İnsanlara hürriyət, millətlərə istiqlal!

Halal dərmanlarla bağlı qaydalar: keyfiyyətə zəmanət, yoxsa...

Aydın Əliyev: “Dərmanların təsiri aşağıdır, keyfiyyəti yoxdur, bu elə haramlıqdır”

Xəbər verildiyi kimi, İqtisadiyyat Nazirliyi yanında Antiinhsiar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu tərəfindən AZS OIC/SMIIC 50-1:2023 “Halal dərman vasitələri – 1-ci hissə – ümumi tələblər” dövlət standartı qəbul edilib. Qurumdan verilən məlumata görə bu standart İslam Qaydaları əsasında halal dərman vasitələrinin istehsalı və daşınması zamanı əsas tələbləri müəyyənləşdirir və bu sahədə ixtisaslaşan təşkilatların istifadəsi nəzərdə tutulur. Standart, halal dərman məhsulları üzrə halal statusunun qorunub saxlanılmasını təmin edəcək və istehlakçıların bu növ məhsullara olan etimadının yüksəlməsinə töhfə verəcək. Dövlət standartı hazırlanarkən Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi ilə rəsmi qaydada razılaşdırılıb.

Qeyd edək ki, bu xəbər çıxar-çıxmaz ictimaiyyət arasında geniş müzakirələrə səbəb oldu. Əsas sual isə ondan ibarətdir ki, bu dəyişiklik dərmanların keyfiyyətinə təsir edəcəkmi? Yeri gəlmişkən, səhiyyə naziri Teymur Musayev halal dərman vasitələri haqqında qəbul edilən standartlarla bağlı məsələyə münasibət bildirib.

Musavat.com-un xəbərinə görə, o, jurnalistlərə açıqlamasında deyib ki, “Dərman vasitələri haqqında” qanunun tətbiqi ilə bağlı xüsusi qaydalar hazırlanıb və Nazirlər Kabinetinə təqdim edilib: “Hər kəsi səbirli olmağa çağırıram, çünki yeni qaydalar müasir tələblərə cavab verir. Nəticə ölkəyə yüksək keyfiyyətli dərmanların gətirilməsini asanlaşdıracaq”.

Onu da qeyd edək ki, bu standart İslam Qaydaları əsasında halal dərman vasitələrinin istehsalı və daşınması zamanı əsas tələbləri müəyyənləşdirir və bu sahədə ixtisaslaşan təşkilatların istifadəsi nəzərdə tutulur. Standart, halal dərman məhsulları üzrə halal statusunun qorunub saxlanılmasını təmin edəcək və istehlakçıların bu növ məhsullara olan etimadının yüksəlməsinə töhfə verəcək.

Farmakoloq, dosent Aydın Əliyev mövzu ilə bağlı Musavat.com-a dedi ki, son dövrlər xaricdən gətirilən dərmanların əksəriyyəti barədə əhali narazılıq edirdi:

8a6d4b4322f2802f151983a2a504db45.jpg (24 KB)

“Dərmanların keyfiyyətindən, təsirindən narazıdırlar. Bunun özü elə haramlıqdır. Halallıq hər yerdə lazımdır. Halallıq təkcə ət və digər qida məhsullarında lazım deyil, o cümlədən dərmanda da olmalıdır. Nazir də çıxışında xüsusi vurğuladı ki, ölkəyə keyfiyyətli dərmanların gətirilməsini asanlaşdırılacaq. Bununla belə, halallığa çatmaq üçün özümüzün dərman zavodlarımız olmalıdır, özümüz istehsal etməliyik. Xammalı da öz məhsullarımız olmalıdır. Yəni dərmanlar həm keyfiyyətli olmalıdır, tərkibi bilinməlidir, vaxtı keçmiş olmamalıdır, qiymət düzgün olmalıdır, yəni xaricdə ucuz, bizdə baha olmamalıdır. Bütün bunlar kompleks şəkildə halallıq standartını ehtiva edir”.

Ekspert əlavə edib ki, dərmanla bağlı sırf xaricdən asılı vəziyyətə düşürük:

“Xaricdən asılı olmaq təkcə dərmanların maddi asılılığı da demək deyil. O dərmanların keyfiyyətindən də asılı vəziyyətə düşürük. O dərmanlar adına uyğun keyfiyyətdə bizə gəlirmi? Tərkibi yazıldığı kimidirmi? Çox sayda problemlər var. Bu problemlərin hamısının qarşısında sahibkarların da gücü çatmayacaq. Avtomatik olaraq qiymətlərin artması baş verir. Digər tərəfdən, sahibkarların özləri də etiraf edirlər ki, ayrı-ayrı idarələrdən asılıdırlar. O asılılıqlar aradan götürülməlidir. Dərmanlar birbaşa ölkəyə gəlməlidir, bizim dərman ekspertiza idarəsindən keçəndən sonra apteklərə ötürülməlidir”.

Afaq Mirayiq,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR