsdən az sonra, “Əsrin müqaviləsi” hazırlanarkən Azərbaycanın mərhum prezidenti Heydər Əliyev bölgədə böyük sülh və əməkdaşlıq naminə Bakı-Ceyhan neft xəttinin ən qısa, ən əlverişli marşrut kimi Qarabağ və Ermənistan üzərindən çəkilişini təklif etmişdi.

CORCİYA.jpeg (204 KB)

Bir şərtlə, konflikt ölkəmizin ərazi bütövlüyü və suverenliyi çərçivəsində həll olunsun, iki xalq arasında düşmənçilik bitsin. Üstəgəl, Bakı İrəvana Ermənistanda bir neçə neftayırma zavodunun inşası, ucuz neftlə təminat və yüksək tranzit haqları vəd etmişdi (mənbə: Azərbaycanın keçmiş xarici işlər naziri Həsən Həsənovun müsahibəsi).

Amma ovaxtkı prezident Ter-Petrosyanın cavabı belə olmuşdu: “Biz Qarabağı boruya dəyişmirik”.

Bu cavabdan cəmi 4 il sonra onun necə peşman olmasını isə iki abzas yuxarıda xatırlatdıq. Hələ biz Qarabağdakı bir ovuc erməniyə Bakının ən yüksək muxtariyyət vədini demirik. O da getdi “işinin” dalınca...

Və sonda. Bir dəfə yazmışdıq: bir millətin ən böyük bədbəxtliyi onun ağıllı və müdrik rəhbər sarıdan korluq çəkməsidir. Yanvarın 9-da 1945-ci il təvəllüdlü Ter-Petrosyanın 80 yaşı tamamlanacaq. Dünya fanidir. Görəsən xərçəng xəstəsi olan eks-prezident öz xalqına hansı əsas vəsiyyəti edərdi? Axı oyun çoxdan bitib...

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Yanvar 2025

BÜTÜN XƏBƏRLƏR