Onlayn ictimai-siyasi qəzet
“Pandemiyanın ilk ilindən başlayaraq dəfələrlə demişəm, ali sinir fəaliyyətinin ximizmində törənəcək dəyişikliklər 2023/2024-cü ildən etibarən insanlar arasında aqressivlik, depressiya, suisid və qəfləti ölüm hallarının kəskin şəkildə artmasına səbəb olacaq”.
Bu fikirləri Musavat.com-a Azərbaycan Tibb Universitetinin Farmakologiya kafedrasının müdiri, tibb elmləri doktoru, professor Musa Qəniyev bildirib.
“Bu, tək mütəxəssis olaraq gəldiyim fərdi qənaətim deyildi, elmi ədəbiyyatların müqayisəli təhlilinin nəticəsində gəldiyim mütləq qənaət idi. Zaman mənim bütün söylədiklərimi sətirbəsətir təsdiqlədi və təsdiqləyir. Yeganə istəyim bu halın təbiətdən irəli gəldiyini və zaman-zaman keçəri olacağını insanlara çatdırmaq idi. Odur ki, insanları, bu həqiqəti bilib, səbirli, dözümlü olmağa, bir-birinə əl tutmağa, kömək etməyə çağırıram. Xalq artisti Ağadadaş Ağayevlə bağlı dünənki hadisədən mənən sarsıldığıma və bir azərbaycanlı olaraq düşdüyümüz bu utanc vəziyyətə görə. Hər şeydən əvvəl mən bu hadisəni qətiyyətlə pisləyirəm.
Məqsədim kiməsə qahmar çıxmaq deyil. Yalnız bu hadisənin insani və tibbi yönümünə fikir bildirməkdir. Əvvəla, onların hər ikisi bu vətənin, bu xalqın övladıdır. Hər bir azərbaycanlının 7-ci nəslində (təqribən 450-550 il əvvəl) gen və telomer quruluşunda eynilik və bərabərlik 99,99%-dir. Yəni bizlər fərd olaraq doğmayıq, eyniyik, yaxınıq, qohumuq və birik. Digər tərəfdən, bu insanların hər biri artıq digərlərinə yol göstərən, ağıl verən yaşdadır. Belə olarsa, müasir gənclik kimlərdən nümunə götürə bilər?”, - deyə professor əlavə edib.
Bu hadisənin tibbi tərəfinə gəlincə, Musa Qəniyev bildirib ki, Ağadadaş Ağayev qınanmamalıdır:
“Mən Ağadadaş Ağayevi müdafiə etmirəm, insanlara elmi həqiqəti çatdırmaq istəyirəm. Bildiyimə görə, Ağadadaş Ağayev 4 ildən artıqdır ki, onkoloji xəstədir, son dəfə Türkiyədə olmaqla, dəfələrlə əməliyyat keçirib. İnsanlığın faciəsi olan bu xəstəliyin nə demək olduğunu evində onkoloji xəstəsi olan hər bir insan bilir. Bu cür insanlara ümid vermək üçün onların qayğısına qalmalı, bütün istəkləri imkan daxilində yerinə yetirilməlidir. Onlara nəinki əl qaldırmaq, hətta xətrinə dəymək belə olmaz, Allah yanında da bağışlanılmaz günahdır. Bəzi onkoloji xəstələrdə müalicənin uzunmüddətli gedişi zamanı koqnitiv fəallıqda dəyişiklik, düşüncə, diqqət və yaddaşda geridönüşlü disfunksiya halı müşahidə edilə bilər. Bu, limbik strukturlarda əsasən fəsadlaşma fonunda, müvafiq mərkəzlərin sərhəd kəsimindəki beyin toxumasında ilkin olaraq törənən subhüceyrəvi struktur dəyişikliyinin, müvafiq mərkəzin oyanma aktivliyinə təsirinin nəticəsi kimi meydana çıxır. Bu, həm də konkret şəraitdə sosial ünsiyyət və fiziki aktivlik halına, neokorteksin qısa müddətli nəzarət mexanizminin itməsi və bunun nəticəsi kimi düşünülməmiş hərəkətlərə səbəb ola bilər. Hətta xəstələrin özü belə bu vəziyyəti “dumanlı vəziyyət” - “beyin ximizmi” kimi xarakterizə edirlər. Odur ki, belə xəstələrə qarşı son dərəcə diqqətli olmaq, hətta onların xətrinə dəyən söz demək olmaz. Videodan göründüyü kimi, Ağadadaş Ağayevin qulağı əməliyyat olunub, sarıqlıdır. Bu isə baş beyinə neqativ təsir göstərən, daha bir stress faktorudur.
Digər tərəfdən, bu hadisədə əsas səbəb rolunu oynayacaq, daha bir diqqət çəkəsi məqam da var. Bugünümüzün reallığı olan, hazırda tibbdə hakim sistem - öz daxili qanunları ilə idarə olunan “Özəl səhiyyə” ilə bağlıdır. Sovet dövrünün səhiyyə və nəzarət sistemini görmüş, hətta onkoloji xəstə olmayan orta və yaşlı nəsil bu reallığı qəbul edib, ona uyğunlaşa bilmir. Əksər konfliktlərin əsasında hələ illərlə davam edəcək məhz bu faktor durur. Odur ki, belə halların gələcəkdə baş verməməsi üçün ilk növbədə özəl səhiyyədə tibbi xidmət və qayğıya hansısa bir nəzarət mexanizmi işlənib hazırlanmalıdır”.
Afaq Mirayiq,
Musavat.com
23 Noyabr 2024
22 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ