İnsanlara hürriyət, millətlərə istiqlal!

Həbsdən çıxmış bankir əmlaklarını necə gizlədir? - VİDEO

Ləğv edilmiş “Texnika Bank”ın Bakı filialının sabiq müdiri Zal Zakir oğlu Yusifovun yüzlərlə əmanətçinin pulunu mənimsəməsi ilə bağlı mediada dəfələrlə məlumat yayılıb. Milyonlarla vəsaitin mənimsənilməsi faktı üzrə cinayət işi 2008-ci ildə başlanılsa da, aradan illər keçməsinə rəğmən, zərərçəkmiş vətəndaşların pulları ödənilməyib.

Musavat.com Teleqraf-a istinadla xatırladır ki, Ağır Cinayətlər Məhkəməsinin 27 aprel 2010-cu il tarixli hökmü ilə Zal Yusifov CM-in 178.3.1, 178.3.2, 313, 320.2, 179.3.1 və 179.3.2-ci maddələri ilə təqsirli bilinərək, əmlakı müsadirə olunmaqla 15 il, oğlu İslam Zal oğlu Yusifov isə 12 il müddətinə azadlıqdan məhrum edilib.

Həm istintaq, həm də məhkəmə araşdırmaları zamanı Yusifovlara məxsus əmlakların Zal Yusifova aid olması işə mahiyyəti üzrə baxan həm Ağır Cinayətlər Məhkəməsi, həm Bakı Apellyasiya Məhkəməsi Cinayət Kollegiyası, həm də Ali Məhkəmənin Cinayət Kollegiyasının müvafiq aktları ilə öz təsdiqini tapıb.

Ağır Cinayətlər Məhkəməsinin 27 aprel 2010-cu il tarixli hökmü ilə sözügedən əmlakların müsadirə olunaraq ziyanın ödənilməsinə yönləndiməsi barədə qərar qəbul edilib. Müsadirəsinə qərar verilən əmlakların siyahısı budur:

1. Bakı şəhəri, Binəqədi rayonu, M.Rəsulzadə qəsəbəsinin şimal hissəsində, Binəqədi şosesinin sağ tərəfindəki 6 saylı sahədə olan 400 kvadrat metr torpaq sahəsində tikilmiş villa;

2. Bakı şəhəri, Binəqədi rayonu, M.Rəsulzadə qəsəbəsi, K.Şamilov küçəsi 1 ünvanında yerləşən “Humay” şadlıq sarayı;

3. Bakı şəhəri, Binəqədi rayonu, C.Xəndan küçəsi 3203-cü məhəllədə yerləşən OBA mənzil-tikinti kooperativinin tikdiyi binada 200 kv.m qeyri-yaşayış sahəsi.

Bununla bağlı indiyədək bir cinayət işi, onlarla mülki iddialar üzrə məhkəmə iclasları keçirilib. Amma Yusifovlar ailəsi məqsədli şəkildə illərlə bu işi uzadıblar, zərərçəkmiş şəxslərin pullarını qaytarmamaq üçün bütün vasitələrə əl atıblar.

Eks-bankir və ailəsi əmlakları necə gizlədib?

Ağır Cinayətlər Məhkəməsinin sözügedən əmlakların müsadirə olunaraq ziyanın ödənilməsinə yönləndiməsi barədə məlum qərarının icra olunması məqsədilə əmlaklar Binəqədi rayon İcra və probasiya şöbəsində hərraca çıxarıldığı vaxtlarda Zal Yusifovun yaşlı atası, heç bir yerdə işləməyən, təqaüdçü Zakir Yusifov Xəzər Rayon Məhkəməsində iddia qaldırıb ki, əmlaklar ona məxsusdur, həmin əmlakları özü alıb.

O iddiasında göstərirdi ki, illər boyu vəzifələrdə işləyib, Göyçə mahalında kəndxuda (yəqin kənd sovetinin, yaxud kolxozun sədri demək istəyib - red.) olub və s.

Bu ağlasığmaz fikirlərə inansaq, Zakir Yusifov məhz “kəndxuda” işlədiyi illərdə qazandığı pullarla Bakının mərkəzində, daha doğrusu, istirahət parkında yer əldə edib, özünə böyük bir şadlıq sarayı və villa tikib, daşınmaz əmlaklar satın alıb.

Bakı Apellyasiya Məhkəməsinin 19 iyul 2018-ci il tarixli 7(103)-1184/2018 nömrəli qərarından görünür ki, Azərbaycan Respublikası Baş prokurorunun müavini Namiq Əsgərov tərəfindən verilmiş apellyasiya protesti təmin edilib, məhkum Zal Yusifov barəsində “Azərbaycan Respublikası Cinayət Məcəlləsinə dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 7 mart 2012-ci il tarixli Qanununun tətbiq edilməsinə dair Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 7 may 2018-ci il tarixli 7(003)-1090/2018 saylı qərarı ləğv edilib, barəsində “Azərbaycan Respublikası Cinayət Məcəlləsinə dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 7 mart 2012-ci il tarixli Qanununun tətbiq edilməsinə dair məhkum Zal Yusifovun ərizəsi təmin edilməyib. Əmlaklar həbsdə qalmaqla müsadirəyə yönəldilməsinə dair qanuni qüvvəyə minmiş son qərar vardır.

Buna baxmayaraq, Yusifovlar ailəsi illərlə bu işi məhkəmələrdə süründürməklə, icraya imkan verməməklə cinayət yolu ilə əldə olunan əmlakları özlərində saxlamaları üçün bütün qanunsuz yollara əl atıblar, məhkəmələri öz xeyirlərinə qərarlar verdirməyə nail olublar.

Məhkəmədə qurulan gizli plan

Yusifovlar heç bir qanuni vasitə olmadığını görərək, zərərçəkənlərə ödənişləri icra etməmək üçün “daha mürəkkəb” kombinasiya qurublar. Belə ki, Pirallahıda başqa əmlaklarının yerləşdiyini əsas gətirərək, Binəqədi rayon Məhkəməsi, Apellyasiya Məhkəməsi və Ali Məhkəmənin qərarlarını Pirallahı rayonunda mübahisələndirməyə qərar veriblər. Məhkəməni aldatmaq üçün qüvvədə olan Bakı Apellyasiya Məhkəməsinin 19 iyul 2018-ci il tarixli 7(103)-1184/2018 nömrəli qərarı deyil, Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 7 may 2018-ci il tarixli (İş № 7(003)-1090/2018) qərarını təqdim ediblər.

Nədənsə, Pirallahı Rayon Məhkəməsi də aldanmağa meyilli olub və iş üzrə heç bir araşdırma aparmadan qərar qəbul edib. Bu isə hakim Rəşad Mustafayevin bu işdə nə qədər “maraqlı” olduğunun göstəricisidir.

Pirallahı Məhkəməsinin ədalətsiz qərarı nəticəsində mülklərin üzərindən həbs qərarını götüzdürməyə nail olan Yusifovlar onu tələsik satmağa girişiblər. İşin ən ilginc tərəfi isə həm də odur ki, dövlət nəfinə müsadirə olunmalı əmlak da qanunsuz qətnamə nəticəsində əldən çıxarılıb, nəticədə nə dövlət ona çatası maddi vəsaiti, nə də zərəçəkmiş şəxslər onlara dəymiş maddi zərəri geri ala biliblər.

Hakim Rəşad Mustafayev bir qətnamə ilə 100-dən çox zərərçəkəni və dövləti qarşısına almaqda, qanunları ayaqlamaqdan qətiyyən çəkinməyib...

“Vicdanlı alıcı”lar... kimlərdir?

“Plan” məhz bu cür qurulub: aidiyyəti olmayan bir rayon məhkəməsində gizli şəkildə əmlakların üzərindən həbsi götürmək və zərərçəkənlər xəbər tutana və iddia qaldırana qədər mülkləri “vicdanlı alıcıya” satmaq.

Bu məqsədlə Pirallahı Rayon Məhkəməsinin müvafiq qətnaməsi çıxarılmazdan əvvəl - 21 iyul 2018-ci il tarixində Zakir İslam oğlu Yusifovla (Zal Yusifovun atası) İmran Talıb oğlu Hüseynov arasında Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Stroydetal küçəsi, ev 40M ünvanındakı 0.04 ha torpaq sahəsində yerləşən 647.3 kv.m fərdi yaşayış evinin alqı-satqısı üçün qiyməti 400.000 manat olmaqla, ilkin müqavilə bağlanılıb. Sonra Pirallahı Rayon Məhkəməsinin 2(094)-341/2018 nömrəli, 3 iyul 2018-ci il tarixli qətnaməsi ilə müvafiq əmlakların üzərindən həbs götürülüb, gizli saxlandığı üçün qarşı tərəfin iddia müddətinin keçməsi gözlənilib və 1 may 2019-cu ildə Cəlal Zakir oğlu Yusifov (Zal Yusifovun böyük qardaşı) evə çıxarış alıb. 30 may 2019-cü ildə Cəlal Yusifov İslam Yusifova etibarnamə verib. 2 iyun 2019-cu ildə İslam Yusifov etiharnamə ilə sözügedən villanı 40-206 reyestr nömrəli, 2 iyun 2019-ci il tarixli alqı-satqı müqaviləsi əsasında 300.000 manat müqabilində Ramil Məhəmmədiyyə oğlu Mahmudova satıb. Bu alqı-satqı müqaviləsində İmran Hüseynov Ramil Mahmudovun nümayəndəsi kimi iştirak etməklə evi onun adına rəsmiləşdirib.

Göründüyü kimi, alıcı tərəf əmlakın həbsdə olmasını bilərək, təxminən 1 ilə yaxın müddət ərzində saxta yollarla əmlakın üzərindən həbsin götürülməsini gözləyib və nəticədə “öz istəyinə” nail olub.

Bütün bunlar zərərçəkənlərin saxtakarlıqdan xəbər tutub, məhkəməyə müraciət etməsindən sonra üzə çıxıb. Cavabdeh Ramil Mahmudov da məhkəmə iclaslarında verdiyi ziddiyyətli ifadələrlə saxtakarlığı dolayısı ilə təsdiq edib. Belə ki, Nəsimi Rayon Məhkəməsinin 13 mart 2024-cü il tarixli məhkəmə iclas protokoluna əsasən cavabdeh Ramil Mahmudov Zal Yusifovun oğlu İslamla su şirkətində birlikdə işlədiyini, İslam Yusifovun ona öz əmisinin əmlakını təklif etdiyini, Zalın həbsdə olduğunu bildiyini, lakin onun hansı səbəbdən həbs olunduğunu bilmədiyini deyib. Daha sonra Ramil Mahmudov əmlakı ona İmran Hüseynovun təklif etdiyini və əmlakı 2018-ci ildə aldığını qeyd etməklə daha bir saxtakarlığı etiraf edib. 2018-ci ildə, müqavilə bağlanarkən mülklərin üzərində həbs olub və təbii ki, bunu “alıcı” bilməyə bilməzdi. Digər tərəfdən, R.Mahmudov öz izahatında pulu hissə-hissə verdiyini qeyd edir, halbuki müqaviləyə əsasən pul notariusun depozit hesabına tam ödənilib.

Məlumat üçün bildirək ki, Ramil Mahmudov sabiq nəqliyyat naziri Ziya Məmmədovun qardaşı oğlu Namiq Məmmədovun xalası oğludur. Baş Prokurorluqda məsul vəzifədə çalışan Namiq Məmmədov İslam Yusifovla yaxın dost və biznes əlaqələri olduğu üçün ona dolayısı ilə dəstək verib. N.Məmmədov Zal Yusifovun “Texnikabank”da işləyərkən cinayət yolu ilə əldə etdiyi pullar hesabına inşa etdirdiyi villanı xalası oğlunun adına alqı-satqı etdirməklə Yusifovlar ailəsinə böyük bir jest edib.

Təəssüf ki, nə Nəsimi Məhkəməsində, nə də Apellyasiya Məhkəməsində Ramil Mahmudovun “vicdanlı alıcı” olduğunu iddia etdiyi evlə bağlı ekspertiza təyin edilməyib və orada kimlərin yaşaması, faktiki kimlərin istifadəsində olduğu aydınlaşdırılmayıb və ona da aydınlıq gətirilməyib ki, nəyə görə 2010-cu ildə müvafiq məhkəmə instansiyası tərəfindən 900 000 manat məbləğində qiymətləndirilən villa bu qədər ucuz qiymətə - 300 000 manata “satılıb”.

Məqsəd aydındır: “vicdanlı alıcı” alibisinin altına sığınmaqla, onlarla insanın halal haqqını qarşı tərəfə yedirtmək.

Əlbəttə ki, bütün bu oyunlar, vətəndaşların və dövlətin nəfinə müsadirə olunmuş əmlakı saxtakarlıqla ittiham olunmuş şəxsə qaytarıb, onun ziyanı ödəməsinin qarşısına keçmək “havayı” deyil.

7 ildir “satdığı” evdə yaşayır...

Daha bir maraqlı məqam: Zal Yusifov 2008-ci ildə həbs olunana kimi ailəsi ilə sözügedən - 300 min manata “satılan” - villada yaşayıb, həbsdən çıxandan sonra da ailə üzvlərinin yaşadığı həmin evə qayıdıb. Hazırda Zal Yusifov ailə üzvləri ilə birlikdə yenə həmin evdə yaşamağa davam edir. Bu, bir daha sübut edir ki, əmlakın satılması yalandır, əslində villa başqa adamın adına keçirilməklə, faktiki olaraq zərərçəkənlər qarşısında öhdəlikdən qaçılır və bu işdə də Pirahhalı Məhkəməsi müstəsna rol oynayır.

Yəni sonradan məhkəmə hakiminin sığındığı “vicdanlı alıcı” yalandır, saxtakarlığın məhkəmə tərəfindən qəbul edilməsidir. Nəsimi, daha sonra isə Apellyasiya Məhkəməsinin əqdlərin etibarsız hesab edilməsi ilə bağlı zərərçəkənlərin şikayətini “vicdanlı alıcı” amili ilə rədd etməsi, yumşaq desək, ədalətsizliyə qanuni don geyindirmək cəhdidir.

Bu da sübut!

Yusifovların əslində villanı satmadığı, zərərçəkənlərin vəsaitini ödəməmək üçün başqa ada keçirdiyi, yenə də o villada yaşamağa davam etdiyini sübut etmək üçün martın 6-da çəkiliş qrupumuzla Zal Yusifova məxsus villanın yerləşdiyi Stroydetal küçəsində olduq. Sakinlərin yolların baxımsızlığından şikayət etdiyi ərazidə, bir-birinə yaxın evlərin arasında öz görkəmi və nəhəngliyi ilə seçilən həmin ev-villada Zal Yusifovun yaşadığını qonşular da təsdiqlədi. Bildirdilər ki, Zal Yusifovun ailəsi uzun illərdir ki, burada yaşayır. Həbsdən çıxdıqdan sonra Zal və İslam Yusifovlar da bu evə yerləşiblər. Qonşular hər gün Zal Yusifov və ailə üzvləri ilə burada rastlaşdıqlarını, üz-üzə gəldiklərini qeyd etdilər.

Qonşularla söhbətlərimizdən o da məlum oldu ki, Zal Yusifov, onun oğlanları Zəki və İslam, eyni zamanda ailə qurmuş böyük qızı da həmin evdə yaşayıblar. Ötən ilin sonlarında Yusifovların vəfat edən kiçik oğlu Zəki Yusifovun yas mərasimi də burada keçirilib.

Qonşuların sözlərinə görə, İslam Yusifov da həyat yoldaşından ayrıldıqdan sonra atası Zal Yusifovla birlikdə bu evdə yaşamaqda davam edib.

Dəqiqləşdirmək üçün qapını döydük və bir müddətdən sonra qapı açıldı, Zal Yusifovun həyat yoldaşı Bahar Yusifova idi.

Zal Yusifovun həyat yoldaşı nələri etiraf etdi?

Bahar Yusifova dedi ki, 20 ildir burada yaşayırlar. O, sualımıza cavab olaraq, yol və kanalizasiya sistemindən şikayətləndi (yol və kanalizasiya ilə bağlı suallar məqsədli verilib –red.)

Dedi ki, tez-tez kanalizasiya problemi olur, yağış yağdıqda ətrafda çoxsaylı gölməçə əmələ gəlir, həyətlərə su yığılır:

“Hər qapıdan çıxanda öz-özümə danışıram ki, ay Allah, buraları nə vaxt düzəldəcəklər?! Yol çox pisdir, çöküb. Evin qarşısına da özümüz qır tökdürmüşük. Su kanalizasiyaya axmır, yollarda qalır. Hər dəfə kanalizasiya problemi olduqda bununla bağlı zəng edirik, gəlib tutulmuş boruları açırlar. 7-8 il əvvəl kanalizasiya ilə bağlı qurumlara bildirmişdik, qonşular ərizə də yazmışdılar. Demişdilər ki, kanalizasiya sisteminin yenilənməsi nəzərdə tutulub”...

P.S. Yəqin ki, bu sübutdan sonra Apellyasiya Məhkəməsi “vicdanlı alıcı” yanaşması ilə zərərçəkənlərin yüzminlərlə vəsaitini bir şəxsə yedirtməyin ədalətsiz olduğu faktını etiraf etməli olacaq.

Ümid edək...

P.P.S. Növbəti araşdırmamızda Yusifovlar ailəsinin “vicdanlı alıcı”lara “satdığı” digər əmlaklarla bağlı məlumatları təqdim edəcəyik.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 May 2025

03 May 2025

BÜTÜN XƏBƏRLƏR