İnsanlara hürriyət, millətlərə istiqlal!

“Heç nə ölkə gəncliyini hədəfindən yayındıra bilmədi”

Cavanşir Abbaslı: “Əsl gənclik Azərbaycan dövlətinin təəssübünü hər yerdə çəkəndir”

Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı qazıntı yataqlarının qanunsuz istismarına qarşı Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 116 gündür davam edir. Toplanış yerində təhlükəsizlik qaydalarına yüksək səviyyədə əməl olunur və indiyə kimi heç bir insident qeydə alınmayıb. Ekofəallar yolun hər iki tərəfində, hərəkətə maneə törətmədən üzərində Azərbaycan, rus və ingilis dillərində yazılmış plakatlar qaldırıb, şüarlar səsləndirirlər.

Şuşa ərazisində Rusiya sülhməramlılarının nəzarətində olan yolun bir hissəsində etiraz aksiyası azərbaycanlı fəallar və ekologiya üzrə qeyri-hökumət təşkilatlarının (QHT) üzvləri tərəfindən Qarabağ iqtisadi rayonunda ekoloji terrora son qoyulması tələbi ilə keçirilir.

Xatırladaq ki, 2022-ci il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin monitorinq aparmalı idi. Lakin sülhməramlıların hərəkətsizliyi ucbatından monitorinq baş tutmayıb.

Bu zaman kəsimində görünən odur ki, ekofəallar faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin monitorinq aparılması üçün aksiyaya başlamışdılarsa, zamanla məqsədlər dəyişdi və Azərbaycan bir çox istəyinə nail oldu. Bu da dolayısı ilə vətənpərvər gəncliyin təkcə səngərdə deyil, lazım gələrsə, bu cür aksiyalarda da Azərbaycan dövləti üçün faydalı ola biləcəyini bir daha sübut etdi.\

AĞ Partiya sözçüsü Cavanşir Abbaslı “Yeni Müsavat”a bildirdi ki, Azərbaycan gəncliyinin vətənpərvərliyinin pik həddə olduğunu tam əminliklə ifadə etmək üçün 44 günlük Vətən müharibəmizi misal gətirmək kifayət edər. O xatırlatdı ki, hərbi komissarlıqların qarşısı könüllü müharibəyə getmək üçün gənclərimizlə dolu idi: “30 il işğal altında qalan ərazilərimizi də Azərbaycan gəncliyi azad etdi. Doğrudur, tam əksəriyyəti nəzərdə tutaraq deyə bilərik ki, şəhidlərimiz arasında gənclik yaşını ötənlər də var idi. Son olaraq, Laçın-Xankəndi yolundakı aksiyanı misal çəkək. Bu gün də həmin aksiya davam edir. Bütün dünya gəncliyimizin mübarizə ruhunu, vətənpərvərlik duyğusunu izləyir. Soyuqlu-şaxtalı qış ayları da ölkə gəncliyini hədəfindən yayındıra bilmədi. Artıq Azərbaycan dövləti bu aksiya nəticəsində müəyyən qədər hədəflərinə çatmaqdadır. Görünən odur ki, ehtiyac duyulana qədər Laçın-Xankəndi yolundakı aksiya davam edəcək. Bir sözlə, Azərbaycan gəncliyi həmin yolu tərk etməyəcək”.

Partiya funksioneri sosial şəbəkələrdə ölkə gəncliyinin paylaşımlarına diqqət etdikdə vətənpərvərlik hisslərinin nə qədər yüksək olduğunun açıq şəkildə göründüyünü də qeyd etdi: “Sosial şəbəkələrdə Azərbaycan gəncliyinin milli mənlik şüuru və vətənpərvərlik hissləri barədə monitorinq aparsaq, sizi əmin edirəm ki, qənaətbəxş nəticələrin şahidi olacağıq. Doğrudur, gəncliyə milli hisslərin aşılanması üçün orta təhsil ocaqlarının da üzərinə çox böyük məsuliyyət düşür. Bu həm də müəllimlərin peşə borcudur. Burada telekanalları da diqqətdən kənarda qoymaq olmaz. Hesab edirəm ki, bu istiqamətdə fəaliyyət qənaətbəxş deyil və belə fikirlərin cəmiyyət daxilində tez-tez şahidi olmaqdayıq. Düşünürəm ki, lazımi addımların atılması çox vacibdir. Nəzərə almaq lazımdır ki, uşaq gözünü açandan gənclik yaşına qədər telekanalların qarşısında böyüyür və istər-istəməz orada gedən verilişlər onun vətənpərvərlik hisslərinin formalaşmasında əsas rol oynayan amillərdən biri olur. Orta məktəblərin bu istiqamətdəki fəaliyyətini qənaətbəxş hesab etmək olar. Son Vətən müharibəmizdəki şəhidlərimizin yaş sıralamasında bu özünü göstərməkdədir”.

C.Abbaslı onu da söylədi ki, mühafizəkar cəmiyyətlərdə milli vətənpərvərlik duyğuları hər zaman yüksək olur. O, bir məsələyə xüsusi diqqət ayırmağı vacib sayır: “Azərbaycan mühafizəkar cəmiyyətdir. Kimin nə deməyindən asılı olmayaraq, bu hər zaman belə olub, bu gün də belədir, bundan sonra da belə olacaq. "Sem dayının uşaqları"nı Azərbaycan gəncliyi hesab etmirəm. Müharibə günlərindəki fəaliyyətləri də göz önündə oldu. “Sülh göyərçinləri” rolunu oynayırdılar. Elələri, ümumiyyətlə, bu cəmiyyətə də lazım deyil. Getmək istədikləri Avropaya getsinlər, müxtəlif rənglərə çalan “bayraqcıqlarını” da götürüb orada da nə işlə məşğul olurlarsa-olsunlar. Bizim ölkə, bizim gənclik hər zaman əxlaq nümunəsi olub. Onlar sadəcə Avropadakı ağalarının göstərişlərini yerinə yetirir, onların qrantları ilə məlum həyat tərzini sürürlər. Əsl ölkə gəncliyi mənim qəhrəman şəhidlərimdir, əsl ölkə gəncliyi sərhədlərdə, səngərlərdə vətənin keşiyini çəkənlərdir, əsl ölkə gəncliyi Azərbaycan dövlətinin təəssübünü hər yerdə çəkəndir və s".

Nigar HƏSƏNLİ,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR