Onlayn ictimai-siyasi qəzet
Xəbər verdiyimiz kimi, UFC-nin sabiq döyüşçüsü Həbib Nurməhəmmədov Amerika Hava Yollarına məxsus təyyarədən düşürülüb.
Musavat.com xəbər verir ki, onun təyyarədən düşürülməsinə səbəb stüardessa ilə dava etməsi olub.
Belə ki, idmançıya təcili çıxışın yanında yer verilib. Stüardessa Həbibdən fövqəladə hallar zamanı sərnişinlərə kömək etməyə hazır olub-olmadığını soruşub. Nurməhəmmədov cavab olaraq mızıldanıb, sonra stüardessa ondan başqa yerə keçməyi xahiş edib. Lakin idmançı bu xahişə tabe olmayıb. Nəticədə mübahisə yaranıb. Kabinəyə nəzarətçi çağırılıb və Həbibdən təyyarəni tərk etməsi istənilib.
İdmançı instaqram hesabında bununla bağlı yazıb:
“İlk olaraq qeyd edim ki, “Alaska Airlines” yox, “Frontier Airlines” idi. Mənə sualla yaxınlaşan qadın çox kobud idi. Baxmayaraq ki, ingilis dilində çox yaxşı danışıram və başa düşürəm, o, buna məhəl qoymayaraq, məni yerimdən durquzmaq üçün əlindən gələni etdi. Buna irqçilik, millətçilik və ya başqa nəyinsə səbəb olduğunu dəqiq deyə bilmərəm. Uzun danışıqlardan sonra o, mühafizəni çağırdı və məni təyyarədən düşürdülər. Saat yarım sonra mən digər təyyarəyə mindim. Sakitliyi qorumaq və təxribata çəkilməmək üçün hər şeyi etdim. Düşünürəm ki, insanlara qarşı xeyirxah olmaq lazımdır”.
Şahanə Rəhimli
Musavat.com
13 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ