Onlayn ictimai-siyasi qəzet
İki-üç həftə boyunca ictimai məkanımızı titrətmiş “dil zəlzələsi”nin after-şokları davam edir.
Mövzuyla bağlı qızğın polemikalar əsasən səngisə də, tam bitməyib və cəmiyyətin müxtəlif təbəqələrinin təmsilçiləri məsələyə dair rəy bildirməkdədirlər.
Bu dəfə mübahisə daha ehtiraslın oldu və onun səbəbi, güman ki, çağdaş reallıqlar idi.
“Rus dili-türk dili” qovğasının yeni dalğası bu dəfə AZAL-ın Qroznı üzərində vurulan təyyarəsinə görə Rusiya və Azərbaycan dövlətləri arasında yaranmış gərginliyin üzərində kükrədi.
Rusiyanın haqsız və mənasız şəkildə bu hadisəyə görə məsuliyyəti öz üzərindən atması, üstəlik, Azərbaycan tərəfini borclu çıxarması Moskvaya etirazı güclü və mütəşəkkil etdi və bu, özünü rus dilinə münasibətdə də büruzə verdi.
Bu məsələdə yəqin ki, Rusiya tərəfinin digər postsovet ölkələrə (Ukrayna, Qazaxıstan, Moldova, Ermənistan, Özbəkistan, Tacikistan və b.) münasibətdə şiddətlənən təzyiqlərinin də müəyyən rolu var.
Keçmiş SSRİ respublikalarının vətəndaşları olan və RF ərazisində yaşayan əmək miqrantlarından rus dilində mükəmməl bilgi tələb edən, onlardan bu predmet üzrə imtahan götürən Rusiyanın eyni zamanda keçmiş müttəfiq respublikalarda yaşayan rusdilli icma üçün xüsusi imtiyazlar (onlar milli dili öyrənməyə borclu deyil, rus dilinə xüsusi imtiyaz verilməlidir və rusdilli məktəblərin sayı artmalıdır) tələb etməsi nəinki Azərbaycanda, eləcə də bütün postsovet ölkələrdə mənfi reaksiya doğurur.
Bunun nəticəsi olaraq, ictimai-siyasi fəallar rus dilində təhsil verəm məktəblərin dövlət büdcəsindən maliyyələşdirilməsinə qarşı son illərdə olmadığı qədər sərt çıxışlar etdilər.
Ümumilikdə bu mövzuda polemika ziyanlı deyil, ictimai fikir çalxalandıqca bir çox mövqelər aydınlaşır, klassik şairimiz Sabirin 120 il öncə dediyi situasiya yaranır:
Çalxalandıqca, bulandıqca zaman nehrə kimi,
Yağı yağ üstə çıxır, ayranı ayranlıq olur.
Bircə iş pis idi ki, mübahisə tez-tez kontekstdən və məcrasından çıxır, daha dəqiqi, çıxarılır. Məsələn, belə qələmə verilir ki, rus məktəblərinin bağlanmasını istəyənlər rus dilinə qarşıdırlar, çünki özləri o dili bilmirlər və qısqanc yanaşırlar.
Elə deyil. Rus dilində təhsil verən məktəblərə qarşı çıxanlar ölkəmizdə öyrədilən bir neçə xarici dildən birinə xüsusi imtiyaz verilməsinə qarşıdıılar, amma xarici dilləri öyrənməyi zəruri sayırlar.
Türkiyədə işlənən türkcənin Azərbaycanda işlənən türkcə üçün təhlükəli olması, onu öz içində əritməsi barədə deyilənlər də absurd fikirlərdiri. Dilimizə keçən və artıq vətəndaşlıq qazanmış, funksional şəkildə işlənən 150-200 sözdən ana dilimizə heç bir ziyan gəlməz. Çünki əksər sözlər onsuz da identikdir.
Ancaq gələn dəfəki polemikaya qədər bu xüsusda bir neçə aksiom var ki, onlar heç vaxt mübahisə predmeti olmamalıdırlar.
Hər kəs vətəndaşı olduğu dövlətin dilini bilməlidir, ilk növbədə ona görə ki, bu ona gündəlik həyatında, dükan-bazarda, dövlət idarələrində lazım olacaq. İndi o vaxt deyil ki, hər kəs rus dilini bilsin.
Rus dilini (və ya başqa bir xarici dili) bilmək yaxşıdır, ancaq ana dilini bilməmək eyibdir.
Rus dilini və başqa bir dili mükəmməl bilmək xüsusi bir üstünlük, ayrıcalıq deyil, bununla qürur duymaq, özünü başqalarından üstün saymaq da havayı işdir.
Övladlarına hansısa xarici dildə təhsil vermək hazırda vərəndaşın müstəsna hüququdur. Ancaq bu işin, xüsusilə də həmin dilin gələcəyini nəzərə almaq lazımdır. Tendensiya göstərir ki, Azərbaycan dünyaya açıldıqca bu istiqamətdə yeni reallıqlar yaranacaq.
Dilimizin adıyla bağlı məsələyə gəlincə, burada müəyyən düzəlişlərə ehtiyac var. Azərbaycan coğrafi termin olduğuna görə onun dili ola bilməz, dil xalqa məxsusdur. Amerika, Kanada, Avstraliya, Yeni Zelandiya, Belçika dili olmadığı kimi Azərbaycan dili də ola bilməz. Konstitusiyada belə yazılıbsa, bu, o demək deyil ki, doğru yazılıb.
Bu yerdə misal olaraq türk dilləri qrupuna mənsub olan özbək, qazax, qırğız, uyğur, türkmən dillərini göstərirlər və Azərbaycanın da belə bir identikliyə malik olduğunu vurğulayırlar. Burada işi pozan “azəri” kəlməsidir. İranda belə bir xüsusi etnik qrup olduğu və özlərinə xas, bizim türkcədən fərqli dildə danışdıqları üçün biz özümüzə azəri deyə bilmirik. Əslində isə bizim dili İranda, İraqda necə adlandırırlarsa, dilimizin adı da məhz odur. Biz Kərkük və Qaşqay türklərinin dilində danışırıq – 100-də 99 əmsalda eyni cür. Onlar isə öz dillərini sadəcə “türkcə” adlandırırlar, “Qaşqay türkcəsi” və ya “Körkük türkcəsi” demirlər.
Yekun söz: İstənilən bu cür polemikalarda təhqirə, təhdidə yol vermək olmaz. Ötən əsrin 30-cu illəri olsaydı, yəqin ki, “türk dili-rus dili” polemikasında iştirak edənlərin yarısı “pantürkist” kimi divara söykədilərdi – bəziləri içəridə, bəziləri də bayırda, güllənin qabağında.
İndi eyni hikkə ilə rus dilinə qahmar çıxanlara da yanaşmaq olmaz. Hərəsinin bir motivi var. 3-5 və ya 10-15 ildən sonra bu polemikalar olmayacaq, daşlar yerinə oturacaq.
26 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ