İnsanlara hürriyət, millətlərə istiqlal!

Həbsdəki “mahmudovçu” generalın azadlıq istəyi növbəti dəfə rədd edildi 

Milli Təhlükəsizlik Nazirliyinin (MTN 2015-ci ildə ləğv olunub - E.M) Antiterror Mərkəzinin rəisi, general-mayor rütbəsi alınmış Elçin Quliyev israrla vaxtından əvvəl azadlığa çıxmaq istəyir.

Generaldan əsgər rütbəsinə endirilmiş Elçin Quliyevin sonuncu, eyni məzmunlu 5-ci müraciətinə Xəzər rayon Məhkəməsində hakim Hüseyn Hüseynlinin sədrliyi ilə baxılıb.

E. Quliyev cəzasının əksər hissəsini çəkməsini və digər halları nəzərə alaraq, cəzadan şərti olaraq azad edilməsini xahiş edib. Hakim məhkum Elçin Quliyevin müraciətini əsaslı hesab etməyib, onun cəzasını çəkməsinə yol açan qərar verib.

Xatırladaq ki, Elçin Quliyevin sonuncu şikayətinə bu ilin yayında baxılıb.

O və həyat yoldaşı Xəzər rayon Məhkəməsinə müraciət etməklə Elçin Quliyevin vaxtından əvvəl şərti olaraq azadlığa buraxılmasını istəmişdilər. O zaman müraciətə Xəzər rayon Məhkəməsində hakim İlham Cəfərzadənin icraatında baxılmışdı. Həmin müraciətində Elçin Quliyev səhhətində olan problemlərlə əlaqədar cəzadan azad edilməsini xahiş edirdi. Məhkəmə məhkumun xəstəliyini müəyyən etmək üçün ekspertiza təyin etmişdi. Lakin müraciətə yenə də müsbət cavab verilməmişdi. Elçin Quliyev Bakı Apellyasiya Məhkəməsinə üz tutmuşdu. O, Xəzər Rayon Məhkəməsinin vaxtından əvvəl azadlığa buraxılması ilə qərarını mübahisələndirib. Lakin Bakı Apellyasiya Məhkəməsi birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlayıb, Elçin Quliyevin şikayətini təmin etməyib. Məhkəmə hesab edib ki, 10 il 6 ay azadlıqdan məhrum edilmiş Elçin Quliyevin məntəqə tipli cəzaçəkmə müəssisəsinə köçürülməsi mümkün deyil. Məhkum Elçin Quliyev cəzasının 2/3 hissəsini çəksə belə, ciddi rejimli cəzaçəkmə müəssisəsində saxlanıldığı üçün yeri dəyişdirilə bilməz. Qanuna görə, yalnız ümumi rejimli cəzaçəkmə müəssisində saxlanılan şəxs məntəqə tipli cəzaçəkmə müəssisəsinə köçürülə bilər. Bundan əvvəl Xəzər Rayon Məhkəməsi də eyni səbəbdən müraciəti geri qaytarmışdı. Yuxarı instansiya məhkəməsi də şikayəti əsassız olduğundan rədd edib. Qeyd edək ki, məntəqə tipli cəzaçəkmə müəssisəsində saxlanılan şəxs müəyyən vaxtlarını azadlıqda keçirə bilir.

Bəs Elçin Quliyev hansı əməllərinə görə həbsdədir?

Bu suala ən yaxşı cavab vaxtilə onun müavini olmuş polkovnik İlqar Əliyevin istintaqa verdiyi ifadədə yer alır. İlqar Əliyev Elçin Quliyevdən fərqli olaraq MTN-dəki “təmizləmə” əməliyyatı başlayandan dərhal sonra qandallanmışdı. Elçin Quliyevin özünü isə həbs etməmişdilər, MTN Akademiyasına müəllim göndərmişdilər. Az sonra İlqar Əliyev saxlanıldığı Bakı İstintaq Təcridxanasından “bildiklərimi danışacağam” ismarıcları verməyə başladı. Az keçmədi ki, təcridxana kamerasında asılmış cəsədi aşkarlandı. Həmin vaxt həbsdə olan, Bakı İstintaq Təcridxanasında saxlanılan MTN-in İdarə rəisi Akif Çovdarov məhkəmədə İlqar Əliyevin döyülərək öldürüldüyünü, sonradan isə asıldığını açıqladı. Ardından Elçin Quliyevin İlqar Əliyevin yasına qatılaraq orada bildiklərindən danışdığı xəbəri gəldi. Bundan sonra isə onu MTN Akademiyasındakı müəllim vəzifəsindən çıxarıb qandalladılar. Yeri gəlmişkən, bunun üçün xeyli əsaslar vardı.

Elçin Quliyevin həbsindən sonra bəlli olurdu ki, İlqar Əliyev istintaqa onun barəsində bir xeyli ifşaedici məlumatlar verib. Elə Elçin Quliyev və 3 MTN zabitinin işi üzrə məhkəmə araşdırmaları aparılarkən aydın oldu ki, bir çox epizodlarda İlqar Əliyevin adı hallanır. İlqar Əliyev də digər həbs edilən MTN zabitləri kimi saxlanıldıqları ilk gündən istintaqa ifadə veriblər. İlqar Əliyevin ifadəsini 3 may 2017-ci ildə Musavat.com-da “MTN polkovnikinin intihardan əvvəl verdiyi sensasion ifadə yayıldı - Eldar Mahmudov...” sərlövhəsi altında yaymışdıq.

İlqar Əliyev qeyd edilən ifadəni 2015-ci il dekabrın 15-də, saxlanıldığı Bakı İstintaq Təcridxanasında verib. 5 gün sonra, dekabrın 20-də saxlanıldığı kamerada asılmış cəsədi aşkarlanıb. Təqsirləndirilən şəxs qismində ifadə verərkən İlqar Əliyev sabiq nazir Eldar Mahmudovun əməllərini ifşa edib. O, zərərçəkmiş Maqsud Mahmudovun epizodu üzrə ifadə verərkən deyib ki, sabiq nazir Eldar Mahmudov Tərlan adlı şəxs barəsində təqsirləndirici material toplanması barədə baş idarə rəisi Elçin Quliyevə şifahi göstəriş verib. Elçin Quliyev də bu məsələ ilə məşğul olmağı ona tapşırıb.

İlqar Əliyev sabiq nazirin əmrini necə yerinə yetirmələrini belə izah edib:

“Mən də Tərlan adlı şəxsin istifadəsində olan telefon danışıqlarına dair məlumatları əldə edərkən, onun Mark Şamilov adlı bir şəxslə konfliktinin olduğunu müəyyən etdim. Bundan sonra Markı MTN-ə dəvət edərək Tərlanın qanunsuz əməlləri barədə məlumat əldə etdik. Bu barədə sabiq nazirə məruzə edildi. Daha sonra Tərlan adlı şəxs Bakı şəhər prokurorluğunda aparılan cinayət işi üzrə həbs olundu. Sonra bizə kömək edən Mark Şamilov isə Maqsud Mahmudov adlı şəxsin onun torpaq sahəsini zəbt etdiyini bildirərək köməklik etməyimizi xahiş etdi”.

MTN-də iş adamı Maqsud Mahmudovdan hədə-qorxu ilə pul alındığını etiraf edən İlqar Əliyev ifadəsinə bunları əlavə edib:

“Daha sonra Elçin Quliyevə məruzə edərək razılığını aldıqdan sonra Maqsud Mahmudovu MTN-ə dəvət etdik. Bu işi Antiterror mərkəzinin əməkdaşı Azər Mehdiyevə tapşırdım. Sonra Antiterror mərkəzinin zabiti Ayaz Gərayzadə Maqsudun onun tanışı olduğunu deyərək kömək etməyimizi xahiş etdi. Azər Mehdiyev Maqsudu dəvət etdikdən sonra xidməti otağında ona hədə-qorxu gəlmişdi. Buna görə də Maqsudun otaqda halı pisləşmişdi. Azər yanıma gələrək Maqsudun 50 min dollar vermək istədiyini bildirdi. Mən də bu barədə Elçin Quliyevə məruzə etdim. Elçin Quliyev isə 50 min dolların az olduğunu, 200 min verilməsini tələb etdi. Azər yenidən gələrək Maqsudun 150 min dollardan artıq pul verə bilməyəcəyini dedi. Elçin Quliyev də mənim yanımda sabiq nazirə məruzə edərək çağırdıqları Maqsud adlı şəxsin 150 min dollar verə biləcəyini bildirdi.

Sabiq nazir də razılıq verərək Maqsudun MTN-dən çıxmasına icazə verdi. Mən də bu barədə Azərə bildirərək Maqsudun MTN-dən çıxmasına icazə verdim. Maqsud ödəməli olduğu pulları bir neçə dəfəyə gətirərək Azərə verdi. Azər də öz növbəsində mənə verdi. Hətta bəzi vaxtlarda Maqsud pulları vaxtında verə bilməyəndə pulun əvəzinə Ayaz Gərayzadə vasitəsi ilə brilyant və ya digər qızıl-zinət əşyaları göndərirdi. Mən isə hər dəfə həmin əşyaları Ayazın özünə qaytararaq, Maqsudun söz verdiyi pulları gətirməsini tələb edirdim. Maqsudun pulları gətirməyəcəyindən ehtiyatlanaraq onun ölkədən çıxışına qadağa qoymuşduq”.

Polkovnik qeyd edib ki, iş adamı Maqsud Mahmudov iki ay ərzində 150 min dolların cəmi 120 minini verib.

İlqar Əliyev iş adamından alınan 120 min dolların necə bölünməsi haqda da danışıb. O, ifadəsində deyib ki, general Elçin Quliyevə, Eldar Mahmudova 120 min dolları məruzə edib. Sabiq nazir həmin puldan 70 min dolların köməkçisi Vüqar Mahmudova verilməsini, qalan 50 min dolların isə baş idarə daxilində bölünməsini tapşırıb.

“Elçin Quliyev 70 mini Vüqar Mahmudova göndərdi. 20 mini özü götürdü, 10 mini mənə verdi, 10 mini isə öz aralarında bölmələri üçün Azər Mehdiyev və Ramil Hümbətova verdi. 10 min dollarını isə ərizəçi Mark Şamilova verməsi üçün Ramil Hümbətova verdi” - deyə İlqar Əliyev ifadəsinin sonunda deyib.

Qeyd edək ki, Elçin Quliyev 2015-ci ildə həbs edilib.

Bakı Hərbi Məhkəməsinin hökmü ilə general 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Məhkəmə onun rütbədən məhrum edilməsi barədə ölkə Prezidentinə təqdimat göndərilməsi haqqında qərar qəbul edib. Elçin Quliyevə qarşı Dövlət Təhlükəsizliyi Xidmətinin 7 milyon manatlıq mülki iddiası təmin olunub. Təqsirləndirilən şəxsin üzərinə həbs qoyulmuş mülklərinin müsadirə olunması barədə də qərar qəbul edilib.

E.MƏMMƏDƏLİYEV,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR