İnsanlara hürriyət, millətlərə istiqlal!

Həkimlərdən ETİRAZ! Evlilikdən öncə psixoloji müayinə tələb olunsun

Bir neçə gündür ki, ananın övladına işgəncə verməsini əks etdirən videogörüntü müzakirələrə səbəb olub.

Belə ki, Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə özünün sosial media hesabında paylaşım edib.
Paylaşımda ana övladını küncə qoyub, şiddət göstərdiyini etiraf edir.

Videoda ana uşağını çubuqla döydükdə incitmədiyi üçün naqillə vurduğunu deyib. O, həmçinin qeyd edib ki, uşağın bədənində sağlam yer yoxdur.

Qeyd edək ki, polis əməkdaşları tərəfindən azyaşlıya zorakılıq göstərən ana saxlanılıb və barəsində Cinayət Məcəlləsinin əzab vermə maddəsi ilə cinayət işi başlanılıb.

Qeyd edək ki, son illərdə Azərbaycanda valideynlərin övladlarına qarşı zorakılıq halları ilə bağlı bir sıra  hadisələr qeydə alınıb. Ötən illərdə Bakının Sabunçu rayonunda iki azyaşlı qardaşın ataları və ögey anaları tərəfindən mütəmadi olaraq döyülərək fiziki ağrılar yetirilməsi faktı aşkarlanıb. Bu hadisə ilə bağlı cinayət işi açılıb və valideynlər məsuliyyətə cəlb ediliblər. Bu cür faktların sayını artırmaq da olar. 

26031fb4-9701-48f3-a4b3-3f9970fc7c26.jpg (130 KB)

Vaqif Qarayev

Ekspertlər qeyd edir ki, bu cür hallar uşaqların fiziki və psixoloji inkişafına ciddi zərər vurur. Azərbaycan qanunvericiliyinə əsasən, övladlarına qarşı zorakılıq edən valideynlər inzibati və cinayət məsuliyyətinə cəlb edilə bilərlər. Belə hallarda valideynlərin valideynlik hüquqlarından məhrum edilməsi mümkündür.

Həkim Pediatr Vaqif Qarayev Musavat.com-a mövzu ilə bağlı deyib ki, valideynlər, xüsusilə də anaların azyaşlı övladına işgəncə verməsi bir həyəcan təbilidir: “Necə bir vəziyyət yaranıb ki, uşaq doğmalarından, valideynlərindən alınaraq sığınacağa yerləşdirilib. Ümumiyyətlə, bu artıq neçənci hadisədir baş verir. Ailə qurmaq istəyənlərin psixoloji durumu yoxlanmalıdır və bu məcburi şəkildə olmalıdır. Söhbət  təkcə işgəncə verməkdən getmir. Məncə, uşağa qulluq baxımından da bu müayinə lazımdır”.

İntim Münasibətlərdə Psixalogiyanın Rolu – Psixoloq Ülviyyə Murtuzova -  7Times.Az – Son Xəbərlər, Dünya Xəbərləri və Multimedia

Ülviyyə Murtuzova

Psixoloq Ülviyyə Murtuzova da Musavat.com-a mövzu ilə bağlı fikrini bölüşüb: “Əgər bir ana övladına şiddət tətbiq edirsə, bu, fiziki şiddət də ola bilər, sözlə şiddət də ola bilər. Bunlar bir-birindən ayrılmır. Demək ki, burada ya insanın özündə, ya da başqalarına qarşı aqressiyasını övladına yönəltməsi məsələsi var, ya da davranış və hərəkətlərini nəzarətdə saxlaya bilməməsi gedişatı var. Hər iki halda bu, ciddi psixoloji xəstəlikdir, yəni artıq şəxsiyyət pozuntusunun davamlı gedişatıdır. Təbii ki, burada ailə qurmazdan əvvəl müəyyən addımlar atılmalıdır. Bizdə evlilik öncəsi necə ki sağlamlıqla bağlı tibbi arayışın tələb olunursa, eləcə də psixoloji müayinənin də tətbiq olanacağı barədə məsələ tez-tez gündəmə gətirilir. Amma bu, praktikada tətbiq olunmur. Halbuki dünya praktikasında da vurğulanır ki, hətta sağlamlıq arayışından öncə psixoloji testlərin aparılması daha vacibdir.  Əgər bir insanda ciddi psixoloji pozuntular və qeyri-adekvat davranışlar müşahidə olunursa, bu, təkcə həyat yoldaşı üçün deyil, həmçinin onun ailə üzvləri üçün də təhlükə yarada bilər. Biz ya bir insanı ailəyə gətiririk. Burada görün neçə insan zərər çəkə bilər. Psixoloji müayinələr mütləq vacibdir, amma bunun həyata keçirilməsi lazımdır, sözdə yox, əməldə buna riayət edilməlidir. Əgər bu gerçəkləşsə, nə qədər gözəl olar. Çünki hər kəs ailənin nə olduğunu dərk etmir və bu, böyük məsuliyyətdir.

Bir ciddi məqam da var. Elə analar var ki, övladının psixi xəstəlikdən əziyyət çəkdiyini və müalicə aldığını gizlədir, övladnı ailə qurmağa sürükləyirlər. Onların istifadə etdiyi dərman preparatları hamiləlik dövründə birbaşa aqressiyanı artırır, ciddi pozuntulara aparıb çıxarır. Həmin dərmanlar mütləq hamiləlik dönəmində dayandırılmalı, bundan sonra isə həmin xanım hamiləliyə keçməlidir.

Burada uşağın əqli, hətta ürək qüsuru doğulmasına qədər ciddi göstərişlər var. Təəssüf ki, cəmiyyətimizdə psixoloji pozuntulara çox səthi yanaşılır. Halbuki bunun nəticəsində ciddi fəlakətlər baş verir. Təəssüf ki, biz hələ də bunun fərqində deyilik”.

Psixoloq əlavə edib ki, uşağına aqressiya göstərən insan normal ana sayıla bilməz: “Əslində bunu qınayırıq, amma əslində bu bir xəstəlikdir. Bunu qınamaq yerinə, alternativ yollar tapmalıyıq. Və məsafəni qısa etmək üçün nə etməli olduğumuzu düşünməliyik. Hər dəfə bu məsələnin necə həll olunacağı barədə danışırıq, amma heç bir şəkildə həll etmirik. Hər kəs bunu qınayır, mühakimə edir. Yaxşı, biz bunu həbsxanaya saldı, sabah bir başqası ortaya çıxacaq. Bütün anaları bu formada həbsxanaya qoysaq, düzələcək? Düzəlməyəcək. Artıq o uşaq da anası kimi olacaq, o da anası kimi ailə qurandan sonra eynisini təkrarlayacaq. Genetik olaraq bir-birilərinə birbaşa keçir. Burada məcburi müalicə tətbiq olunması lazımdır. Çünki o an beynin motor və hissləri arasında koordinasiya bağı qırılır. Onlar nə düşündüklərini, nə etdiklərini dərk etmirlər. Onlar həm özləri üçün, həm də ətrafları üçün təhlükədirlər. Bu ciddi bir qorxulu xəstəlikdir. Əslində, bu bir çağırışdır ki, bunun üçün xüsusi məcburi müalicə metodları tətbiq olunsun və bunlar müalicəyə məcbur olunsun. Bunun başqa çıxış yolu yoxdur”.

Afaq Mirayiq,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Mart 2025

05 Mart 2025

BÜTÜN XƏBƏRLƏR