Onlayn ictimai-siyasi qəzet
Türkiyənin Avropa İttifaqına (Aİ) üzv olmaq üzrə strateji baxışı qüvvədə qalır, lakin Aİ-nin belə bir dialoq aparmaq üçün görünən siyasi iradəsi yoxdur.
Bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan ispaniyalı həmkarı Xose Manuel Albareslə danışıqlardan sonra Ankarada keçirdiyi mətbuat konfransında deyib.
“Türkiyə öz gələcəyini Avropada görməkdə davam edir. Prezidentimizin əvvəllər də təsdiq etdiyi kimi, Ankaranın Aİ-yə daxil olmaq ilə bağlı strateji baxışı dəyişməyib. Avropa İttifaqının ayrı-ayrı ölkələri ilə əlaqələri inkişaf etdirmək bizim üçün daha asan ola bilər, amma Aİ ilə münasibətlərin inkişafı konsensus qərarlarının qəbulu ilə bağlıdır. Bu, "həmişə bizim xeyrimizə olmur.
Danışıqlar prosesinin aparılması üçün əsas Aİ ölkələrinin siyasi iradəsi lazımdır. İradə 2004 və 2005-ci illərdə olub, lakin sonra eroziyaya məruz qalıb, yerini Türkiyəyə qarşı fərqli siyasi mövqeyə verib”, - Fidan bildirib.
Nazir xatırladıb ki, Brüssellə danışıqlar prosesinin gündəmində həll olunmamış məsələlər, xüsusən də gömrük ittifaqının genişləndirilməsi, ticarət əlaqələri, viza rejiminin liberallaşdırılması, miqrasiya siyasəti var.
"Bu mövzularda Aİ ilə fəal işləməliyik, lakin təəssüf ki, hazırkı şərtlərdə bu məsələləri Avropa İttifaqı ilə istədiyimiz kimi həll edə bilmirik", - Fidan əlavə edib.
“Yaxın vaxtlarda Avropa Parlamentinə seçkilər keçiriləcək və buna görə də Avropanın siyasi mövqelərində müəyyən dəyişikliklər olacağı gözlənilir”, - xarici işlər naziri davam edib. “Amma inanırıq ki, seçkilərin nəticələrindən asılı olmayaraq, Aİ ilə münasibətlərimiz daha müsbət istiqamətdə inkişaf edə bilər”, - Fidan vurğulayıb.//Report
27 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ