Onlayn ictimai-siyasi qəzet
Mütəxəssislərin fikrincə, hava insanın həm aktivliyinə, həm də qidalanmasına təsir edir. Arıqlamaq heç vaxt asan olmur, lakin məşqçi və dietoloqlar hesab edir ki, ən əlverişli zaman yay fəslidir – isti hava, bol günəş işığı və uzun gündüz saatları bu prosesi asanlaşdırır.
Lent.az xarici mətbuata istinadla bildirir ki, dietoloq Tanvi Dalal və şəxsi məşqçi Emma Qreyvs arıqlamağın isti havada niyə daha asan olduğunu izah edən 4 əsas səbəbi qeyd ediblər:
1. Daha çox hərəkət imkanı
Dalal bildirir ki, yayda günlər daha uzun olur, bu da hərəkət üçün əlavə vaxt deməkdir – səhər gəzintisi, axşam velosiped sürmək və ya parkda idmanla məşğul olmaq daha rahat olur.
Qreyvs əlavə edir
"Gün işığının müddəti artdıqca beynimiz günün hələ davam etdiyini hiss edir və biz məşq etmək, ünsiyyət qurmaq və ya hobbilərlə məşğul olmaq üçün daha çox motivasiya tapırıq".
2. Daha çox enerji
Yayda insanlar özlərini qış aylarına nisbətən daha enerjili hiss edirlər. Hər iki ekspert bu faktın elmi izahı olduğunu qeyd edir.
Dalal deyir:
"Günəş işığına məruz qalmaq orqanizmdə D vitamini istehsalını artırır, bu da metabolizmin və enerji səviyyəsinin yaxşılaşmasına səbəb olur".
Qreyvs əlavə edir ki, səhər günəş işığı (məsələn, gəzinti zamanı) sirkadiyalı ritmləri tənzimləməyə kömək edir. Bu isə yuxunun keyfiyyətini artırır, nəticədə daha çox enerji və idmana motivasiya yaranır.
3. Məşq yoldaşı tapmaq daha asandır
Ekspertlər bildirirlər ki, yayda insanlar daha çox sosiallaşdıqları üçün məşq yoldaşı tapmaq da daha asan olur. Parklarda açıq hava idmanları həm sağlamlıq, həm də sosial əlaqələr üçün əla fürsətdir.
4. Daha sağlam qidalara meyil artır
Qışda insanlar daha çox kalori və yağla zəngin, doyurucu yeməklərə üstünlük verirlər. Lakin hava istiləşdikcə orqanizm daha yüngül qidaları istəyir.
Qreyvs deyir
"Havanın temperaturu artdıqca bədən daha yüngül və az kalorili qidaları seçməyə meylli olur. Həzm prosesi istilik yaradır, buna görə də yayda orqanizm iştahanı bir qədər azaldır. Bu da bizi daha çox sərinləşdirici içkilər, meyvələr və salatlar kimi asan həzm olunan qidalara yönəldir".
28 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ